Azərbaycanda əmək pensiyası yaşı kişilərdə 65, qadınlarda isə 2024-cü ilin iyun ayının 30-dək 63 il 6 ay olsa da, bu, heç də hamıya aid deyil. Belə ki, bəzi sahələrdə çalışan şəxslərin pensiya yaşı 5 ildən 15-dək azaldılır.
Maraqlıdır, bəs, bu, kimlərə aiddir?
Hüquqşünas Sahib Məmmədov bildirib ki, zərərli iş yerlərində işləyənlər müvafiq stajı yığdıqdan sonra vaxtından əvvəl güzəştli şərtlərlə əmək pensiyasına çıxa bilərlər:
“Bu siyahıya dağ-mədən işçiləri, kimya sənayesi, metallurgiya, hətta səhiyyənin riskli hesab edilən sahələrində fəaliyyət göstərənlər daxildir. Onlar sözügedən güzəştli hüquqdan istifadə edə bilərlər”.
Qanunvericiliyə görə, həmçinin müəyyən şərtlərlə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar, hərbçilər, prokurorluq, ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında işləyənlərin də güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Bundan başqa, beş və daha çox uşaq dünyaya gətirənlərin, övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək böyütmüş qadınların da erkən yaşda pensiyaya çıxması mümkündür. Eyni zamanda əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara eyni hüquq verilir.
Ətraflı Baku TV-nin süjetində: