Kamalyan: "Qarabağı kimsə satmadı, Ermənistan özü..."

“Heç kim Qarabağı satmayıb, nə Paşinyan, nə Köçəryan, nə Ter-Petrosyan, nə Sarkisyan, nə də Arutyunyan. Ermənistan siyasət və döyüş meydanında məğlub olub, qalanı bunun nəticəsidir”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni publisist Qaqik Kamalyan Facebook səhifəsində yazıb.

“Sual belə qoyulmalıdır: ilk növbədə siyasi məğlubiyyətin səbəbləri nələrdir və hərbi məğlubiyyətin səbəbləri nədir və buna görə məsuliyyəti kim daşıyır? Qəbilə birliyi və daxili siyasi iğtişaşlardan irəli gələn qarşılıqlı ittihamlar məsələlərin dərin mənasını azaldır.

Siyasi məğlubiyyətin iki aspekti var, birincisi, zaman amilinin və maksimalist istəklərin nəzərə alınmaması, yəni qalib dövlətin irrasional istifadəsi, ikincisi isə birtərəfli xarici siyasət yeritməsi, bunun nəticəsində Ermənistan beynəlxalq çəkisini və tələbatını itirməsi. Elə ona görə Lukaşenko Ermənistan haqqında : "Onlar kimə lazımdır, və hara gedə bilərlər?" ifadəsini işlətdi.

Hərbi məğlubiyyətin əsas səbəbi hərbi mədəniyyətin qlobal inkişaf tempindən geri qalması, korrupsiyanın dağıdıcı miqyası, ruslaşmış generallar, daxili qeyri-sağlam siyasi-ictimai həyat və təbii ki, indiki iqtidarla ordu arasında mövcud parçalanma idi. Ona görə də bu sui-qəsd nəzəriyyələri ilə dövlətin uğursuzluğunun siyasi və hərbi səbəblərini ört-basdır etməyə çalışmayın, dövlət bundan heç nə qazanmayacaq”, – deyə erməni publisist qeyd edib.

Musavat.com

06.11.2023 18:17
3114