Katolikosun Paşinyanı devirmək üçün son cəhdi

 

Arxasında kilsə dayanan Baqrat Qalstanyan yenidən aksiyalara başlayır; hakimiyyətlə Eçmiədzin arasında nifaqda kim qalib gələcək?

Bütün ermənilərin katolikosu II Qareginlə Ermənistan hakimiyyəti arasında gərginlik qalmaqdadır. II Qareginlə Paşinyan arasında soyuqluq hələ 2018-ci ilin “məxməri inqilab”ından sonra yaranıb, zaman-zaman hətta qarşıdurma səviyyəsinə çatıb.

2020-ci ilin payızında Ermənistanın 44 günlük müharibədə məğlub olmasından sonra hakimiyyət və kilsə arasında qarşıdurma davamlı xarakter alıb. 2020-ci il dekabrın 8-də, müharibənin bitməsindən bir ay sonra II Qaregin hətta Nikol Paşinyanı istefaya da çağırıb. O vaxtdan bəri katolikos və baş nazir, ümumiyyətlə, əlaqə saxlamayıb və rəsmi tədbirlərdə birgə iştirakdan yayınıblar. İndi isə münasibətlər qarşılıqlı nifrət həddinə çatıb. Bu ilin aprel ayında Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının arxiyepiskop Baqrat Qalstanyanın əsas tələbi Paşinyanın istefası oldu ki, bu da hakimiyyətlə Eçmiədzin arasında növbəti nifaq yaratdı. Paşinyan və onun tərəfdarları hesab edirlər ki, bu aksiyalar II Qareginin “xeyir-duası” ilə başlayıb. Təsadüfi deyil ki, Nikol Paşinyan aksiyalarla bağlı mətbuat konfransında bildirib ki, katolikos faktiki olaraq siyasi hərəkata rəhbərlik edir.

Sentyabrın 29-da Eçmiədzində keçiriləcək mərasimə baş nazir Nikol Paşinyanın dəvəti isə hələ münasibətlərin normallaşacağı demək deyil. “Paşinyan dəvətə nə cavab verəcək? Görünür, onun reaksiyası "Vətən naminə Tavuş" bayraqları altında gözlənilən yeni etiraz dalğası ilə bağlı olacaq. Hərəkat yayda fasilə verdi və bu payızda siyasi səhnəyə yenidən güclə qayıdacağına söz verib. II Qareginin “xeyir-duasını” alan Baqrat yenidən küçələrdə vətəndaş itaətsizliyi aksiyalarına başlayarsa, Paşinyanın mərasimə dəvətinin heç bir mənası olmayacaq. İstənilən halda vəziyyət elə qalır ki, heç bir tərəf münaqişəni onun hərəkətləri zəifliyin və hətta “sifətinin itirilməsinin” təzahürü kimi qiymətləndiriləcək şəkildə həll etmək niyyətində deyil. II Qaregin hazırkı baş nazirin istefası ilə bağlı “ata nəsihətindən”, Paşinyan isə kilsəni sıxışdırmaq kursundan əl çəkməyəcək. Qarşıdurmanın ən azı 2026-cı ilin iyununda keçiriləcək növbəti parlament seçkilərinə qədər davam edəcəyi ehtimal edilir", - deyə yekramas.org saytı yazır.

Azər Badamov: Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq çoxşaxəlidir -  AZƏRTAC

Azər Badamov 

VI çağırış Milli Məclisin deputatı Azər Badamov kilsə ilə Paşinyan arasında dərin uçurumun yarandığını qeyd etdi: “2018-ci ildə Qərbin dəstəyi ilə Sərkisyan rejimini devirərək hakimiyyətə gəlmiş Paşinyanla kilsə arasında ziddiyyətlər ilk gündən davam etməkdədir. Kilsə Sərkisyan rejimini dəstəkləyirdi və məhz bu rejimin hakimiyyətdə olmağı ilə böyük maliyyələr qazanır, öz çirkin niyyətlərini həyata keçirirdi. Paşinyanın hakimiyyətə gəlməsi kilsənin özbaşınalıq etmək çərçivəsini daraltdı. Təbii ki, bu da kilsə ilə Paşinyan arasında ziddiyyətlərin dərinləşməsinə yol açdı. Ermənistanın 44 günlük müharibədə məğlub olması kilsənin əlinə Paşinyanı devirmək üçün yeni fürsət vermiş oldu. Kilsə bu fürsətdən məharətlə istifadə edərək Paşinyanı istefa verməyə çağırış etdi. Paşinyan ölkədə qızışan radikal etirazlara cavab olaraq növbədənkənar seçkiyə getdi. Seçkidə məğlub prezidentin yenidən xalqın etimadını qazanması kilsənin və radikal qüvvələrin müəyyən müddətdə sakitləşməsinə məcbur etdi. Amma 20 sentyabr 2023-cü ildə Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra radikal müxalifət və kilsə cütlüyü birləşərək Paşinyana qarşı mübarizəyə yenidən qalxdı. Hətta Tavuş vilayətində keçirilmiş delimitasiya prosesinə və 4 kəndimizin bizə qaytarılması prosesindən sonra kilsə Baqrata xeyir dua verərək davamlı aksiyaların keçirilməsi planına start verdi. Paşinyan Baqratın rəhbərlik etdiyi aksiyalara ciddi yanaşmadı və növbəti parlament seçkisinə qədər istefa verməyəcəyini bildirdi. Hətta Paşinyan kilsəni dövlət büdcəsinə vergilər verməməsinə görə ittiham etdi.

Yay aylarında Baqratın aksiyaları sakitləşsə də, payız aylarında yenidən canlanacağı ilə bağlı xəbərlər yayılır. Bütün bunlar kilsə ilə Paşinyan arasında düzəlməyən bir uçurumun yarandığını göstərir. Sentyabrın 29-da Eçmiədzində keçiriləcək mərasimə baş nazir Nikol Paşinyanın dəvət olunması kilsənin hakimiyyətlə münasibətlərinin normallaşdırılmasına cəhd kimi başa düşmək olar. Amma bu mümkün deyil. Çünki kilsə hər vasitə ilə Paşinyanı devirmək planlarını həyata keçirmək üçün radikal müxalifətlə birgə Baqratı yenidən meydanlara göndərəcək. Paşinyan kilsəyə inanmır və Eçmiədzində keçiriləcək tədbirə qatılacağı da sual altındadır. Bu baxımdan 2026-cı ilə qədər Paşinyan öz hakimiyyətini davam etdirəcək və ondan sonra nələr baş verəcəyini zaman göstərəcəkdir. Amma hesab edirəm ki, 2026-cı ildə də Paşinyan yenidən hakimiyyətdə qalacaq. Çünki bu gün Ermənistanda Paşinyanı əvəzləyə biləcək ikinci bir lider yoxdur".

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev

AMİP liderinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev erməni baş nazirin kilsəni siyasətdən uzaqlaşdırmaq üçün hərəkətə keçəcəyini düşünür: “Paşinyan və bütün ermənilərin katolikosu II Qaregin arasında olan münasibətlərdə hər hansı dəyişiklik yoxdur. Paşinyanın erməni kilsəsi ilə bağlı qanunvericilikdə islahatlar proqramı hələ də gündəlikdədir, eyni zamanda katolikosun hazırkı hakimiyyətin dəyişdirilməsi istiqamətində istək və arzuları hələ də qalır. Bu gərginliyin yarandığı son bir neçə ildə hələ ki kilsə Paşinyana təsir imkanları əldə edə bilməyib. Bunun əksinə olaraq Paşinyan böyük ehtimalla yaxın gələcək üçün kilsənin siyasətdən uzaqlaşdırılması istiqamətində uğurlu addımlar ata biləcək. Burada onun əl qolunu açan amillərdən biri də erməni əhalisinin son zamanlar II Qareginə etimadsızlıqlarının yaranmasıdır. O səbəbdən idi ki, keçən il katolikosun çağırışlarına baxmayaraq əhalinin əksəriyyəti keşiş Baqratın hərəkatına qoşulmadı. Hazırda vəziyyət o yerdədir ki, II Qaregin üzdə büruzə verməsə də, Paşinyanı hakimiyyətdən aparmaq gücündə olmadığını anlayıb. Bu istiqamətdə xaricdən gözlədiyi dəstək yox dərəcəsindədir. Amma o eyni zamanda Paşinyanın kilsə ilə bağlı planlarının həyata keçirə bilməsi perspektivlərini də yaxşı görür. Burada əsas narahat olduğu onun məhz kilsənin özü tərəfindən katolikos vəzifəsindən aparılması ehtimallarının hər gün artmasıdır. Paşinyanın Eçmiədzində keçiriləcək tədbirə dəvət olunması hökumət başçısına kilsə tərəfəndin göstərilməsi vacib olan diqqətdirsə, digər səbəb bu gedişlə II Qaregin Paşinyanla nisbi olsa da münasibətləri yumşaltmağa və ən azı kilsə ilə bağlı planların həyata keçirilməsində vaxt udmağa çalışacaq. Hesab edirəm ki, Paşinyan bu tədbirə qatılacaq və bu iştirakdan II Qareginin onun qarşısından geri çəkilməsi ilə bağlı ölkədə bir fikir formalaşmasına çalışacaq. Həmçinin anonsu verilən yeni Baqrat hərəkatına da güclü zərbə dəyəcək. Yox əgər getməyəcəksə, bu o anlama gəlməlidir ki, Paşinyan kilsə ilə bağlı yaxın zamanlarda planlarını həyata keçirməkdə maraqlıdır və buna mane olacaq hər hansı yumşalmaya, yaxud təmasa getməyəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

18.09.2024 12:25
648