“Kartdan karta” ödənişə görə 43 sahibkar cəzalandırıldı - FOTO

Xəbər verdiyimiz kimi, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, son bir neçə gündə həyata keçirilən tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunaraq maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər", - DVX-nin məlumatında vurğulanıb.

 

29.10.2024 19:09
1349