Ölkə dolandırmaq, xüsusilə də hamıya yaxşı güzəran yaratmaq, yüksək rifah təmin etmək gerçəkdən də çox çətindir.
Bu məsələdə uğurlu olmağın şərtləri çoxdur: ölkənin təbii və insan resursları yetərincə olmalıdır, əlverişli iqlim qurşağında yerləşməlidir, qonşuları aqressiv olmamalıdır, dövlətdə qanunun alililiy təmin edilməlidir, iqtisadi islahatlar birər-birər həyata keçirilməlidir, korrupsiya cilovlanmalıdır və sair və ilaxır. Yuxarıda dediyimiz kimi, şərtlər çoxdur.
Bu günlərdə BMT-nin və Oksford universitetinin insan inkişafı məsələlərini öyrənən mərkəzlərinin açıqladığı birgə hesabatdan görünür ki, heç də dünyanın bütün ölkələri bu işin öhdəsindən gələ bilmirlər.
Hesabatda göstəriılir ki, dünyada 1,2 milyarddan çox insan həddindən artıq yoxsulluq içində yaşayır.
“Həddindən artıq yoxsulluq” o deməkdir ki, bu qədər insanın gündə 2 dollardan az qazancı var, evlərində tualet, su, yanacaq, işıq yoxdur, həkimə müraciət etmək və ya təhsil almaq imkanından məhrumdurlar.
Bu hesabla gündə 2 dollardan çox (məsələn, 3 dollar) qazanan və evində suyu, sanitar qovşağı olan daha 1-2 milyard adamı “varlı” saymaq olar. Xeyr. Onlar da yoxsuldur, sadəcə, yoxsulluq həddindən aşağıda deyillər, bir az üstündədirlər.
1,2 milyard yoxsulun 579 milyonu cənub-şərqi Afrikada yaşayır. Bu bölgədə insan populyasiyası çox, iqlim şəraiti əlverişsiz, təbiət qısırdır, üstəlik, region hərbi-siyasi baxımdan qeyri-stabildir, tez-tez vətəndaş müşahirbəsi baş verir, hərbi çevrilişlər olur. Nəticədə insanlar yer-yurdlarını tərk edirlər: dünən pis-yaxşı yemək tapırdılarsa, başlarının üstündə dam vardısa, bir yerdən 3-5 dollar qazanırdılarsa, bu gün artıq heç biri yoxdur.
Cənubi Asiyada təxminən 385 milyon insan “çox ölçülü yoxsulluq” şəraitində yaşayır. Bu bölgənin əsas problemi insan artımı ilə bağlıdır. Çoxuşaqlı ailələrin dolanışığını nə özləri təmin edə bilir, nə də dövlət. Təkcə Hindistanda 900 milyon yoxsul var. Bunlardan 229 milyonu yoxsulluq həddindən aşağıdadır. Bu ölkədə tam yoxsulların sayı 15 il ərzində 415 milyon nəfər azalsa da, onlar da güzəranlarını zor-bəla təmin edənlər kateqoriyasına aiddirlər.
Nigeriya neft ölkəsidir, amma bu ölkənin əhalisinin 97 milyonu yoxsulluq həddindən aşağıda yaşayır. Yəni zəngin təbii resurslara malik olmaq ölkə əhalisinin heç də hamısının güzəranına yaxşı təsir etmir.
Bunun əksinə, Yaponiyanın zəngin təbii resursları yoxdur, amma əhalisi dünyanın ən firavan yaşayan ölkələrindən biridir.
Norveçin rifah halı yüksək olan ölkələrdən olması malik olduğu resurs zənginliyinin hesabına ola bilər, amma təkcə o deyil. Bu məsələdə Norveçin sülhsevər bölgədə qərar tutması, yaxşı idarə edilməsi, bir də əhalisinin həm az, həm də yüksək təhsilə malik olması rol oynayır. Əgər bu ölkənin də 5 milyon yerinə Nigeriya kimi 229 milyon, ya da Banqladeş kimi 170 milyon əhalisi olsaydı, güman ki, ölkənin təbii resursları onları doyurmağa çatmazdı.
Buradan o məna çıxır ki, hər ölkənin öz demoqrafik siyasəti də olmalıdır. Bəzi ölkələr (Rusiya, Kanada, Monqolustan) əmək qabiliyyətli insan azlığından əziyyət çəkdiyi halda başqa ölkələrdə yüz milyonlarla işsiz-gücsüz insan var. Ən qəribəsi odur ki, firavan ölkələrdə insanların ildən-ilə azalması prosesi gedirsə, yoxsul ölkələrdə demoqrafik partlayış baş verir: əhali ildən-ilə də yox, saat hesabıyla artır.
Bununla belə, sözügedən hesabatı açıqlayanlar optimistdirlər, hesab edirlər ki, 2025-ci ilə qədər 100 milyon insan yoxsulluqdan qurtulacaq.
Bu, necə olacaq, hesabat müəllifləri açıqlamır. Amma işin gedişatı göstərir ki, hələ daha da pis ola bilər. Yer planetinin təbii resursları artan əhalinin doyuzdurulması üçün açıq-aşkar azlıq edir. Üstəlik, müxtəlif bölgələrdə baş verən müharibələr, dünya müharibəsinin kandarda olması göstərir ki, vəziyyət daha da pisləşə bilər.
Məsələn, Ukrayna kimi firavan ölkə bu gün xarabazarlığa dönüb, milyonlarla vətəndaşı hər şeyini itirmiş qaçqınlara çevrilib, Avropa ölkələrinin humanitar yardımına möhtac qalıb.
Rusiya kimi milyonlarla əcnəbinin iş, çörək tapdığı ölkə sırf müharibə səbəbindən boşalır: müharibədə ölənlər saysız-hesabsızdır, vətəndaşlıq verilərək müharibəyə aparılan əcnəbilər bundan imtina etdikdə ölkədən qovulurlar, yerli insanların da xeylisi gümanları gələn ölkələrə köçürlər.
Bir sözlə, yoxsulluğun artmasının əsas şərtlərindən biri olan müharibə təkcə Rusiya və Ukrayna xalqının yox, eləcə də bu ölkələrin qonşuluğunda olanların həyatına, dolanışığına təsir edir.
Belə bir mütəkkəb zamanda bir ölkənin təhlükəsizliyini təmin etməklə yanaşı, sabahını, rifahını təmin etməyi də düşünmək lazımdır. Bu, əsasən siyasətçi və iqtisadçıların birlikdə düşünüb həyata keçirdikləri dövlət proqramları vasitəsilə olmalıdır.