Nazirin açıqlamasından bir daha aydın olur ki, bu gün ali məktəblərdə bəzi fənlərin keçirilməsinə gərək yoxdur
Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 8-də Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş “Biliyi dəyərə çevirən sinerji” adlı paneldə çıxışı zamanı bildirib ki, ali təhsil müəssisələrində proqramların yenilənməsi daima gündəmə gəlir. Nazirin sözlərinə görə, universitetlərdə keçirilməməsi gərəkən fənlər var və dəyişikliyə hazırlıq olarsa, bu fənlərdən imtina edilə bilər.
Nazirin açıqlamasından bir daha aydın olur ki, bu gün ali məktəblərdə bəzi fənlərin keçirilməsi məqsədəuyğun deyil.
Maraqlıdır, onlar hansı fənlərdir? Həmin fənlər proqramdan çıxarıla bilər?
Qulamhüseyn Əlibəyli
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Qulamhüseyn Əlibəyli deyir ki, məsələyə ixtisas nöqteyi-nəzərindən baxılmalıdır: "Hər bir ixtisasın müəyyən fənləri var. O fənlər həmin ixtisas üçün əhəmiyyət kəsb edir. Bəzi fənlər isə ikinci dərəcəli rol oynaya bilir. Konkret onların hansı fənlər olduğunu deyə bilmərəm. Lakin hesab edirəm ki, humanitar sahələrdə elə fənlər var ki, onlar ya birləşdirilə, yaxud da proqramdan çıxarıla bilər. Çünki tələbənin ixtisasına hər hansı bilgi vermir. Bu fənlərin verdiyi bilgi tələbənin sonrakı elmi-praktiki fəaliyyətində lazım olmur, yaxud da az əhəmiyyət kəsb edir. Ona görə də hər bir ixtisas üzrə proqramlara yenidən baxılmalıdır. Müasir dövrümüzdə xeyli dəyişikliklər var. Həmin dərs proqramları uzun müddət əvvəlki dövrlər üçün hazırlanıb.
Hesab edirəm ki, nazir bu məsələdə haqlıdır. Müəyyən fənlərin tədrisi proqramına yenidən baxılmalıdır. Qaydaya görə hər 5 ildən bir baxılır, çox vaxt isə əvvəlki proqramlar olduğu kimi təsdiq olunur".
Elçin Əfəndi
Təhsil üzrə ekspert Elçin Əfəndi deyir ki, bu mövzu problemli məsələlərdən biridir: “Tələbələrə əsas ixtisas fənləri ilə paralel olaraq, qeyri-ixtisas fənləri də tədris olunur. Halbuki qeyri-ixtisas fənləri tədris olunmasa, tədris ili 4 il yox, 3 ilə enə bilər. Çünki biz ümumi kredit və fənlərin sayına baxsaq, orada müəyyən ixtisarlar aparmaqla ali təhsilin bakalavr pilləsində ən azı minimum tədris prosesi mümkün olar. Nazir də bu amili nəzərə alır. Məsələn, kimsə informasiya texnologiyaları üzrə təhsil alırsa, həmin şəxslərə fəlsəfə, tibbi biliklər, mülki müdafiə və digər fənlərin tədrisi doğru deyil. Çünki mülki müdafiə və ilkin tibbi biliklər onsuz da orta məktəblərdə tədris olunur. Bu istiqamətdə bilik və bacarıqlar formalaşır. Pedaqoji ixtisaslarda müəyyən fənləri saxlamaq olar, digər texniki ixtisaslarda qeyri-ixtisasa aid fənlərin tədrisi dayandırılmalıdır. Peşəkar kadrın yetişməsi üçün ona konkret ixtisas bilikləri öyrədilməlidir.
Tələbələr 4-cü kursda yalnız 3 aylıq istehsalat təcrübəsi keçirlər. Bu isə kifayət etmir. Əgər biz qeyri-ixtisas fənlərini ləğv etsək, tədris 3 il olar və yerdə qalan bir ili təcrübəyə həsr edərlər. Bu məsələni diqqətdə saxlamaq olar".
Şahanə RƏHİMLİ,
Musavat.com