Ölkədə itlərin insanlara hücumu kabus kimi davam edir. Bir neçə gün öncə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində 7 yaşlı Dəniz Rəhimova həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib. Uşaq dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulub. Hazırda azyaşlının vəziyyətinin normal olduğu bildirilir. Bərdədə digər sakinlər də itlərin hücumuna məruz qalıb. Musavat.com xəbər verir ki , bu barədə rayon sakinləri TV-lərə müsahibəsində bildiriblər. Qeyd olunur ki, itlər demək olar ki, hər gün əhaliyə hücum çəkir.
Yada salaq ki, yaxın günlərdə Qaradağ rayonunda da sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ağır xəsarətlər yetirmişdi.
Qeyd etmək yerinə düşər ki, itlərin hücumunun qarşısını almaq yönündə bu zamana qədər görülən işlər yetərli olmayıb. Hələ ki itlərlə bağlı rəsmi qərar da yoxdur. Ekspertlər isə hesab edir ki, bunun yalnız bir çıxış yolu var - dövlət vaxtında qısırlaşdırma ilə bağlı addım atsın. Sosial şəbəkələrdə isə itlərin hücumu ilə bağlı müzakirələrdə insanlar heyvanları, heyvansevərlər də insanları günahlandırır. "İnsanlar elə bilir ki, canlı olan yalnız onlardır. İtlərin küçədə gəzməyə ixtiyarı yoxdur, məgər" - deyə, narazılıq edənlər var.
"İt övladını dişləyib, parçalasa heyvansevərlər yenə də o iti sevərlər, görəsən?!" deyərək qarşı tərəfə etiraz edənlər də az deyil. Bəs bu məsələdə haqlı tərəf kimdir?
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, sahibsiz itlərin, xüsusən uşaqlara hücumları çoxaldıqca heyvan hücumuna məruz qalan insanı deyil, heyvanı müdafiə edən insanlara rast gəlinir: "Bəli, məhz hücuma məruz qalanı – insanı deyil, hücum edəni – heyvanı müdafiə edən insanlar var. Bu sevgidirmi? Xeyr, sevgi deyildir; uşaqların qanının axdığı və şikəst edildiyi yerdə sevgi ola bilməz... Yırtıcını sevmək kifayət qədər paradoksaldır. Yırtıcı və sevgi sözləri dixotomiya ifadə edir, acının şirinliyi, soyuğun istiliyi, qaranlığın işığı, uzunluğun qısalığı nədirsə, yırtıcını sevmək də odur...
İnsanı parçalayıb öldürən bir canlını sevmək heyvansevərlik ola bilməz; normal insan uşaqları şikəst edən, parçalayıb yeyən canlını sevə bilməz...
Üstəlik, uşaqları parçalayan itləri müdafiə edən şəxslər insanla heyvan arasında ikincinin lehinə seçim etmiş şəxslərdir.
Bu baxımdan, sağlam təfəkkürə, travma almamış psixikaya sahib şəxslər sualı bu cür qoyurlar: kimi seçməliyik: insanı, yoxsa heyvanı? Heyvanın insana qarşı qoyulması insanın dəyərinin azaldılması, heyvanın dərəcəsinin isə şişirdilməsidir. Cinslərə münasibətdə mövcud status-kvo olduğu kimi saxlanılmalıdır: insan insandır, heyvan da – heyvan! Heyvan əsla insan ola bilməz!
Kimi daha çox sevməliyik: insanı, yoxsa heyvanı?
Şübhə yox ki, heyvanları sevmək lazımdır, amma bu sevgi insan sevgisini üstələməməlidir.
İnsan insanı sevmək üçün proqramlanıb; proqrama kənar müdaxilə baş verdikdə sevgi obyekti olmaqda heyvan insanın yerini alır.
Bununla yanaşı, uşaq sevgisini it sevgisi ilə əvəzləmək, çox vaxt, psixoloji patologiya olub, uşaq vaxtı alınan travmanın təsiri kimi özünü göstərir...
Əslində sevginin dərəcəsini insan və heyvanların status-kvosuna, təbii-ənənəvi ontoloji mahiyyətinə münasibət müəyyənləşdirir.
Bu o deməkdir ki, insana – insan, heyvana da heyvan gözü ilə baxmalıyıq. Bu baxımdan, insan sevgisini ixtisara salan heyvan sevgisi normal duyğulara, sağlam məntiqə, fitrətə zidd haldır. İtlərin hücum edib şikəst buraxdığı, parçalayıb öldürdüyü uşaqları vecinə almayıb yiyəsiz itləri müdafiə edənlər, bu mənada, ağırlaşmış humanizm çatışmazlığından əziyyət çəkirlər".
Dinşünas əlavə edib ki, insanı insan edən dəyərlərdən biri də rəhmdillik və şəfqətdir:"Əgər itlərin təcavüzünə məruz qalan uşağa ürəyimiz yanmadan itləri müdafiə etməyə başlayırıqsa – bu, çox ciddi mənəvi problemdən xəbər verir. Əlbəttə ki, psixoloji problemlə mənəvi problem birləşdikdə şəxsin daxili dünyası və ətrafa baxışına anormallıq hakim kəsilir. Sevgini sevgi kimi məsum duyğunun zərif və şəffaf təbiətinə uyğun hallar və subyektlər doğurur. Uşaqlar iztirab və zülmün cövlan etdiyi yer üzündə sevgi duyğusunu ölməyə qoymayan mələklərdir. Uşağı görmək sevinmək, sevmək, xoş hisslər keçirmək deməkdir. Uşaqların zülmə məruz qalması, təcavüzün qurbanına çevrilməsi nurlu qəlblərdə kədərə səbəb olur. Sevgini doğuran halların əksini sevmək, ikrah yaradan mənzərələrin baiskarlarına qahmar çıxmaq, əlbəttə ki, psixoloji problemin, travmanın göstəricisidir.
Məsələnin bir aspekti də insan oğlunun yaşamaq hüququ ilə əlaqəlidir. Şikəst edilmiş uşağa laqeyd qalıb itləri müdafiə edənlərin məntiqinə görə, uşaqlar ölsün, amma itlər yaşasın.
Nəhayət, heyvanları sevmək lazımdır, amma insanı daha çox sevmək lazımdır. Uşaqları sevin, bir it bir uşağı əsla əvəz edə bilməz. Uşaqlığınızı sizə yaşatmayanların acığını vəhşini müdafiə etməklə uşaqlardan çıxmayın".
Afaq Mirayiq,
Musavat.com