Aprelin 25-də Ali Məhkəmədə Azərbaycan vətəndaşı Nelli Fabriçnayanın şikayətinə baxılacaq.
Musavat.com xəbər verir ki, Nelli Fabriçnaya ittiham üzrə özünü təqsirli bilmir, ona bəraət verilməsini istəyir.
Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
İstintaqın qənaətinə görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov “Avto Tranasyol”un baş direktoru olub.
Bu vəzifədə olarkən mühakimə olunub. Bundan sonra o, “Murov TSK” MMC yaradıb. Əfqan Zeynalov Nelli Fabriçnayanı 2018-ci ildə şirkətə işə götürüb. Bu şirkət “Azərbaycan Dəmir Yolları” QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan Zeynalov Nelli Fabriçnayanı müxtəlif valyutalarda 720 min manatı oğurlamaqda və mənimsəməkdə ittiham edir. Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə araşdırma aparılarkən məlum olub ki, Əfqan Zeynalov 2015-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən müxtəlif maddələr, o cümlədən imza və sənədlərin saxtalaşdırılması maddəsi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib. O vaxt “Avtotransyol” şirkətinin baş direktoru olub. Əfqan Zeynalov 2021-ci ildə Nelli Fabriçnayanın saxta imzası ilə etirafedici ərizəni istintaqa təqdim edib. Əfqan Zeynalov Prezidentə və ölkənin birinci vitse-prezidentinə müraciətində İkinci Qarabağ müharibəsində iştirak etdiyini göstərsə də, Müdafiə Nazirliyindən Nelli Fabriçnayanın vəkilinin sorğusuna cavab olaraq bildiriblər ki, belə bir hərbi qulluqçu onların siyahısında olmayıb.
Əfqan Zeynalov şikayətində iddia edib ki, işlərin görülməsi üçün kadrlar şöbəsinin müdiri olan Nelli Fabriçnayaya etibarnamə verib. İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, tenderlərdən əldə olunan pulları orada yerləşdirilən seyfdə saxlayıb. İddia olunur ki, Nelli Fabriçnaya 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Həmin pullardan ümumilikdə 720 min manatı mənimsəyib. İstintaqa ifadəsində Nelli Fabriçnaya deyib ki, pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib. O, xadimə və sevgilisinə ümumilikdə 103 min xərclədiyini açıqlayıb.
Əfqan Zeynalov iddia edib ki, Nelliyə etibar etdiyindən seyfi onun evinə qoyub. Onun etibarından istifadə edən Nelli Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib:
“Guya mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi”.
Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin cinayət işi başlanması rədd edilib. Bu qərar Əfqan Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu məsələ ilə bağlı yenidən araşdırma aparsın. İstintaq orqanı tərəfindən Nelli Fabriçnaya Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunub.
Təqsirləndirilən tərəf iddia edir ki, Əfqan Zeynalov yoxa çıxan vəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Nelli Fabriçnayanı şərləyir.
Əfqan Zeynalovun rəhbərlik etdiyi “Murov TSK” şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nelli Fabriçnaya 11 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayan qərar verib.
E.Məmmədəliyev
Musavat.com