Kanada Gürcüstanda keçirilən parlament seçkilərində beynəlxalq müşahidəçilərin qeyd etdiyi problemlərdən narahatlığını bildirib və bu ölkənin hakimiyyət orqanları ilə münasibətlərinə yenidən baxmağı planlaşdırır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Ottava qeyd edib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələri nəzərə alır, lakin beynəlxalq müşahidəçilərin seçicilərin təhdid edilməsi, rüşvətxorluq və digər problemlərlə bağlı hesabatlarından narahatdır.
“Bu kimi hadisələr araşdırılmalı və onlara cavab verilməlidir. Kanada qəti şəkildə inanır ki, azad, ədalətli və müstəqil seçkilər demokratik cəmiyyətin təməl daşıdır. G7 və Avropalı tərəfdaşlarımızla koordinasiyada və bu seçkilərin keçirilməsini və nəticələrini nəzərə alaraq, Kanada Gürcüstan hakimiyyəti ilə münasibətlərini nəzərdən keçirəcək. Gürcüstan rəhbərliyi demokratiyaya, insan haqlarına, qanunun aliliyinə hörmət etdiyi və son zamanlar müşahidə olunan demokratik geri çəkilməyə cavab verəcəyi müddətcə Kanada Gürcüstanla əməkdaşlığa açıq qalır”, - bəyanatda deyilir.
Kanada Xarici İşlər Nazirliyi “bütün tərəfləri” təmkinli olmağa, Gürcüstan hakimiyyətini isə vətəndaşların dinc etiraz etmək hüququna hörmət etməyə çağırıb.
Seçkilərdən sonra ABŞ Gürcüstana hökumətin anti-Qərb kursunu dəyişmədiyi təqdirdə mümkün nəticələrlə bağlı xəbərdarlıq edib. Avropa Komissiyası qeyd edib ki, Aİ Gürcüstandakı seçkiləri qiymətləndirərkən beynəlxalq müşahidəçilərin yekun hesabatını rəhbər tutacaq. Eyni zamanda, ayrı-ayrı ölkələrin bəyanatlarında xarici işlər nazirləri və liderlər müşahidəçilərin aralıq hesabatda qeyd etdikləri faktlardan narahat olduqlarını bildiriblər.
Nigar HƏSƏNLİ,
Musavat.com