Masallı rayonunda 1969-cu il təvəllüdlü Vidadi qısqanclıq zəminində yaranan mübahisə zamanı qızı Gövhəri (adlar şərti verilib – red.) öldürüb.
Vidadi əri Azərlə birgə yaşayan qızı Gövhərin digər şəxslərlə görüşərək sevgi münasibətində olması və ailəsinə xəyanət etməsi səbəbindən onu öldürmək qərarına gəlib.
Bu məqsədlə 6 noyabr 2023-cü ildə o, yaşadığı Sumqayıt şəhərindən qızının yaşadığı Masallı rayonunun kəndinə gəlib. Gövhərlə söhbət edib, onun ailəsinə xəyanət etdiyinə bir daha əmin olub.
Vidadi niyyətini həyata keçirmək üçün Gövhərin və digər ailə üzvlərinin yatmasını gözləyib. Noyabrın 7-də gecə saat 3 radələrində evin birinci mərtəbəsindəki otaqda çarpayıda yatmış vəziyyətdə olan qızının üzərinə hücum edib. Özü ilə gətirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub.
Gövhər yuxudan oyanaraq ona işgəncə verməməsi, yenidən bıçaqla vurmaması üçün yalvarıb, aman diləyib. Buna baxmayaraq ata çoxsaylı zərbələr vuraraq qızını qətlə yetirib.
İstintaq orqanı tərəfindən Vidadinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
“Ərinə xəyanət etdiyini dedi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vidadi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən iki il əvvəl ailəsi ilə birlikdə Sumqayıt şəhərində 8-ci mikrorayon ərazisində kirayə ev tutaraq orada yaşayıb və fərdi əməklə məşğul olmaqla ailəsini dolandırıb:
“Qızım Gövhər 8 il əvvəl Masallı rayon sakini Azərlə evlənib, iki azyaşlı övladı var. 2023-cü il oktyabr ayının əvvəllərinə kimi Gövhərin əri ilə münasibətləri yaxşı olub. Aralarında hər hansı narazılıq və ya söz-söhbətin olmasını eşitməmişəm.
2023-cü ilin oktyabr ayında qızımın qayınanası Əsmər arvadım Südabənin telefonuna səs göndərdi. Gövhərin narkotik vasitə qəbul etdiyini, tez-tez səhər saatlarında özbaşına yaşadığı evi tərk edərək Masallı şəhərinə getdiyini, evə gecə saatlarında qayıtdığını, başqa şəxslərlə telefonla danışıb görüşdüyünü, əxlaqsızlıqla məşğul olduğunu, ərinə xəyanət etdiyini və onun bu hərəkətlərinin qarşısını ala bilmədiklərini dedi.
Bizdən gələrək qızımın ağlını başına qoymağımızı istədi. Əsmərin göndərdiyi səsə özüm də qulaq asdım”.
“Yalan olduğunu bildirdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 2023-cü ilin noyabrın 6-da qızının qayınanası “WhatsApp” vasitəsi ilə arvadına zəng edib və Gövhərin onunla danışmaq istədiyini deyib:
“Gövhər ağlayaraq gəlib onu aparmağımızı xahiş elədi. Qızımın ailəsində baş verən məsələni aydınlaşdırmaq məqsədi ilə həmin gün saat 18 radələrində Sumqayıt şəhərindən taksi ilə Masallı rayonuna getdim. Evdən çıxanda mətbəx bıçağını da özümlə götürdüm. Saat 22 radələrində qızımgilə çatdım.
Qızımın qayınanası Əsmər və kürəkənim Azərlə söhbət zamanı onlar mənə qızıma yaxşı tərbiyə vermədiyimi irad tutdular. Qızımın telefonunda olan mesajları, səsyazılarını mənə göstərdikdən sonra onun barəsində deyilənlərin həqiqət olduğunu başa düşdüm.
Qızımla təklikdə söhbət edəndə əvvəlcə deyilənlərin yalan olduğunu bildirdi. Sonra Aydan adlı rəfiqəsi onu narkotik vasitəyə öyrəşdirdiyini və əxlaqsızlıq yolu ilə ailəsinə xəyanət etdiyini boynuna aldı. Bunu eşidəndən sonra onu öldürüb namusumu təmizləmək qərarına gəldim.
Əsmər və Azərə qızım Gövhərlə bir daha söhbət etmək üçün onunla bir otaqda yatmaq istədiyimi bildirdim. Məqsədi hamının, o cümlədən Gövhərin yatmasından istifadə edərək sakitcə onu öldürmək idi. Otağın sağ tərəfindəki çarpayıya qızım Gövhər, uşaq çarpayısına nəvəm, digər çarpayıya isə mən uzandım. Mən onların yatmasını gözlədim”.
Vidadinin ifadəsinə görə, bir-iki saat sonra Gövhərin yatıb-yatmamasını dəqiqləşdirmək üçün onun yanına gedib: “Gövhərin yatdığını gördüm, paltarımın altında gizlətdiyim bıçağı çıxarıb onun kürəyinə bir zərbə vurdum. Gövhər yuxudan ayılaraq yerindən qalxmaq istədi. Ona imkan vermədim, bıçaqla kürəyinə ardıcıl bir neçə zərbə vurdum. Zərbələr əsasən onun bel nahiyəsinə dəydi.
Gövhər əli ilə mənə müqavimət göstərdi və qışqırıb əri Azəri çağırdı. Azər gəlib məni kənara çəkdi. Qızımın qayınanası Əsmərin də otağa gəldiyini gördüm. Sonra gödəkçəmi geyindim, əlimdəki qanlı bıçaqla evdən çölə çıxdım. Piyada dəmir yolunun yaxınlığına gələrək əvvəlcə bacım Yetərə zəng etdim, törətdiyim hadisə barədə ona məlumat verdim.
Sonra “102” xidmətinə zəng vurmaq istədim. Bu vaxt Masallı Rayon Polis Şöbəsindən mənə zəng gəldi, harada olduğum soruşuldu. Sonra polis əməkdaşları gələrək məni şöbəyə apardılar. Şöbədə şifahi söhbət zamanı törətdiyim cinayəti etiraf etdim və cinayət aləti olan bıçağı polis əməkdaşına təqdim etdim. Cinayəti ailəmin şərəfini qorumaq məqsədi ilə törətmişəm”.
“Özbaşına evdən getdi”
İş üzrə zərərçəkmiş Gövhərin hüquqi varisi qismində ifadə verən həyat yoldaşı Azərin sözlərinə görə, mərhum Gövhərlə 2015-ci ilin avqust ayında evlənib, birgə nikahdan iki azyaşlı övladı var: “Arvadım, uşaqlarım və anamla birgə Masallı rayonunun kəndindəki ata evində yaşamışıq. Əvvəllər ər-arvad kimi münasibətlərimiz yaxşı olub. Lakin sonralar Gövhər rəfiqələri ilə görüşəcəyini deyərək tez-tez özbaşına evdən getdi, gecə saatlarında qayıtdı.
Gövhərin 2017-ci ildə tanımadığım və adını bilmədiyim bir nəfərlə telefonda danışaraq mənə xəyanət etdiyini öyrəndim. Gövhərin mobil telefonunu əlindən alaraq bir daha ona telefon işlətməyə icazə vermədim. Bir neçə il evdə sakitlik oldu”.
“Mənimlə yaxınlıqdan imtina edirdi”
Azər qeyd edib ki, anası 2022-ci ildə Rusiyada yaşayan qardaşının yanına getdikdən sonra onlar uşaqları ilə birgə yaşamağa davam ediblər: “Oğlum məktəbə, qızım isə bağçaya getdiyindən müəllimlərlə mütamadi əlaqə saxlamaq üçün anam 2023-cü ilin aprel ayında özünün işlətdiyi “Samsung A10s” markalı mobil telefonu Gövhərə göndərdi.
Gövhər telefonu əldə etdikdən sonra onda dəyişikliklər, mənə qarşı soyuqluq, uşaqlara biganəlik müşahidə etməyə başladım. Kənddə Gövhərin tanınmayan maşınlara əyləşərək harasa getməsi barədə söz-söhbət yayıldı. Bu söz-söhbətdən sonra aramızda tez-tez mübahisələrimiz yarandı. Ayrı-ayrı otaqlarda yatdıq.
Gecələr Gövhərin yatdığı otaqdan səsini eşidirdim, onun kiminləsə telefonla danışmasından şübhələndim. Mənimlə evli olmasına baxmayaraq 2023-cü ilin yazından etibarən Gövhərlə ər-arvad münasibətində olmamışam, o mənimlə yaxınlıq etməkdən imtina edirdi”.
“Səsyazısını göndərdik”
Azər deyib ki, 2023-cü ildə səhər saatlarında işə getməyə hazırlaşarkən Gövhərin telefonuna “Ləman Bibi” adı ilə kontakta salınmış nömrədən zəng gəlib: “Telefonu açdıqda kişi səsli birinin “alo, alo” dediyini eşitdim. Ondan kim olduğunu soruşduqda, səhv düşdüyünü deyib telefonu söndürdü. Telefonu özümlə apardım.
Həmin gün Samara şəhərində olan anamla əlaqə saxladım, baş verənləri və kənddə gəzən söz-söhbətləri ona danışdım. Anamdan kəndə gəlməsini xahiş etdim.
Anam kəndə qayıtdıqdan sonra telefonun yaddaşına baxarkən Gövhərin Sahib adlı şəxslə mesajlarını, zənglərini aşkar etdik. Bu barədə Gövhərin anasına və atasına məlumat verdim. Qayınatam Vidadi mənə dedi ki, Gövhər arvadındır, əgər hər hansı sübutu varsa onu öldürür.
Vidadiyə öldürməyin çıxış yolu olmadığını, qızıyla boşanacağımı bildirdim. Vidadi əlimdəki sübutları ona verməyimi istədi. Mən də arvadım Gövhərlə anamın söhbətləşdiyi zaman onun hər şeyi etiraf eləməsi, mənə xəyanət etməsinə dair dediklərinin səsyazısını onlara göndərdik. Sonra qayınatamdam gəlib qızını öz evinə aparmasını xahiş etdik”.
“Zərbələr vurmasına imkan vermədik”
Hüquqi varisin sözlərinə görə, hadisə günü, 22 radələrində qayınatası Vidadi onlara gəlib: “Bir qədər söhbət etdikdən sonra Vidadi sabah tezdən qızını Sumqayıt şəhərinə aparacağını bildirdi. Yatmaq vaxtı qızı ilə eyni otaqda yatıb, onunla bir daha söhbət istədiyini dedi, Gövhərə heç bir şey etməyəcəyinə söz verdi. Vidadi ilə Gövhər birinci mərtəbədə yataq otağında yatdılar.
Gecə saat 3 radələrində Gövhərin qışqırıq səsinə yuxudan oyanaraq anamı səslədim. Özüm isə aşağı mərtəbəyə enərək onların yatdığı otağa daxil olarkən Gövhərin çarpayı üzərində əli ilə belini tutaraq uzanıqlı vəziyyətdə, qayınatam Vidadinin isə əlində qana bulaşmış bıçaqla onun başı üstündə dayandığını gördüm.
Otağa girməyimi görən Vidadi irəli yeriyib əlindəki bıçaqla qızına yenidən zərbə vurmaq istəyərkən anamla onların arasına girdik. Vidadinin zərbə vurmasına imkan vermədik. O, qızına təkrar zərbə vurmağa imkan verilməyəcəyini gördü və evi tərk etdi. Gövhərə yaxınlaşanda onun xırıldadığını və üzərində yatdığı döşəyin qana bulaşdığını gördük. Öncə təcili tibbi yardıma, sonra isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdik”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Vidadi 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.|Teleqraf.com