Kimdir müqəssir: tələsən sürücülər, yoxsa ərinən piyadalar?

Bakıda, Bayılda jurnalistlərin yaşadığı binadan “Azneft” meydanına qədər üç yeraltı keçid var. Hər gün o yoldan istifadə edənlər hal şahididir: nə qədər piyada düz keçidlərin üstü ilə qarşı tərəfə, avtobus dayanacağına keçir.

O yeraltı keçidlərdən istifadə edənlər də çoxdur. Məsələn, hər yüz adamdan 70-80-ni 30 addım artıq atır, yeraltı keçiddən təhlükəsiz şəkildə qarşı tərəfə keçir, ən çoxu 2 dəqiqə vaxt itirirlər.

Ancaq yeraltı keçidin üstü ilə keçənlər o 2 dəqiqə və 30 (lap olsun 130) addımdan ötrü həyatlarını riskə atır, bəzən həyatlarını itirirlər.

Yaxşı ki, o yolda sürət həddi 60-dır və gerilərdə işıqfor var deyə, yolda nəqliyyatın intensiv hərəkətində qısa fasilələr əmələ gəlir, tələsən və ərincək piyadalar o fürsətdən istifadə edirlər.

Şütüyən maşınların birini buraxıb, o birinin önündən qaçaraq keçənlər də olur. Sürət həddi 70 olan vaxtlarda düz bu yeraltı keçidlərin üstündə piyadaların vurulması ilə nəticələnən qəzalar baş verib.

Bu, ona görə olur ki, sürücülərin hamısı intizamlı və məsuliyyətli deyil, o yolda 100+ sürətlə şütüyənlər də var və onlar arın-arxayın şəkildə qarşı tərəfə keçmək istəyənləri yolun ortasında haqlayırlar.

Bu, bir acı gerçəkdir: bu ölkədə insanlar avtomobildən qorxmurlar. Xüsusilə də, əl boyda siçovuldan qorxub diksinən qadınlar yol keçərkən üstlərinə gələn avtomobildən ya çəkinmirlər. ya da “keçim, keçməyim” deyə tərəddüd edirlər və bu, ağır nəticələrə səbəb olur.

Məsuliyyətsiz, harınlamış, insan həyatını heçə sayan sürücülərlə yanaşı, avtomobili normal idarə edən sürücülərin də başına az qala hər gün bu cür hadisələr gəlir.

Bir çox ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də hələ köhnə bir stereotip var: əgər piyadanın vurulması ilə yol qəzası baş veribsə, günah həmişə 100 faiz sürücüdədir. Nə vurulanın qohumları, nə də hüquq-mühafizə orqanları heç bir müstəsna hal tanımırlar.

Bu günlərdə bir yaxın adamın başına elə bir hadisə gəlib. Yaşayış məntəqəsinin içində, gecənin qaranlğında, dar yolda piyada qəfildən sürücünün önünə çıxıb, onun hadisədən qaçmaq üçün bir saniyə vaxtı olub, amma bu, yetməyib, faciəvi qəza baş verib.

Sürücü şokda, vəfat edən piyadanın yaxınları yasdadır. Hər iki tərəfin həyatı qaralıb. Ölən adamı yaxınları hadisəni qəzavü-qədərə bağlayır, şikayətçi deyillər, amma sürücü özünü bağışlaya bilmir.

Əgər həmin nahiyədə yolda işıqlandırma sistemi və piyada zolağı olsaydı, bu faciə baş verməzdi.

İndiyədək çox belə hadisələr olub: bir yerdə ard-arda qəzalar baş verəndən sonra gətirib o yerə ya işıqfor qoyublar, ya da piyada zolağı çəkiblər, sürət həddini endiriblər, beləcə, sonrakı qəzaların qarşısını alıblar. Ancaq bu, daha əvvəl o yolda qırılan həyatları geri qaytarırmı? Xeyr.

Deməli, birincisi, ehtiyat tədbirlər öncədən görülməlidir, ikincisi, təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.

Yuxarıda bəhs etdiyim yolda (Bibiheybət məscidi-“Azneft” meydanı) sürücülərin yüzdə yetmişi 70+ sürətlə hərəkət edirlər. Bunu bilmək asandır. Əgər bir sürücü özü o yolda -70-lə hərəkət edirsə, demək, onu ötüb keçənlərin hamısı qaydanı pozur. Hamısı da yol-patrul xidməti maşınlarının harada dayandığını və radarların yerini də bilirlər deyə “ilişmirlər”.

Bir də heç bir radara məhəl qoymadan şütüyənlər var. Onların haqqında belə bir yayğın qənaət mövcuddur ki, bu şəxslər radara düşürlər, amma sonra öz tanışları vasitəsilə kameranın yaddaşına əl gəzdirir və ya necəsə cərimələrini sildirirlər. Nə dərəcədə düzgün söhbətdir, bunu işin içində olanlar və onlara nəzarət edənlər bilər.

Əsas odur ki, məsuliyyətsiz piyadalar kimi, belə sürücülər də ağır qəzalara səbəb olur, insanların həyatına təhlükə yaradırlar.

Bəlkə də, nəhayət, müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir və həm sürət həddini çox aşan, avtoxuliqanlıq edən sürücülərin cəzası, həm də piyadaların məsuliyyəti artırılmalıdır.

Piyadaların məsuliyyətini artırmağın əsas yolu budur: onlar bilməlidir, ba. Verən müvafiq qəzaya görə piyada özü də məsuliyyət daşıyır və əgər hadisə onun günahı üzündən baş veribsə, o zaman müalicəsi öz boynunda qalacaq və əlavə kompensasiya ala bilməyəcək.

Belə hadisələrdə təqsirin həmişə sürücüdə görülməsi bir ara özünü avtomobilə vurduran dələduz dəstələrinin yaranmasına səbəb olmuşdu. Onlar yolun kənarda durur, asta sürətlə hərəkət edən avtomobilə böyürdən toxunur, yerə yıxılır, haray-həşir salır, onları müşayiət edənlər isə “polis gəlməmiş, razılaşaq” deyə şoka düşmüş sürücüdən bir neçə yüz, bəzən bir neçə min manat alaraq aradan çıxırdılar.

Bu dələduzluun qarşısı alındı, söz yox, amma onu yaradan səbəb qalır. Bu sürücülərin “həmişə təqsirkar” olması məsələsidir. Təcrübə göstərir ki, onlar belə qəzaların ən azı yarısında heç bir günahın sahibi olmurlar.

Dəmiryolda qatar yoluna çıxan və vurulan piyadaya görə maşinist təqsirkar sayılmadığı kimi, sürətli yollarda, yeraltı keçidlərin üstündə, yerüstü keçidlərin altında vurulan piyadalara görə də sürücüləri məsul tutmaq olmaz.

Qoy hər kəs xəta-bəladan uzaq olsun, bu cür hadisələrdən heç kəs sığortalanmayıb. Amma həm qanunlar, həm də özünüqoruma instinktləri insanları qorumalıdır.

 

26.11.2024 08:05
778