“Kibrit qutusuna oxşayırdı... həmin terrorçuların...” - Tanınmış memardan Xankəndi ilə bağlı ŞOK AÇIQLAMALAR

Dünən sosial şəbəkələrdə özünü buraxmış qondarma rejimin “parlament” binasının sökülməsi ilə bağlı görüntülər yayılıb.

Bu gün isə Xankəndi şəhərində keçmiş qondarma rejimin “döyüşçü-xilaskarlar” adlandırdığı binanın tamamilə sökülməsi barədə teleqram kanallarında məlumat yayılıb. Tikili qondarma “parlament”in binasının yanında yerləşirdi.

DOYUS.jpg (18 KB)

Hazırda şəhərdə yenidənqurma işləri aparılır və həyata keçirilən tədbirlər bu prosesin tərkib hissəsidir. İşğal dövründə tikilmiş, heç bir əhəmiyyət kəsb etməyən, şəhərin ümumi görünüşünə xələl gətirən tikililər sökülür. Bir sözlə, doğma Xankəndimiz özünə qaytarılır.

FAİQ SON .png (900 KB)

Xankəndidə aparılan yenidənqurma işlərindən danışan memar Faiq İsmayılov Musavat.com-a açıqlamasında bildirib ki, Xankəndidə və işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan bərpa-quruculuq işləri zamanı milli memarlığımıza xüsusi diqqət yetirilməlidir:

“Tarixi abidələr istisna olmaqla digər tikintilər aparılırsa, məsələn, hansısa inzibati bina, məktəblər, yaşayış evləri və s. klassik memarlığımızın sintezindən yaranmalıdır. Həmin ərazilərə gələn hər kəs orada bizim milliliyimizin ştrixlərini görməlidir. Orada Azərbaycanın milli-mənəvi dəyərləri qorunmalıdır ki, biz o torpaqlarda qürurla gəzə bilək.

Ermənilərin 30 illik işğal dövründə tikdikləri nə varsa, bizim siyasətimizə, ictimai düşüncəmizə uyğun deyil. Hər bir binanın üzərində bir ermənilik yaddaşı qoyublar. Ermənilər orada qondarma “1915-ci il soyqırımı”nı xatırladan bir abidə qoymuşdular. Azərbaycanlılara qarşı döyüşən terrorçuların büstləri qoyulmuşdu. Bunların hamısı ləğv olunmalıdır. Hər şey sıfırdan başlanmalıdır”.

Memar qeyd edib ki, Xankəndinin Şuşa kimi 30-dan çox məhəlləsi olub:

“Hər məhəllənin öz qəbiristanlığı, məscidi, ibadət yerləri, pirləri olub.

XANA SON.jpg (112 KB)

Mən Xankəndidə, Xocalıda dəfələrlə olmuşam. Qarabağ xanlığının süqutundan sonra Xankəndi şəhərindəki bütün binaların, memarlıq abidələrinin, monumental qurğuların formaları dəyişdirildi. Artıq Xankəndiyə baxanda mədəni dəyərlərimizdən əsər-əlamət yox idi, hətta sovet dövrünün özündə də. Üçmərtəbəli, beşmərtəbəli “xruşovka”lar, kibrit qutusuna oxşayan həyət evləri. Hamısı bir-birinə bənzəyirdi. Biz Xankəndini yenidən qurmalıyıq. Bizim əlimizdə kifayət qədər böyük sənədlər var, oradakı məscidlər bərpa olunmalıdır. Xalqın inamından irəli gələn monumental abidələr bərpa olunmalıdır. Eyni zamanda yaşayış evləri, yaşayış binaları da milli üslubda tikilməlidir”.

“Xankəndiyə qayıdış üçün xüsusi proqrama ehtiyac varmı?” sualına isə memar belə cavab verib:

“Xeyr, xüsusi proqrama ehtiyac görmürəm.

Yenidənqurma işləri üçün hansısa müddət açıqlamaq da uyğun deyil. Yenidənqurma illərlə davam edəcək.

Xankəndinin klassik simasının özünə qaytarılmasında çalışmalıyıq ki, işlərin ən azı 50 faizini yerinə yetirə bilək.

Bu gün haqqında danışılmayan Qarabağ memarlığından bəhs etsək, Azərbaycanın digər yaşayış məntəqələrində də onların oxşarları tikilib. İstər saraylar, istər yaşayış evləri olsun. Şuşada çoxotaqlı evlər var idi.

SUSA YENİ.jpg (126 KB)

Həmin evlərin qızdırılması məsələsi var, o evlər kərpicdən tikilirdi ki, istini özündə çox saxlasın. Buxar vasitəsilə evin havasının dəyişdirilməsi nəzərə alınırdı. Qapılar uzun müddət bağlı qalırdısa da, orada nəm, qoxu yaranmırdı.

Bizim xüsusi memarlıq üslublarımız var. Arzu edərdim ki, Qarabağ memarlığı inkişaf etsin, bərpa-quruculuq işlərində istifadə olunsun”.

“Xankəndini memarlıq üslubuna görə dünyanın hər hansı bir şəhəri ilə müqayisə edə bilərsinizmi?” sualına Faiq İsmayılov belə cavab verib:

“Sovet dövründə aparılan “yenidənqurma işləri” Xankəndini tamamilə yadlaşdırıb, simasını dəyişib. Ona görə də bu şəhərimizi dünyanın başqa şəhərləri ilə müqayisə etmək mümkün deyil. Xankəndi öz klassik simasına qayıdanda biz bu şəhərimizi dünyanın hər hansı bir şəhəri ilə müqayisə edə biləcəyik”.

Aytən Novruz
Musavat.com

04.03.2024 19:55
2693