"Kim kefi istəsə, normanı poza bilər" - vəkil sorğuların cavablandırılmasından yazdı

Azərbaycan məhkəmələrində geniş yayılan praktika var - məhkəmələr vəkillərin vəsatətlərini bir qayda olaraq təmin etmir və vəkilin əl-qolunu bağlayan bu qərar əksərən heç əsaslandırılmır da. Halbuki, qanuna görə məhkəmə vəsatətin təmin edilməməsi barədə qərar verirsə, zəhmət çəkib qərarını əsaslandırmalıdır.

Əks halda vəkilin müdafiə imkanları minimuma enir, məhkəmədə çəkişmə prinsipi pozulur, həqiqətin üzə çıxmasının qarşısı alınır və ədalətsiz hökm ortaya çıxır. Vəkil sorğuları ilə bağlı da durum fərqli deyil. Vəkil sorğuları cavabsız qalır. Musavat.com xəbər verir ki, vəkil Cabbar Bayramov ötən il Suraxanı rayon qeydiyyat şöbəsinə sorğu verib və imtina cavabı alıb. Özünün sosial şəbəkədəki divarında vəkil yazır ki, sorğunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə inzibati məhkəməyə müraciət edib.

Həngamə də bundan sonra başlayıb.

Vəkilin statusundan sitat:

"Bakı İnzibati Məhkəməsində iddiam mümkünsüz sayıldı, qərardaddan verdiyim şikayət Bakı Apellyasiya Məhkəməsində təmin edilmədi. Həmin qərardaddan verdiyim kassasiya şikayətinə bu günlərdə Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyovanın sədrliyi ilə baxılacaq. Kassasiya instansiya məhkəməsi də eyni nəticəyə gəlsə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" AR Qanununun 7 və 15-ci maddələri qismən verbal (işləməyən, yazı üzərində qalan) norma hesab olunacaq.

Onsuz da bəzi orqanlar ümumiyyətlə sorğuya cavab vermir. Cavabdehin sərhədkeçmə məlumatları barədə sorğuya DSX imtina verir ki, həmin şəxsin adına order olmalıdır. Mən cavabdehin adına necə order ala bilərəm?

Vergi orqanları hətta AR Vergi Məcəlləsinə görə vergi (kommersiya) sirri hesab olunmayan məlumatların da verilməsindən imtina edir.
Bir neçə il qabaq Elmi-Tədqiqat Travmatologiya İnstitutuna kəllənin sagital tikişlərinin bitişmə yaşı barədə sorğu verdim, daha doğrusu bu barədə cəmi 1 suala cavab vermələrini xahiş etdim. Sorğuya ümumiyyətlə cavab verilmədi. Sağ olsunlar, telefonla zəng edib bildirdilər ki, cavabı gözləməyim. Elmi tədqiqat institutu elmi suala cavab vermədi. Həkim ailəsində böyümüşəm və əslində sualın cavabını özüm bilirdim. Amma istədim "elmi" yanaşma olsun.

Bir az qəribə görünsə də, vəkil sorğusuna ən operativ və ətraflı cavab verən, ümumiyyətlə vəkillərə daha hörmətlə yanaşan orqan Daxili İşlər Nazirliyinin qurumlarıdır. Halbuki, cinayət işlərində ən çox onlarla mübarizə aparırıq.

Vəkilin sorğu vermək imkanı məhduddursa, o, müdafiəyə və mübahisəyə hazırlıqsız girişir. Bu, dolayısı ilə hüquqi yardım institutunun məhdudlaşdırılması deməkdir. Halbuki bu konstitusion hüquqdur və hüquqi yardım imkanlarının genişləndirilməsi üçün cənab Prezident bir neçə fərman imzalayıb.

Burdan bir nəticə çıxarıram. Daha doğrusu bu "Ümumi dövlət və hüquq nəzəriyyəsi" elmindən məlumumuzdur, sadəcə indi xatırladım. Hüquq norması 3 hissədən ibarətdir: hipoteza, dispozisiya və sanksiya. Sanksiya, normanı gücə mindirən əsas elementdir. Əgər sanksiya yoxdursa, normanın pozulmasına görə məsuliyyət yoxdur. Kim kefi istəsə normanı poza bilər.

Vəkil sorğularına əsassız imtina verən orqanlar (vəzifəli şəxslər) buna görə məsuliyyət daşımadıqları üçün narahat deyillər. Ümumiyyətlə insan təbiəti belədir, gücünü göstərməkdən ləzzət alır.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

04.09.2024 23:11
1057