Jurnalistlərin bitirdiyi gömrük polkovniki– Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar

Məlum olduğu kimi, dünən Qırğız Respublikasının Dövlət Gömrük Xidməti sədrinin sabiq müavini Raimbek İsmayıl oğlu Matraimov və onun qardaşları Tilek, Ruslan və İslambek Bakıda həbs olunub və Qırğızıstana ekstradisiya edilib.

Sabiq gömrükçünün özünün həbs edilməsi və cinayətdə ittiham olunması heç kəsi təəccübləndirmir. Çünki gömrük sistemində çalışmaq ağ kostyum geyinib tiyanda qır əritmək kimi bir şeydir, ləkələnməmək mümkün deyil. Ancaq Raimbek Matraimovla bərabər onun qardaşlarının da əvvəlcə vətənlərindən qaçması, daha sonra isə Bakıda saxlanılaraq Bişkekə göndərilməsi göstərir ki, bu həbslər heç də adi vəzifə cinayətləri ilə bağlı deyil.

R.Matraimov 1971-ci ildə Oş vilayətinin Karasu rayonunda doğulub. O, 1997-ci ildə Dövlət Gömrük Xidmətində ştatlı müfəttiş kimi fəaliyyətə başlayıb. 2004-cü ildə əvvəlcə Dövlət Gömrük Xidmətinin cənub idarəsinin kadrlar şöbəsinin rəisi, bir ildən sonra isə idarənin rəis müavini vəzifəsinə təyin olunub. 2007-2013-cü illərdə Matraimov DGX-nin Oş şöbəsinin rəisi olub. Nəhayət, 2015-ci ildə Dövlət Gömrük Xidməti sədrinin müavini vəzifəsini tutub.

199442.jpeg (48 KB)

Matraimovun böyük sərvətə malik olması ilə bağlı ilk xəbərlər 2017-ci ildə Qırğızıstan mediasında yer alıb. Jurnalistlər onun Qırğızıstanın cənubunda inşa etdirdiyi idman klubları, paytaxtda özü üçün tikdirdiyi dəbdəbəli malikanə haqqında yazıblar. Matraimov ölkənin ikinci böyük şəhəri olan Oşda jurnalistlərin yazdıqlarını təkzib edib, buna baxmayaraq, 2017-ci ilin noyabrında Qırğızıstanın o vaxtkı prezidenti Almazbek Atambayev onu işdən çıxarıb. Görünür, prezidentdə Matraimovun sərvəti və qulluq mövqeyindən sui-istifadə etməsi ilə bağlı öz kanallarından daxil olan səhih məlumatlar olub.

Ancaq Atambayev 2017-ci ilin dekabrında prezident postunu tərk etdikdən sonra Matraimov dövləti məhkəməyə verib və 2018-ci ildə məhkəmə onun DGX sədrinin müavini vəzifəsinə bərpa olunması barədə qərar verib. Məhkəmənin qərarına baxmayaraq, Matraimov vəzifəsinə qayıtmamaq variantını seçib, eyni zamanda ictimai fəaliyyətə başlayıb. Əvvəllər mətbuata, demək olar ki, heç bir müsahibə verməyən Matraimov ilk videomüraciətini 2019-cu ilin mayında yayıb. O, yenə də korrupsiya ittihamlarını rədd edib və keçmiş prezident Atambayevin qarayaxma kampaniyasının qurbanı olduğunu söyləyib.

Elə həmin ay “Matraimovlar ailəsi” xeyriyyə fondu Qırğızıstanın Oş vilayətində voleybol turniri təşkil edib və bu turnirdə Qırğızıstan parlamentinin sədri Dastan Cumabekov və baş nazirin müavini Kubatbek Boronov da daxil olmaqla bir sıra yüksək vəzifəli Qırğızıstan siyasətçiləri iştirak ediblər.

Без названия.jpg (5 KB)

Siyasi əlaqələrini nümayiş etdirməsinə baxmayaraq, Matraimov qırğız jurnalistləri tərəfindən aparılan sonrakı korrupsiya araşdırmalarında mərkəzi fiqur olmaqda davam edib. 30 may 2019-cu ildə “Azadlıq” radiosunun Qırğızıstan bürosu Matraimovun sərvətinin mümkün mənbəyi ilə bağlı ilk böyük araşdırmanı dərc edib.

İstintaqda “Azadlıq” radiosunun jurnalistləri iddia ediblər ki, Matraimov və Abdukadır ailəsinin rəhbərlik etdiyi qrup gömrük rüsumları ödəmədən Çindən Qırğızıstana mal idxal etməyə imkan verən korrupsiya sxemində iştirak edərək var-dövlət qazanıb. 2019-cu ilin noyabrında Abdukadir ailəsi üçün işləyən və çirkli pulların yuyulduğunu etiraf edən, istintaqın əsas istinad yerlərindən biri olan Ayerken Saymaiti İstanbulda öldürülüb.

Təbii ki, Matraimov Saymaitinin qətli ilə hər hansı əlaqəsini inkar edib. Qətldən 10 gün sonra araşdırmanın Saymaiti ilə müsahibələrə əsaslanan növbəti hissəsi dərc olunub. Bu dəfə araşdırma zamanı Qırğızıstan gömrüyündə korrupsiya sxemlərinin təfərrüatları ictimaiyyətə təqdim edilib.

Bu araşdırmaya görə, Matraimov təkcə Abdukadır ailəsinin qeyri-qanuni biznes fəaliyyətini dəstəkləməyib, həm də onlarla birgə ən azı bir daşınmaz əmlak alıb: Matrəmovun həyat yoldaşı Uulkan Turqunova Dubayda bir mülkün ortaq sahibi olub.

Bu ifşaedici yazılardan dörd gün sonra yüzlərlə insan Bişkekdə Qırğızıstanın hökumət binası qarşısında etiraz aksiyası keçirərək, hakimiyyətdən jurnalist araşdırmasının yeni hissəsində təsvir olunan korrupsiya sxeminin araşdırılmasını tələb edib. Matraimov və ailəsi bütün ittihamları rədd etməyə davam edib və 2019-cu ilin dekabrında “Azadlıq” radiosunu məhkəməyə verib. Matraimov və ailəsi mediadan 700 min avrodan çox təzminat tələb etsə də, hökm çıxarılmayıb.

Əksinə, Qırğızıstanda 2020-ci ilin oktyabrında baş verən hakimiyyət dəyişikliyindən sonra Matraimov özü həbs edilib. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) bildirib ki, Matraimov qaçaqmalçılıqdan yüz milyonlarla dollar qazanıb. Ancaq o, bir gün həbsdə qaldıqdan sonra sərbəst buraxılıb və ev dustağı edilib.

C7AA1C61-2895-458C-99A4-17604809F935_w408_r1_s.jpg (18 KB)

2021-ci ilin fevralında Matraimov 3000 dollar məbləğində cərimə olunub. İctimai etirazdan sonra o, yenidən həbs olunub və ona qarşı yeni iş açılıb. Daha sonra o, ölkəni tərk etməyə macal tapıb.

Keçmiş gömrükçünün qardaşları ilə birlikdə həbs olunması göstərir ki, onlar ailəlikcə Qırğızıstanın yeni hakimiyyətinə asi düşüblər. Bakıda həbs olunan Tilek Matraimov yaxın vaxtlara qədər Karasu rayon administrasiyasının başçısı olub. Bundan başqa, Raimbekin böyük qardaşı İsgəndər Matraimov Qırğızıstan parlamentinin deputatıdır. Kiçik qardaş İslambek Matraimov İqtisadi Cinayətlərə Qarşı Mübarizə üzrə Dövlət Xidmətinin idarə rəisi vəzifəsini tutub.

Ayrıca R.Matraimovun ötən ilin oktyabrında xüsusi əməliyyat zamanı öldürülmüş milyarder-“oğrubaşı” Kamçıbek Kolbayevlə ciddi əlaqələrinin olduğu üzə çıxıb.

Onu da qeyd edək ki, Qırğızıstan prezidenti Sadır Japarov və Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşıyev ölkədə mütəşəkkil cinayətkarlığa qarşı müharibə elan ediblər və kriminal ünsürlərlə birlikdə hökumətə qarşı çıxan keçmiş korrupsioner məmurları da həbsə aldırırlar.

Araz Altaylı, Musavat.com

27.03.2024 14:30
5355