Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib

Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinə (RUS) pilotsuz uçuş aparatlarının hücumu nəticəsində ukraynalı hərbi əsirlər zərər çəkib.

“Report” xəbər verir ki, bunu region rəhbəri Ramzan Kadırov öz teleqram kanalında iddia edib.

“Əvvəl dediyim kimi, hücum nəticəsində bizim tərəfdən itki yoxdur. Lakin! Ukraynalı əsirlər arasında itkilər var. Respublikanın hər strateji obyektində, o cümlədən RUS ərazisində 10-dək ukraynalı əsir saxlanılır. Kiyev bizə zərər vurmağa çalışaraq bu gün öz əsgərlərini məhv etdi. Bundan sonra Ukrayna başa düşməlidir ki, belə hücumlarla ilk növbədə öz vətəndaşlarına zərər vurur”, – o yazıb.

Onun sözlərinə görə, RUS-a hücum döyüş bölgəsindəki “çeçen döyüşçülərini daha da qızışdıracaq”.

“Çeçen xalqı heç vaxt heç kimə öz torpağına göz dikməyə imkan verməyib və verməyəcək. Dövlətimizin düşmənlərinə qarşı durmaq üçün bütün lazımi resurs və imkanlarımız var”, – Kadırov əlavə edib.

Xatırladaq ki, oktyabrın 29-da Çeçenistandakı Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinə dron hücumu olmuşdu. Bu, regiona ilk dron hücumu olub. Kiyev hadisəni şərh etməyib.

30.10.2024 03:31
542