Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkim mama-ginekoloqu Kəmalə Rüstəmova-Talışınskaya nazirliyin saytına müsahibə verib.
Musavat.com həmin müsahibəni təqdim edir.
- Kəmalə xanım, ilk öncə reproduktiv sağlamlıq barədə məlumat verərdiniz…
- Reproduktiv sağlamlıq reproduktiv sistem, cinsi sağlamlıq və ümumi rifahla bağlı mövzuların geniş spektrini əhatə edir. Bura təkcə orqanizmdə baş verən fiziki dəyişikliklər deyil, fərdlərin sosial və emosional halları da aiddir.
Reproduktiv sağlamlıq anlayışı altında fərdlərə öz cinsi və reproduktiv həyatları haqqında seçimlər etməyə imkan verən məlumat və xidmətlər toplanıb. Bu xidmətlərə ailə planlanması, hamiləlik və doğuş, sonsuzluq, kontrasepsiya üsulları, menstruasiya, yetkinlik dövrü, cinsi yolla keçən infeksiyalar və s. aiddir. Reproduktiv sağlamlıq fərdlərin sağlamlıq imkanlarına çıxışı olmaqla yanaşı, eyni zamanda sağlam ailənin planlaşdırılması və yaradılması ilə həm də sağlam cəmiyyətin əsasının qoyulmasına verilən töhfədir.
- Reproduktiv sağlamlığın sütunlarından biri olan ailə planlanması xidmətlərinə nə aiddir?
- Ailə planlanması xidmətləri fərdlərə və cütlüklərə ailələrini öz istək və şəraitlərinə uyğun planlaşdırmaqla bağlı tövsiyələr verir. Bura ailədəki uşaqların sayı, hamiləliklər arası intervalın müəyyənləşməsi baradə öncədən qərar qəbulu, istifadə edilən kontrasepsiya üsulları, gözlənilməz hamiləliklərdən qorunma, gender bərabərliyi və s. daxildir.
- Reproduktiv sağlamlıqda cinsi tərbiyə və maarifləndirmə nə üçün vacibdir?
- Reproduktiv anatomiya, kontrasepsiya və cinsi yolla keçən infeksiyalar baradə məlumatlılıq cütlüklər arasında sağlam münasibətlərin və cəmiyyət daxili açıqlıq, ünsiyyət və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirir. Cinsi yolla keçən xəstəliklər bir fərddən digər fərdə bakteriya, virus və ya parazitlər vasitəsiylə ötürülür. Ən geniş yayılan növlərinə QİÇS/HİV, insan papiloma virusu, genital gerpes və digərləri aiddir. Bu tipli infeksiyaların erkən aşkarlanması və müalicəsinin təşviq edilməsi, uzunmüddətli sağlamlıq fəsadlarının qarşısını almağa və digər fərdə keçməsinə maneə olur, gələcəkdə sağlam hamiləlik dövrünün baş tutmasına yol açır.
- Doktor, həmçinin reproduktiv sağlamlığın menstruasiya və hamiləlik dövrü üçün əhəmiyyəti barəsində məlumat verərdininz…
- Qadınlarda menstruasiya tsikli ortalama 28 günlük dövrü əhatə edir, lakin bu rəqəm 21-35 gün aralığında dəyişə bilər. Bu, uşaqlığın selikli qişasının ayrılaraq xaric olunduğu menstruasiya ilə başlayır, daha sonra yumurtalıqlarda follikulların yetişdiyi follikulyar faza ilə davam edir. Ovulyasiya, menstrual tsiklin ortasında, dominant follikuldan yetkin bir yumurtanın sərbəst buraxılması zamanı baş verir. Luteal fazada isə bədən potensial hamiləlik üçün hazırlanır. Menstrual dövr boyunca, eyni zamanda menstruasiyadan öncə hormonal dalğalanmalar baş verdiyi üçün bu tip dəyişikliklər insan orqanizmində müxtəlif simptomlarla - həm fiziki, həm emosinal şəkildə özünü biruzə verir. İştah artımı, köp, bel və aşağı ətrafların, baş və bel ağrısı ən geniş yayılmış simptomlar arasındadır.
Hamiləlik isə spermanın fallopiya borusunda yumurtanı döllədikdə verən prosesin nəticəsidir. Döllənmiş yumurta uşaqlıq boynuna doğru irəliləyərək, onun selikli qişasına implantasiya olunur, burada təxminən 40 həftə ərzində böyüyür və inkişaf edir. Bu dövrdə həm anaya, həm də dölə göstərilən prenatal qayğıya sağlamlığa nəzarət etmək, o cümlədən müntəzəm yoxlamalar, skrininqlər və testlər aiddir. Hamiləlik, vaginal yolla və ya keysəriyyə əməliyyatı ilə baş verə bilən doğuşla başa çatır və yeni doğulmuş uşaq dünyaya göz açır.
- Reproduktiv orqanlarda inkişaf edən xəstəliklərin ümumi səciyyəvi cəhəti nədir?
- Reproduktiv orqanlarda olan xəstəliklər və anomaliyalar reproduktiv orqanlara və proseslərə təsir edən müxtəlif şərtləri əhatə edir. Onlara sonsuzluq, qeyri-müntəzəm menstruasiya, cinsi disfunksiya və s. aiddir. Reproduktiv anomaliyalar hormonal balansın pozulmasına, iltihablar, reproduktiv orqanlardakı struktur anormallıqlar, genetik meyllər və ya ətraf mühit faktorları kimi səbəblərdən yaranır. Bundan əlavə, pəhriz, məşq, stres səviyyələri və toksinlərə məruz qalma kimi müəyyən həyat tərzi faktorları reproduktiv pozğunluqların inkişafına təsir göstərə bilər. Ən çox rast gəlinən reproduktiv sistem xəstəliklərinə sonsuzluq, polikistoz, endometrioz, QİÇS/HİV və s. aiddir.
- Müasir tibbdə sonsuzluq əleyhinə hansı müalicə metodlardan istifadə edilir?
- Qadın sonsuzluğu qadın reproduktiv sistemindəki problemlərdən, o cümlədən ovulyasiya anomaliyaları, uşaqlıq borusunun tıxanıqlığı, endometrioz və yumurta keyfiyyətinin yaşa bağlı olaraq azalmasından qaynaqlanır. Kişi sonsuzluğu isə sperm istehsalı, keyfiyyəti və ya çatdırılması ilə bağlı problemlərdən, o cümlədən sperma sayının az olması və ya zəif hərəkətliliyi, anormal sperma morfologiyası və reproduktiv sistemin tıxanması nəticəsində yaranır. Hər iki vəziyyət cütlüyün hamilə qalma qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə və hərtərəfli qiymətləndirmə və müalicə tələb edə bilər.
Müasir tibbdə cütlüklərə (fərdlərə) sonsuzluq problemlərinin öhdəsindən gəlməyə kömək etmək üçün bir neçə müalicə üsulu mövcuddur. Müalicə üsulunun seçimi sonsuzluğun əsas səbəbindən, müalicəni qəbul edəcək şəxslərin yaşından və digər amillərdən asılı olaraq dəyişir.
Qeyd edək ki, dərman və digər tibbi prosedurlardan öncə həyat tərzi dəyişiklikləri (sağlam çəki, siqareti tərgitmək, spirt qəbulunun tənzimlənməsi və stresin idarə edilməsi) tövsiyə edilir. Müalicənin seçimi hər bir fərdin xüsusi vəziyyətinə uyğunlaşmalı və ən uyğun yanaşmanı müəyyən etmək üçün sahəvi tibb mütəxəssisi ilə məsləhətləşmə çox vacibdir. Bu hissədə verilən yanlış qərar və müdaxilə cütlüklərin reproduktiv sistemlərinə mənfi təsir edə bilər.
Sonsuzluğun reproduktiv aspektindən başqa, onun fərdlərə emosional təsirini də vurğulamalıyıq. Bu dövrdə emosional sıxıntıdan əziyyət çəkən cütlüklər müxtəlif üsullarla depressiv vəziyyətlərdən qurtula və ümumi rifahı yaxşılaşdıra bilərlər. Təcrübəli psixoloqla məsləhətləşmə və ya terapiya seansları, meditasiya üsullarını tətbiq etmək bu yolda sınanan uğurlu vasitələrindəndir.
- Son dövrlərdə yeniyetmələrin reproduktiv sağlamlığı mövzusu aktuallaşıb. Yetkinlik dövrü necə xarakterizə edilir?
- Yetkinlik dövründə fiziki, emosional və hormonal dəyişikliklərlə səciyyələnən inkişafın transformativ mərhələsidir. Hər iki cinsin nümayəndəsi üçün 10-19 yaş aralığını əhatə edir. Bu yaş arası qızlar üçün süd vəzilərinin böyüməsi, menstruasiya tsiklin başlanması, oğlanlarda isə səs tellərində dəyişiklik və bədənin müxtəlif nahiyələrində tüklərin artması kimi səciyyələnir. Bu dövrdə hormonal dalğalanmalar əhval-ruhiyyə dəyişikliyinə və emosiyaların artmasına səbəb ola bilər. Yeniyetmələrə bu dövrdə baş verənləri uyğun izah etmək, ilkin reporduktiv müayinələrdən keçirilməsinin təmin edilməsi onlara bu dövrü inamla keçməsinə kömək edə bilər.