Ulu öndər Heydər Əliyev Kəlbəcər rayonu haqqında danışarkən bu bölgənin təbiətinin zənginliyinə xüsusi vurğu edirdi: “Kəlbəcər Azərbaycanın çox dəyərli gözəl guşəsidir. Böyük əraziyə malik Kəlbəcər rayonu Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Çox zəngin təbiəti, tarixi abidələri mövcuddur. Allah Kəlbəcərə hər cür nemətlər-gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yerüstü sərvətləri, həm yeraltı sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir. O gün gələcəkdir ki, Kəlbəcər Ermənistan silahlı qüvvələrinin işğalından azad olunacaq və Kəlbəcər sakinləri öz doğma yurdlarına qayıdacaqlar”.
Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə 2021-ci il 16 avqustda azad Kəlbəcərə ilk səfərində rayonun təbiətinin füsunkarlığına heyranlığını belə ifadə etmişdi: “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Bundan sonra daha da cənnətə çevriləcəkdir”.
Həqiqətən də Kəlbəcər bir təbiət möcüzəsidir. Bu Allahın Azərbaycana bəxş etdiyi bir hədiyyədir. Kəlbəcərin hər daşı tarixdir, Kəlbəcərin hər qarışı qızıldır, Kəlbəcərin hər bir bulağının suyu dərmandır, Kəlbəcərin hər qarış torpağı bərəkətdir, ruzidir. İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət ocağı, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə müəssisəsi, 1 muzey darmadağın edildi.
İndi isə Kəlbəcər yenidən qurulur, Kəlbəcər şəhərində hazırda ümumilikdə 202 mənzildən ibarət binalar inşa edlib yekunlaşmaqdadır. Tarixi qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. Artıq müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrası sürətlə davam edir. Kəlbəcərli fermerlər, arıçılar yay mövsümündə təsərrüfatlarını doğma yurdlarına köçürürlər. Əhalinin bu il yeni inşa olunan Kəlbəcər şəhərinə köçürülməsinə start veriləcək. Ulu öndər Heydər Əliyevin bir zamanlar böyük uzaqgörənliklə dedikləri reallaşır-kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar.
Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılıb. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir.
Azərbaycanın flora növləri, təbii sərvətlərinin əhəmiyyətli hissəsinin yerləşdiyi rayonlarımızdan biri Kəlbəcərdir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər rayonu ərazisində 500-dən artıq müxtəlif bitki növü vardır. Onlardan 200-ə qədəri dərman bitkiləridir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal bu yerlər üçün xarakterik fauna növləridir.
Bu bölgə faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 30 min hektar ərazisini meşələr təşkil edir.
Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefritoidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataqları aşkar edilib. Bu yataqlardan Söyüdlü və Ağduzdağ yataqları sənaye əhəmiyyəti daşıyır ki, onların bazasında Kəlbəcər rayonunda qızıl sənayesi təşkil etmək olar.
Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsudur. Kəlbəcər rayonu axar çaylarla zəngindir. Onlardan ən böyüyü Tərtərçaydır.
Bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır.
Qeyd etdiyimiz təbii sərvətlərinə, təbiətinin ecazkarlığına görə Kəlbəcər böyük turizm potensialı olan rayondur. Burada həm ekoturizm, həm müalicəvi turizm üçün unikal təbii imkanlar var. Kəlbəcər xalqımızın, dövlətimizin böyük sərvətidir. SSRİ dönəmində bütün sovet respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz Kəlbəcərdədir. Vaxtilə ora böyük kurort zonası idi. Hazırda böyük İstusu ərazisində tutulan “İstisu” İstirahət-Müalicə Kompleksinin inşası həyata keçirilir. 34 hektar ərazini əhatə edən “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin istifadəyə verilməsi nəzərdə tutulub. Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq. Eyni zamanda Kəlbəcərdə “İstisu” mineral su zavodu da tikilir. Zavodun tikintisi demək olar ki, yekunlaşmaq üzrədir. İstifadəyə veriləcək zavodda gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.
“İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.
Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.
Mütəxəssislər hesab edir ki, Kəlbəcərdə qoruq, milli park yaratmağın da zamanı gəlib çatıb. Həm təbiətimizi qoruyaq, həm də ekoturizm inkişaf etsin. Ermənilərin ağır zərbələr vurduğu Kəlbəcər təbiətini qorumaq, dirçəltmək isə dövlətlə yanaşı ilk növbədə oraya qayıdan və qayıdacaq yerli sakinlərin, icmaların, hər bir vətəndaşın əsas vəzifələrindən biri olmalıdır. Rayonun kəndlərinin gələcək iqtisadi inkişafı üçün hər bir kənd sakini flora və faunaya, təbii sərvətlərə həssas yanaşmalıdır. Ermənilər yadelli işğalçıydılar, bu gün Kəlbəcərə qayıdan və bundan sonra qayıdacaq bizlər isə bu yerlərin əsl sahibləriyik. Bu isə hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu məsuliyyətimizi dərk etməli, gələcək nəsillərə daha gözəl Kəlbəcər qurmalıyıq. Təbiəti qorunan, zənginləşən istənilən bölgənin, istənilən kəndin, rayonun əhalisinin iqtisadi, sosial durumunun da yaxşı olması faktını da unutmamaq lazım. Gələcəyimiz üçün Kəlbəcər təbiətini qoruyaq, inkişaf etdirək.
Qeyd: "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsinə tədqim etmək üçün
Etibar SEYİDAĞA,
Musavat.com