“Kərim dedi səni çəkim paylaşım ki, 550 manata... - Cananadan ŞOK AÇIQLAMALAR

Musavat.com Lent.az-a istinadla Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini, müğənni Canananın müsahibəsini təqdim edir:

- Canana, uzun müddətdir sizinlə Mətanət İsgəndərli arasında yaşanan problemlər gündəmdən düşmür. Telekanalların efirlərində demək olar ki, hər gün qarşılıqlı ittihamlar səslənir. Konkret olaraq siz bir-birinizdən nə istəyirsiniz?

- İstəyirəm ki, Mətanət xanım mənə ev versin, 3 uşağımla o evdə yaşayım, öz uşaqlarıma özüm baxım. İndi onlar ögey ana ilə birlikdə Mətanət xanımın evində yaşayırlar və məncə əziyyət çəkirlər. Mən də çıxıb efirlərdə danışdıqdan sonra, gah deyir narkomanam, gah deyir sərxoşam. Elə indi test verib gəlirəm. Heç vaxt zərərli vərdişlərim olmayıb.

- Uşaqları qanunla məhkəmə sizə verib. Nə üçün nənəsinin yanında qalırlar?

- Mətanət xanım mənə tələ qurdu. Uşaqları birinci dəfə məhkəmə onlara vermişdi. İkinci məhkəmədə övladlarım mənə verildi. Dedi ki, ev tutacam, sən uşaqlarla birlikdə həmin evdə yaşayacaqsan. Mən öz əlimlə haqqım olan hər şeydən imtina etmişəm. Nələrdən keçmişəm. İndi vəkilim deyir niyə belə eləmisən? Ev, aliment, avtomobillər... Heç nə istəməmişəm. Aldadılmışam. Həm uşaqlar da o şəraitə alışıblar, oranı öz yuvaları bilirlər. Mətanət xanıma "Çapança" deyirlər, sevirlər onu. Ayrılmaq da istəmirlər.

- Gəlin lap əvvələ dönək. Mətanət xanım iddia edir ki, siz onun oğlundan böyüksünüz və zorla ərə gəlmisiniz. Sevgi əsasında ailə qurmuşdunuz?

- Sevgi deyildi. Kərimlə təsadüfən tanış olmuşdum. Zəng edib yanlışlıqla onlara düşmüşdüm. Sonra biz Rusiyaya qayıdanda Mətanət xanım xahiş elədi ki, Kərimi də aparaq, orda xalasına təhvil verək. O zaman mənim 21, Kərimin 16 yaşı var idi. Kərimin etibarnaməsini mənə verdilər. Ona uşaq kimi baxırdım. Deyirdi ki, anasız yaşamaq çətindir, nənəsi ilə qalır çox zaman. Nənəsi də hamamda çimizdirəndə onu elə bərk kisələyir ki, az qala dərisi üzülə. Kərim deyirdi ki, istəyirəm nənəm hamamda sürüşüb yıxılsın, bəlkə canım qurtarsın ondan. Belə sözlər danışırdı, mənim də yazığım gəlirdi ona. Sonra biz dostlaşdıq, ailəvi get-gəl oldu aramızda. Bir dəfə Mətanət xanım Rusiyada toya gələndə bizdə qonaq oldu və anama dedi ki, istəyirəm Canana bizim qızımız olsun.

- Siz Kərimi sevmirdiniz, qəribə xarakterini bilirdiniz, bununla belə evlənməyə niyə razılıq verdiniz?

- Ən böyük arzum Bakıya gəlmək idi. İstəyirdim Bakıda yaşayım. Ona görə, ailəmə qarşı çıxdım. Bunu şans kimi gördüm.

- 8 il nişanlı qaldınız. Bu illər ərzində Mətanət xanım evlənməyinizi istəməyib. Bəs nə üçün nişanı qaytarmadınız?

- Bir dəfə qaytarmaq istədim. Kərim ağlayıb yalvardı. Yenə ona yazığım gəldi. Həm də mən ailəmə və özümə sübut etmək istəyirdim ki, bu işi başlatmışamsa, sona çatdırmalıyam. Ona görə bu ailə quruldu.

- Ailə qurduğunuz müddətdə Mətanət xanımın münasibəti necə idi sizə?

- Çox kobud, çox pis. Dəfələrlə saçlarımdan tutub sürüyüb, qışqırıb, təhqir edib, qardaşım ölüm ayağında olanda xəstəxanaya onun yanına getmişəm deyə üstümə qənddan atıb qışqırmışdı ki, uşaq evdə ağlayır, sən xəstəxanadasan. Ölünü dirildəcəksən? Halbuki uşaqların dayəsi var idi.

- Necə düşünürsünüz, sizin heç günahınız olmayıb?

- Günahım o olub ki, həmişə bağışlamışam, hamıya inanmışam, kor kimi, saf olmuşam. Hər şeydən imtina eləmişəm. Gərək barışmazdım. Sadəcə Kərimə yazığım gəlib deyə əziyyət çəkirəm.

- Həddən artıq qəribə görünür bu situasiya. Kərimin problemləri olduğunu bilə-bilə ailə qurdunuz. İlk baxışda düşünmək olar ki, anasının varına görə bu evlilik olub. Sonra qol çəkib hər şeydən imtina etdiniz. Və indi yenidən o mülkdən pay istəyirsiniz.

- Mən sadəcə Mətanət xanıma inanmışam. Burdan üzümə gülüb vədlər verdi, sonra da  yerinə yetirmədi. Hər şeydən imtina etmişdim, çünki Kərimlə barışmaq istəyirdim.

- Ailə qurarkən sizə ayrı ev vermişdi Mətanət xanım?

- Onun nəyi varsa öz adınadır. Kərimin adına heç nə verməyib. Bizi də toydan sonra kirayə tutduğu evə köçürmüşdü. Toyun səhəri gün Kərim ağlayırdı ki, anamı istəyirəm. Atam onu işə düzəltdi, dövlət işinə. Ora da getmirdi. Onun işləməklə arası yoxdur, ancaq Mətanət xanımın əlinə baxır. Mətanət xanımın toyu, məclisi olmayanda stressə düşüb dava salırdı. Uşaqları döyürdü. Kərim nişanlı ikən bizə gəlirdi, atamı görürdü, amma yarım saat sonra salam verib hal-əhval tuturdu.

- Əsəbləri yerində deyildi?

- Yox. Məncə onda şizofreniya var.

- Bununla belə ayrılmaq da istəmirdiniz...

- Mən həmişə ona qayğı göstərmək istəmişəm. Hətta başqası ilə evlənəndən sonra da yazığım gəlib. Nə edim, ürəyimlə bacarmıram. Bir dəfə uşaqlar xəstələnmişdi, çağırdı getdim. Yoldaşı evdə yox idi. Kərim də xəstə idi. Mən onun da belinə banka qoydum. Uşaqlarımla bərabər ona da qayğı göstərdim. Övladlarım bizim birlikdə olmağımızı görəndə çox sevinirlər.

- Boşandıqdan sonra niyə məhz müğənni olmaq istədiniz? Öz sənətiniz peşəniz var?

- Azərbaycan Beynəlxalq Universitetində ginekologiya üzrə ali təhsil almışdım. Sadəcə qardaşım bədbəxt hadisə nəticəsində həlak olanda xəstəxanada anladım ki, həkimlik mənlik deyil. Travma aldım. Ona qədər mənim televiziyada bir maqazin proqramım var idi, bir də gözəllik salonum. Gözəllik salonumu Mətanət xanım bağlatdırdı, proqramdan da qazanc yox, itkim oldu deyə dayandırdım. Bir restoranda şou proqrama aparıcı kimi dəvət etdilər. Səhərə qədər yuxusuz qalıb aparıcılıq edirdim 20 manata. Gördüm orada müğənnilər daha çox qazanır düşündüm ki, mən niyə oxumayım?

- Səs olmadan oxumaq qorxulu gəlmədi? Üstəlik Türkiyədə musiqi mükafatı da almısınız bildiyimə görə. Ora yolunuz haradan düşdü?

- Yox. Oxuduqca əlimə keçən pullara mahnılar yazdırdım. Amma müğənnilik, göz önündə olmaq heç də asan deyil. İnsanlar məni çox təhqir edirlər. Haradasa restoranda işləməyə çağıranda obyektin sahibi səmimi mesajlar yazmağa başlayır. "Yox" deyirsən, işə çağırmırlar. Tamaşaçılar yazırlar ki, uşaqlarını atıb. Hansı ki, uşaqlarım üçün çalışıram. Bütün bu deyilənlər məni incidir. Bir həkimi, gözəllik salonunu reklam edirəm deyirlər kefdəyəm. Bunu pul üçün edirəm, axı mən də yaşamalıyam. Maqazin proqramını apararkən Türkiyəyə gedib-gəlirdim. Tanışlıq yaranmışdı.

- Öz hesabınıza ya sponsorlar pul ayırırdı proqrama?

- Öz hesabıma. Çox zərərə düşdüm. Ona görə verilişi dayandırmalı oldum.

- Üstünüzdəkilər qızıldır ya büjiteriya?

- Qızılım nə gəzir?

- Ümumiyyətlə, travmaları çox olan insan kimi görünürsünüz...

- Bəli. Mətanət xanımın evində də travmalar aldım, boşanandan sonra da. O qədər mənə şər atmağa çalışdılar, tələlər qurdular ki, hamıdan qorxub ürkməyə başladım.

-  Nə kimi tələlər?

-  Müxtəlif adamlar mənə zəng vurub guya nəsə yardım eləmək, kartıma pul vurmaq, ev, torpaq bağışlamaq istəyirlər. Qorxumdan dərhal blok edirəm. Polisə zəng vururam. Mətanət xanımın bir qardaşı yüksək yerdə işləyir, qorxudur hamını. Ona görə mənə iş vermək istəmirlər.

- Bəs öz ailəniz sizə yardım etmir?

- Anam, qardaşım vəfat edib. Atam və bir qardaşım var. Amma öz günahımdır deyə heç kimdən heç nə istəyə bilmirəm.

- Bax bütün bu olanlardan ortada olan 3 uşaq əziyyət çəkir. Niyə bu həddə çatdırırsınız?

- Mən eləmək istəmirəm. Mətanət xanım çıxıb efirdə haqqımda pis-pis şeylər danışır. Bir dəfə Kərimdən kömək istədim. Kirayə pulumu verə bilmirdim. Çox çirkin bir təklif elədi. Dedi 550 manat verəcəm, amma gedək evə, səni çəkim paylaşım ki, 550 manata çıxırsan. Bu nə deməkdir? Mən sənin uşaqlarının anasıyam. Tuncay depressiyaya düşür. 14 yaşı var, anlayır, mənə yazığı gəlir. Bəli o gün son videonu çəkib yaydım, çünki Mətanət xanım məni blok edib, zənglərimi açmırlar, sosial şəbəkədə göstərdim ki, qoy görsün ögey ana oğluma necə əziyyət verir. Yenə hamı məni qınadı.

- Yenidən Kərimlə barışmaq istəyərsiniz?

- Mən Kərimdən küsməmişəm. Çox gözəl münasibətlərimiz var. Arvadı ilə anası qoymur ki, biz danışaq, sülh içində olaq. Həm Kərim deyir ki, Azərbaycanda iki arvadı olan o qədər kişi var. Dini nikahla (gülür).

- Adınız Aynurdur. Niyə Canana oldunuz? Canan sözünü andırır?

- Yox. Can ana. Elə bil taleyim adıma yazılıb. Uşaqlıqdan belə adlandırırlar məni.

- Axtarışda olan Elşad Abdullayevin sizə zəng etdiyini dediniz efirdə. Bunu niyə dediniz? Onun illərdi itkin düşən qardaşı Mahir barədə bildiyiniz bir şey var, ya bu Mətanət xanımı qorxutmaq üçün idi? Axı bu məsələ ilə bağlı keçmiş qaynananız da ittiham edilirdi... 

- Mən heç vaxt heç kimə pislik eləmək istəməmişəm. O ən azından mənim uşaqlarımın nənəsidir. Dediyim kimi, övladlarım onu çox sevirlər. Mən o sözü demək istədim, çünki uşaqların taleyi üçün qorxuram. Mətanət xanıma da demişəm ki, sizin düşməniniz var, birdən uşaqları oğurlayarlar. Biz birlikdə olmalıyıq. Məni itələməklə səhv edirlər. Məclisdə əlimə pul veriləndə də qorxub götürmürdüm ki, kimsə çəkər sonra alçaltmaq üçün yayar. O pulu cırıb mənim üstümə atırdılar, deyirdilər qudurub götürmür. Qorxumdan eləməmişəm bunu. Psixologiyamı korlayıblar. Elşad Abdullayev mənə yazmışdı. Olmayan şeyi demərəm, bu cinayət olar. Məhkəmələrimiz olan vaxtı soruşurdu ki qardaşımın yerini de, qardaşım hara yoxa çıxıb?

-  Niyə sizdən soruşurdu? Bildiyiniz bir şey var idi?

- Çünki mənim zəif damarımı bilirdi. Mətanətlə düşmən idi, məndən soruşurdu. Deyirdi sənə maddi yardım edərəm və uşaqlarınla bağlı problemin həll olunar. Amma mən dedim ki, siz kimsiniz? Ölkəni tərk edib getmiş adamsınız, mənə yazmayın. O da deyirdi axı Mahirin də qızları var, onlar ağlayır ki, atamızı tapmaq istəyirik. Bir şey bilirsənsə de. Belə olub söhbətimiz. Bunu Mətanət xanıma da demişəm. Buna görə prokurorluqdan zəng gəldi mənə. Son məhkəmələrimiz olan zamanlar idi. Heç prokurorluq niyə zəng etdi mən anlamadım. Bu məsələ o vaxt təzə baş verəndə məndən heç nə soruşmamışdılar, indi niyə yada düşmüşəm? Kim zəng edir, elə bilirəm mənə nəsə edəcək. Bəlkə də başqa adamlar prokurorluq adı ilə zəng edirlər. Heç kəsə güvənə bilmirəm. Qorxuram.

12.12.2023 15:58
2935