Fövqəladə hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
Nazir 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.
O jurnalistlərə açıqlamasında qeyd edib ki, bu gün artıq işğaldan azad edilən rayonlarımızda, Şuşada, Xankəndində insanlarımız səs verir, onlar Azərbaycanın suverenliyinə, Azərbaycanın inkişafına səs verirlər.
Nazir qeyd edib ki, artıq Azərbaycan daha böyük inkişaf dövrünə qədəm qoyur.
"Ona görə də əhalimiz çox böyük məmnuniyyətlə seçki məntəqələrinə gedirlər, səs verirlər. Bu, doğurdan da digər illərdən fərqli olaraq çox böyük, möhtəşəm seçkidir" - K. Heydərov vurğulayıb.
Qeyd edək ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir.
Seçkilərdə 7 namizəd mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxındır. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır. Səsvermə saat 19:00-da başa çatacaq./Report