Kim kimi divara dirəyib? – Məğlubun “şərt” diktə etməkliyi...

Nikol Paşinyanın tezbazar “sülh sənədi” imzalamaq istəyinin arxasındakı gerçək məramın sülhdən çox bəd niyyətdən qaynaqlandığı artıq tam üzə çıxmaqdadır. Şəkk-şübhəsiz, “məxməri” baş nazir bununla özünü və kapitulyant ölkəni “ən sülhpərvər”, “ən demokratik” tərəf kimi beynəlxalq birliyə sırıyıb “sudan quru çıxmağa”, yəni Bakını hədəfə gətirib ona hansısa təzyiqlərin ediləcəyinə ümid bəsləyir, bu fonda da əlavə siyasi dividentlər umur.

Məsələn, sürətlə silahlanma məsələsində. “Məntiq” isə belədir: “Baxın, Azərbaycan sülh müqaviləsindən yayınır. Odur ki, Ermənistana özünümüdafiə üçün təcili müasir silahlar vermək lazımdır”...

Əlbəttə ki, bu primitiv oyunu Baklıda çoxdan anlayıblar. Azərbaycana, bölgəyə isə oyun yox, işlək sülh sazişi lazımdır. Hansı ki, yeni müharibə təhlükəsini minimuma endirəcək, region xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək. Bizim tək hədəfimiz bu.

Şərtlər məlum. Ayrı sözlə, qalıcı sülh və qarşılıqlı əməkdaşlıq müstəsna olaraq, Ermənistanın özünü necə aparmasından asılı olacaq. Çünki dünənədək Güney Qafqazın yeganə işğalçı ölkəsi o olub, Azərbaycan və Gürcüstan yox. 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən hələ də dərs götürməyən, qonşularına qarşı torpaq iddialarına davam edən də (Gürcüstanda ermənilər yaşayan Cavaxetiya daxil) yenə odur – kapitulyant ölkə.

Bəs Ermənistan rəhbərliyi nəhayət, beynəlxalq sülhə sayğılı olmağı öyrənəcəkmi? Vaxt itirmədən, tarixi şansı buraxmadan öz xalqına bunu təlqin edib onu böyük sülhə hazırlayacaqmı? Axı dövlətlərarası anlaşmaların təməl şərti bu. Bu isə ilkin çərçivə sənədində Ermənistan üzərinə konkret öhdəliklərin qoyulması mənasına gəlir...

Misal üçün, COP 29-adək imzalanacağı istisna edilməyən həmin sənədlə rəsmi İrəvan belə bir öhdəlik götürür ki, konkret zaman kəsiyində öz konstitusiyasından Azərbaycana və Türkiyəyə ərazi iddiaları ilə bağlı müddəaları çıxaracaq. Paşinyan hökuməti, ümumən erməni cəmiyyəti buna hazırmı?

Düşünmürük. O zaman ala-yarımçıq, dəyəri imzalanacağı A 4 formatlı kağızdan çox olmayan sülh sənədinin anlamı nə?

Biz “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” tipli quru, boğazdan yuxarı sözləri çox eşitmişik. İrəvan qonşunun ərazi bütövlüyünə hörməti əməldə sübut etməli, yaxud legitim bir sənədlə buna zəmanət verməlidir. Vermirsə, deməli, əsla xoşniyyətli deyil, zaman udmağa çalışır. 50 faizlik hamiləlik olmadığı kimi, yarımçıq sülh müqaviləsi də olmur. O, ya var, ya da ortada məkrli oyun var...

Kəsəsi, qalib Azərbaycandan “xoxan” düzəltmək cəhdləri alınan deyil. Belə səylər bəri başdan iflasa məhkumdur. Paşinyan və komandası özünü boşuna yorub eləməsin. Boyundan yuxarı tullanmağa da çalışmasın. Ondansa ciddi işlə məşğul olsun.

Yeri gəlmişkən, bu xüsusda yerli “Hraparak” qəzeti yazıb ki, hakim partiya öz üzvlərinə rəhbərlik tərəfindən sülh sənədi məsələsində Azərbaycanın guya “küncə sıxışdırılacağı”, “onun fakt qarşısında qoyularaq təcavüzkar kimi təsvir ediləcəyi” vəd edilib.

Hərgah, qəzet sonda belə bir qeydi də edib: “Paşinyan yaxın vaxtlarda sülh müqaviləsinin yarı-razılaşdırılmış mətnini imzalamağa hazır olduğunu bəyan edib. Görünür, belə davam etsə, o, tezliklə Azərbaycana ya yalvaracaq, ya da gözü yaşlı canlı efirdə onu bu sənədi imzalamağa çağıracaq”...

Sarsaqlar. Əvvəla, məğlub qalibə şərt diktə edə bilməz - illah da o, haqsız və gücsüz tərəfdirsə. Bunu birdəfəlik qulağınızda sırğa edin. Azərbaycanın iki il öncə irəli sürdüyü, tam ədalətli 5 baza prinsipi əsasında sülh təklifini belə asanca sıfırlayıb öz axmaq şərtləriniz əsasında sənəd imzalamağımı xəyal edirsiniz?

“Arxalı köpək qurd basar” məsəli burda yerimir...

Z. SƏFƏROĞLU

11.09.2024 15:07
1699