Kapitanın arzusunu qızına ad etdi: Şuşa! – Həmin uşağın FOTOLARI

“Elçinin ən böyük arzusu Şuşaya getmək idi. Sağlığında deyirdi ki, bizi ora aparacaq. Lakin arzusuna çata bilmədi, Suqovuşanda şəhid oldu. Qızım atası vəfat edəndən sonra dünyaya gəldi. Elçinin ruhu şad olsun deyə qızımın adını Şuşa qoydum”.

Musavat.com xəbər verir ki, bunu Vətən müharibəsində şəhid olan kapitan Elçin Ağayevin həyat yoldaşı Kəmalə Ağayeva deyib.

KAPİTAN.jpeg (26 KB)

O bildirib ki, qızına Şuşa adını verməklə bütün ailə təskinlik tapıb:

“Qızımın 1 yaşı olanda adını daşıdığı Şuşaya apardıq. Dedik, atası oraya gedə bilmədi, heç olmasa övladının ayağı Şuşa torpağına dəysin. İndi Şuşa böyüyüb, 4 yaşı var, bağçaya gedir. Hələ dərk etmir, ancaq onun kimin qızı olduğunu, niyə Şuşa adını daşıdığını başa salmağa çalışıram. Şuşa atasına çox bənzəyir.

Elçinin övladları ilə bağlı o qədər arzuları var idi ki, lakin heç birini həyata keçirə bilmədi. Böyük qızımın həkim olmasını, oğlumun isə polis olmasını istəyirdi. Bəzən uşaqlar ataları üçün darıxırlar, onu istəyirlər. Onlara anladıram ki, Elçin cənnətdədir və daima bizi görür. Onların yeganə təsəllisi qəhrəmanın övladları olmalarıdır.

Sonuncu dəfə oktyabrın 5-də telefonla danışdıq. Həmişə deyirdi ki, vətən ailəsindən də önəmlidir. Kaş ki, qazi kimi qayıdardı, ancaq quru nəfəsi üstümüzdə olardı. Axırıncı dəfə sentyabrın 26-da, mənim ad günümdə evə gəldi. Müharibəyə getməyindən xəbərim olmadı. Hədiyyəmi verib, dedi, sabah gələcək. Ondan sonra bir daha görmədim”.

Qeyd edək ki, 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan Elçin Ağayev Heydər Əliyev adına Ali Hərbi Məktəbi başa vuraraq, öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.

Zabitimiz 2020-ci il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şahanə Rəhimli
Musavat.com

05.11.2024 18:06
1060