Bakıda qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İsgəndər Bəbirovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gələrək, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib. İ.Bəbirov eyni vaxtda həyətdə fəhlə işləyən Nicat Şəbiyevi də bıçaqlayaraq hadisə yerindən qaçıb. Lakin Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb. Yaralı N.Şəbiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Polis tərəfindən saxlanılan İsgəndər Bəbirov ifadəsində bildirib ki, Qala qəsəbəsində qohumuna məxsus ərazidən 2 sot torpaq alıb. Torpağa dair etibarnamə həyat yoldaşının adına olub. Çünki pulu o, ödəyib.
2015-ci ilin mart ayından orada ev tikməyə başlayıblar. Noyabrın 12-si saat 15:00 radələrində evin qabağına çatanda qara rəngli maşın, həyətə baxanda isə mətbəx otağının pəncərəsindən arvadı və onun yanında Malik Muradovu görüb. Bəbirovun sözlərinə görə, Malik Lerik rayonunda İstigülün bacısı Zeynəbin qonşusu olub. Bir müddət onları müşahidə edib. Əvvəl çıxıb getmək istəyib. Sonra fikrini dəyişib, həyətə girib və ağac budağını götürüb pəncərəyə tərəf atıb. Budaq pəncərəyə dəyən kimi, İstigül və Malik ona tərəf baxıblar. Malik evdən çıxıb, ona dğgru gələ-gələ ünvanına nalayiq sözlər işlədib. İsgəndər onları telefona çəkdiyini deyərək həyətdən çıxıb qaçıb.
Səhərisi gün Bəbirov bağ evindəki qonşusuna zəng edib, Malikin nömrəsini götürüb, ona zəng edib. İstigülün əri olduğunu bildirməklə onun ailəsini dağıtmamasını xahiş edib. Hətta Muradova yalvarmağa başlayıb. Malik isə onu təhqir edərək tezliklə görüşəcəklərini söz verib. İsgəndər onları birlikdə görəndən sonra bağ evinin təmiri ilə daha məşğul olmayıb. Qalmağa yeri olmadığından küçələrdə gecələyib. Arvadı və Maliklə axırıncı telefon danışıqlarından sonra hər ikisini öldürmək qərarına gəlib. Bu məqsədlə silah axtarışına başlayıb.
Noyabrın 19-da Masallı rayonunda Köhnə Bazar adlanan yerdə tanımadığı şəxsdən 380 manata tüfəng alıb və Bakıya qayıdıb. Mərdəkan qəsəbəsində ovçular mağazasından 25 ədəd patron alıb. Gecə saat 23:00 radələrində bağ evinə gedib və Maliklə arvadının gəlməsini gözləyib.
Səhər tezdən Malik fəhlələrlə həyətə daxil olanda o, evin içində olub. Silahı isə gecədən doldurub hazır vəziyyətdə mətbəx otağına qoyub. Bəbirov tüfəngi qapıya doğru istiqamətləndirib. İçəri girən fəhlələrə sakit durmalarını və digər otağa keçməklərini işarə edib. Malikin səsindən onun qapının yanında dayandığını hiss edib. O, pəncərədən düşüb Muradovun arxa tərəfinə keçib. Aralarında təxminən 5 metr məsafə olub. İsgəndər atəş açıb. Sinəsindən yaralanan Malik yerə yıxılıb. Ona yaxınlaşarkən əli qəflətən tətiyə toxunub və Muradovun üz nahiyəsinə ikinci atəş açılıb.
Bundan sonra hasarın yanında olan fəhlələr üstünə hücum edib. İsgəndər silahı kənara atıb onlarla əlbəyaxa olub. Gödəkcəsinin cibindən bıçağı çıxarıb, özünü öldürmək istəyib. Kəsici aləti cibinə qoymaqda məqsədi silahdan atəş açılmasa, Maliki həmin bıçaqla öldürmək olub. Fəhlələr onun qollarından tutaraq bıçağı əlindən alıb polisə xəbər veriblər. Bir müddətdən sonra gələn polis əməkdaşları onu polis idarəsinə aparıblar. Maliki arvadı ilə yaxın münasibəti olduğuna görə öldürdüyünü bildirib.
Zərərçəkmiş qismində dindirilmiş İstigül Mərdiyeva ifadəsində, İsgəndər Bəbirovla rəsmi olaraq ayrıldığını göstərib. Qadın qeyd edib ki, keçmiş ərinin 2015-ci il noyabrın 12-də onu və Malik Muradovu bağ evində birlikdə görməsini deməsi həqiqətə uyğun deyil. Çünki həmin gün o, Qala qəsəbəsində olmayıb.
Şahid qismində ifadə verən Günel Bəbirova bildirib ki, atasının anası barədə dedikləri yalan və şayiədir.
Məhkəmə prosesində İsgəndər Bəbirov ittiham üzrə özünü qismən təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum olunub./Ölkə.Az