Kipr ABŞ, İsrail və Britaniya şirkətlərinə ultimatum verdi: 3 ay müddətində...

Kipr hakimiyyəti Şərqi Aralıq dənizində “Afrodita” qaz yatağının işlənməsində iştirak edən üç böyük enerji şirkətinin müqaviləsini ləğv etməklə hədələyib.

Musavat.com xəbər verir ki, bu barədə “Phileleftheros” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İsrailin NewMed Energy şirkəti (qısaldılmış NewMed, əvvəllər Delek Drilling kimi tanınır) Təl-Əviv Birjasına bu təhlükə barədə məlumat verib. Məlumatın mahiyyəti ondan ibarət idi ki, avqustun 25-də Kiprin energetika, ticarət və sənaye naziri Giorgos Papanastasiou NewMed-in özünü, həmçinin konsorsiumun bir hissəsi olan Amerikanın Chevron və Britaniyanın Shell şirkətlərinəməktub göndərib. Məktubda deyilir ki, hər üç şirkətə 2019-cu ildə konsorsiumun xarici üzvlərinin maraqları naminə düzəliş edilmiş ilkin müqavilənin şərtlərinin pozulmasını aradan qaldırmaq üçün üç ay vaxt verilir.

Kiprli nazir tərəflərə açıq şəkildə bildirib ki, bu şərtə əməl edilməməsi rəsmi Nikosiyaya konsorsiuma verilmiş lisenziyanı ləğv etmək hüququ verəcək və bununla da tərəfdaşları yatağın işlənməsi hüquqlarından məhrum edəcək.

Bununla əlaqədar olaraq, NewMed konsorsiumun yaxın günlərdə Kipr hökumətinin təsdiqinə qaz üçün “yenilənmiş inkişaf və hasilat planı” təqdim etmək niyyətində olduğunu və bu planın ilkin variantda yer alan şərtlərə əsaslandığını açıqlayıb.

Qəzetdə yazılana görə, Kipr hakimiyyətinin iddiaları konsorsiumun yataqda tədqiqat və layihələndirmə işlərini müqavilədə nəzərdə tutulan müddətdə başa çatdırmamasına görə yaranıb. Bu hal, ada dövlətinin fikrincə, Afrodita qaz yatağının istismarı ilə bağlı gələcək yekun investisiya qərarına (FID) mənfi təsir göstərə bilər.

 

Musavat.com

27.08.2024 01:11
674