Kartof bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA

Yaxın günlərdə istehlak bazarında kartofun qiymətinin bir qədər aşağı düşməsi gözlənilir. Buna səbəb Cəlilabad rayonunda payızlıq kartofun yığımına başlanılmasıdır. Yaxın bir neçə gün ərzində yerli bazara 20 min tondan artıq kartof çıxarılacaq.

Bu da təbii ki, qiymətlərə öz təsirini göstərəcək.

Məsələ ilə bağlı Bizim.media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bazara daha çox məhsulun çıxarılması, təbii ki, qiymətlərin müəyyən qədər azalmasına səbəb olacaq:

“Çünki təklif tələbi üstələdikcə qiymətlər aşağı düşür. Ümumiyyətlə, hazırda kartofun qiyməti ötən illə müqayisədə 30 faiz azdır. Yaxın vaxtlarda da bahalaşma gözlənilmir. Ən pis halda fevral-mart aylarında kartof bahalaşa bilər”.

Akif Nəsirli onu da qeyd edib ki, ölkəmizin kartofa olan illik tələbatı bir milyon tondur:

“Azərbaycanda ildə təxminən 1 milyon 400 min ton kartof istehsal edilir. Amma istehsal edilən kartofun xeyli hissəsi ixrac edilir. Ona görə də bəzi aylarda xaricdən kartof idxal edirik. Yəqin ki, 2024-cü ilin birinci rübündə də belə olacaq.

Ümumiyyətlə, aprelin ikinci yarısına kimi, yəni faraş kartof bazara çıxarılana qədər qiymətlərdə artma olur. Amma bu il vəziyyət bir qədər stabildir. Çünki ötən ilin dekabrında kartofun bir kiloqramı bir manata təklif olunurdusa, hazırda bu qiymət 60-70 qəpik arasında dəyişir. Bölgələrdə isə qiymətlər daha aşağıdır”.

15.12.2023 21:24
3902