“Elektron cihazlar və rəqəmsal mühitlər müharibələrin əsas komponentlərinə çevrilib. Yeni dövrdə “Elektron müharibə” və “Rəqəmsal sui-qəsdlər” kimi anlayışlar ön plana çıxmaqdadır”.
Musavat.com xəbər bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
“Ötən həftə Livanda bir neçə rabitə cihazının, o cümlədən peycerlərin partlaması nəticəsində çox sayda insan həyatını itirdi. Bundan əlavə, bir çox ölkədə, o cümlədən ABŞ-də, kommunal (su, elektrik, qaz) və strateji qurumların avtomatlaşdırma (SCADA) sistemlərinə kiber müdaxilələr edilərək, mülki vətəndaşlar kütləvi şəkildə hədəfə alınır.
Rəqəmsal dövrdə bu cür hadisələrə “Elektron müharibə” deyə bilərik. Üzərimizdə daşıdığımız və ya sabit istifadə etdiyimiz elektron cihazlar artdıqca və məlumatlarımız rəqəmsal mühitdə keçdikcə “Rəqəmsal sui-qəsd” riski ilə üzləşmə təhlükəsi də artır.
Rəqəmsal dövrün ən böyük təhlükələrindən biri də Elektron müharibə texnikaları və rəqəmsal sui-qəsdlərdir. Kiber sənaye bu sahədə yeni bir mərhələ açaraq, rəqəmsal sui-qəsd anlayışını daha da dərinləşdirir. "Elektron müharibə" və "Rəqəmsal sui-qəsdlər" müasir və ya hibrid müharibələrinin ən kritik komponentlərindən biridir və bu sahədəki inkişaflar gələcək münaqişələrin və müharibələrin gedişatını müəyyən edəcək”.
Ekspert bildirir ki, Livanda baş verən rəqəmsal sui-qəsdlər göstərdi ki, kiber müharibələrdə elektron cihazlara kiber müdaxilə ilə mülki insanlar kütləvi şəkildə hədəfə çevrilə bilər. Bu cür sui-qəsdlərdə istifadə etdiyimiz elektron cihazlar və onların daxilindəki partlayıcı maddələrdən istifadə edilə bilər.
“Düşünürəm ki, inkişaf etmiş ölkələr rəqəmsal sui-qəsdlərdən müdafiə strategiyası formalaşdırmağa başlayıb. Biz bilirik ki, artıq bir necə ölkədə "Kiber ordu" formalaşır. Hesab edirəm ki, rəqəmsal transformasiyadan öncə güclü kiber müdafiə hazırlığı olmalıdır.
Məni düşündürən bir çox məqam var: ölkəmizdə SCADA sistemləri nə qədər təhlükəsizdir? SCADA sistemlərimizə kiber müdaxilə oluna bilərmi?
5G istifadəsi ilə GSM xətləri nə qədər təhlükəsizdir? 5G-dən sonra GSM xətlərinə müdaxilə oluna bilərmi? Bu tipli bir çox suallar var, siyahını artıra bilərik”.
Şahanə Rəhimli
Musavat.com