Kartof və soğanın bahalaşacağı anonsu

Hər iki məhsulun əkin sahəsi azalıb, yağıntılar isə...

Bu il Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının əkin sahələrində azalma var. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin yanvar-may aylarında 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu zaman ölkə əhalisinin qida rasionunda mühüm yer tutan kartof əkinləri 10,4 faiz və ya 5691 hektar azalmaqla 48 min 990 hektar təşkil edib.

Hesabat dövründə Qazax-Tovuz iqtisadi rayonunda 21 min 737.6 hektar, Lənkəran-Astara iqtisadi rayonunda 10 min 122.5 hektar, Quba-Xaçmaz iqtisadi rayonunda 4 min 46 hektar, Şəki-Zaqatala iqtisadi rayonunda isə 3 min 916.5 hektar kartof əkilib.

Bu il həmçinin ölkədə 10990 hektar sahədə soğan əkilib. Son illərdə ölkədə soğan əkini sahələrində azalma olsa da, məhsuldarlığın artması hesabına ümumi istehsalın artması müşahidə edilir. Məsələn, 2019-cu ildə 12 389 hektar sahədən 267 229 ton,  2021-ci ildə 11 647 hektardan 286 375 ton, soğan yığılıb. Ötən il isə 10221 hektar sahədən 275195 ton soğan əldə olunub.

Kartofda da eyni trendi görmək mümkündür: 2019-cu ildə 56921 hektar sahədən 1 milyon 4172 ton,  2021-ci ildə 56104 hektar sahədən 1 milyon 61 958 ton kartof əldə edilib. 2022-ci ildə 54,7 min hektar sahədən 1 milyon 74,3 min ton kartof yığılıb.

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən 1980-ci ildə dünyada soğan əkinlərinin sahəsi 1,62 milyon  hektar təşkil etdiyi halda, 2020-ci ildə bu rəqəm 5,5 milyon hektara çatıb. Qlobal soğan istehsalı isə 22-23 milyon tondan 2022-ci ildə 100 milyon tona qədər artıb. Dünyada adambaşına soğan istehlakı göstəricisi isə ildə 8 kq-dan 13 kq-a yüksəlib. Qlobal soğan ticarətinin natural həcmi 9 milyon ton civarındadır. Dəyər ifadəsində isə soğan ticarətinin həcmi 20 ildə 3 dəfədən çox artaraq 2021-ci ildə 52 milyard dolları keçib.

Hazırda dünyanın 170-dək ölkəsində soğan istehsal olunsa da, ixracla çox az sayda ölkə məşğuldur. Qlobal soğan ixracında birinci yer Niderlanda məxsusdur. Daha sonra Hindistan, Çin, İspaniya, Meksika, Misir, ABŞ və sair ölkələr gəlir...

Kartofa gəlincə, bu məhsulu dünyanın demək olar ki, bütün dünya ölkələrində yetişdirirlər. İllik istehsal həcmi 370 milyon ton ətrafındadır. Bu məhsul 18 milyon hektara yaxın sahədən əldə edilir. Kartof istehsalında ilk dörd yer Çin, Hindistan, Ukrayna və Rusiyaya məxsusdur. Lakin dünya kartof ticarətində ilk dördlükdə Belçika, Niderland, ABŞ və İspaniyadır. Qlobal kartof ticarətinin həcmi 2021-ci ildə 4,5 milyard dollara yaxın olub.

Maraqlıdır ki, dünyada kartofun təzə halda istehlakı ümumi istehsalın heç yarısı qədər deyil. Kartof xüsusilə inkişaf etmiş ölkələrdə əsasən emal sənayesində, heyvandarlıq və quşçuluqda daha çox istehlak edilir.

Soğan və kartof bu səbəbdən BAHALAŞIB, biznes xeberleri 2023

2022-ci ildəki 6 faizlik azalmaya baxmayaraq, FAO-nun proqnozuna əsasən 2027-ci ilədək dünyada kartof istehsalı hər il 3,5 faizlik artım nümayiş etdirəcək.

Rəsmi statistika Azərbaycanın soğanla özünü tam təmin etdiyini deyir. Kartofla özünütəminat isə 88 faiz təşkil edir.

Ölkənin ərzaq balansından aydın olur ki, Azərbaycanda əhalinin illik soğan istehlakı 250-270 min ton civarındadır. Daha 29-30 min ton itkiyə gedir. Hər ilin yekununda növbəti ilə 45-50 min ton soğan entiyatı ilə keçirik. Yerli soğan istehsalı davamlı olaraq artaraq illik 280-285 min ton civarına çatıb. Soğan əkini sahələri ildən-ilə azalır - 2019-cu ildəki 12,4 min hektardan 2021-ci ildə 11,6 min hektara düşüb. Buna baxmayaraq, məhsuldarlığın artması istehsalda davamlı yüksəlişi təmin edir.

Ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 840-845 min ton civarında göstərilir. Daha 6,5-7 min ton qida məhsullarının istehsalına sərf edilir. Mal-qara və quş yemi üçün kartof istehlakı sürətlə artaraq 2021-ci ildə 55,5 min tona çatıb. İllik itkilər 70 min ton ətrafında dəyişir. 650-700 min ton isə növbəti ilə qalıq keçir. Beləliklə, aydın olur ki, Azərbaycanda kartofun təzə formada istehlakı üstün yer tutur. Halbuki inkişaf etmiş ölkələrdə kartof əsasən emal sənayesində istifadə edilir.ı

Azərbaycanda soğan üzrə yerli istehsal tələbatdan yüksək olsa da, 2020-2021-ci illərdə soğan idxalında kəskin artım qeydə alınıb. 2020-ci ildə xaricdən 13,5 min ton, 2021-ci ildə isə 12,5 min ton soğan almışıq. Halbuki 2018-ci ildə cəmi 167 ton soğan idxal etmişdik. 2022-ci ildə isə soğan idxalı cəmi 398,26 ton təşkil edib.

İxraca gəlincə, burada da azalma var. 2017-ci ildə 57 min tonluq ixracımız 2021-ci ildə 13,8 min tona qədər azalıb.

2022-ci ildə  soğan ixracı 12939,23 ton (3 milyon 350,15 min dollar), kartof ixracı 78 301,42 ton (35 milyon 121,66 min dollar), soğan idxalı 398,26 ton (161,47 min dollar), kartof idxalı isə 159 725,97 ton (41 milyon 788,31 min dollar) təşkil edib. Kartofu əsasən Belarus(6355,98 ton), Rusiya(45274,57 ton), Ukrayna(2931,7 ton), Gürcüstan(7882,8 ton), İran(41647,78 ton), Pakistan(24580,43 ton), Türkiyədən(31005,17 ton) idxal etmişik. Bu məhsulun ixracında Rusiya(73677,01 ton), Belarus(1886,25 ton) və Ukrayna(1413,85 ton) əsas yerləri tutub.

Kartof ixracı və idxalı 2021-ci illə müqayisədə xeyli azalıb. 2021-ci ildə 92 350 ton ixrac, 226 906 ton idxal olmuşdu.

Son illərdə qış və yaz aylarında Azərbaycan və region ölkələrində soğan qiymətinin kəskin bahalaşması müşahidə olunur. 2020-ci ildən başlayaraq Azərbaycan hökuməti demək olar ki, hər il qış aylarında soğan ixracına müvəqqəti qadağa tətbiq edir. Ötən qış da fevralın əvvəlində Nazirlər Kabineti onun ixracını müvəqqəti olaraq qadağan etdi. Həmin vaxta qədər ölkədə soğanın qiyməti kəskin bahalaşaraq 1,5-1,6 manata yüksəlmişdi. Səbəbi isə region ölkələrində soğan qıtlığı və bahalığına görə ixracın kəskin artımı idi. Belə ki, bazarlardakı qiymət şərtləri əlverişli olduğuna görə Azərbaycandan soğan ixracı dekabr-yanvar aylarında rekord həddə çatmışdı. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ilin dekabrında 727 ton, yanvarda isə 1864 ton soğan ixrac olunub. Yanvar-fevralda soğan ixracı 2099,47 ton olub. Bu, indiyədək qeydə alınmayan haldır. Çünki Azərbaycandan adətən faraş soğan ixrac edilir - aprel-may-iyun aylarında. Bu müddətdə adətən 8-10 min ton arası ixrac olur. Ondan sonrakı 4-5 ay ərzində 1-2 min ton ancaq ixrac qeydə alınır. Lakin xarici bazarlardakı qiymət şərtləri çox əlverişli olduğuna görə dekabr-yanvar aylarında ixrac qat-qat artıb. Nəticədə, Nazirlər Kabineti daxili bazarda tələbatın təmin olunması üçün ixracı dayandırıb, idxalı stimullaşdıran dəyişikliklər edib.

Aprelin sonunda soğan ixracı faraş məhsul hesabına artaraq 3014,65 tona yüksəlib.

Kartofa gəlincə, bu ilin yanvar-aprel aylarında 80 415,36 ton (22 milyon 312,45 min dollar) kartof idxal edilib, 7 777,82 ton (3 milyon 475,7 min dollar) isə ixraca  yönəldilib.

Bu il kartof və soğan səpini zamanı hava şəraitinin uyğun olmaması, yağıntılı və soyuq keçməsinin məhsuldarlığa mənfi təsir edəcəyi gözlənilir. Adətən Azərbaycanda  yayda  - məhsul yığımı dövrü və ondan sonrakı 4-5 ayda soğan və kartof  ucuz olur, yanvar-aprel aylarında isə qiymət xeyli bahalaşır. İqlim şəraitinə görə məhsuldarlığın aşağı olması kartof-soğanın qiymətində bahalaşmanın  daha tez və daha çox olmasına gətirib çıxara bilər. Yağıntılı hava şəraitinin kartofa mənfi təsiri artıq üzə çıxmaqdadır. Belə ki, iyun ayından təzə kartofun yığımı başlayıb. Bazara çıxarılan təzə kartofun xeyli hissəsi yaralı, xəstəlik vurmuş haldadır. Yerlərdən aldığımız məlumata əsasən xüsusilə cənub və qərb bölgələrində yağıntılı hava üzündən kartof torpaqda xarab olub, üstəlik, yağışların dərmanlamaya mənfi təsiri nəticəsində qurd və dogər zərərvericilər məhsula böyük ziyan vurub. Bu isə yerli məhsulun tez sıradan çıxmasına, bazardakı qıtlıqdan istifadə edən idxalçıların qiymətləri artırmasına səbəb ola bilər.

Yerlərdən aldığımız məlumata görə, ölkənin soğan istehsalında əsas yerləri tutan bölgələrdə - Bərdə, Ağcabədi, Ağdam və sair - bu il həm əkin sahələri azaldılıb, həm də məhsuldarlıq aşağıdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

07.07.2023 08:00
2014