Müharibə tarixlərinə nəzər salsaq, şahidi olarıq ki, hərbi əməliyyatların planları hazırlanarkən hasablamalarda kiçik bir yanlışlıq böyük itkilərə və məğlubiyyətə səbəb olur.
Elə sovet-alman müharibəsinin ilk günlərində də qərb cəbhəsində buraxılan səhvlər SSRİ-yə baha başa gəlib. Müharibənin başlandığı ilk 5 gündə sovet qoşunları Qərb cəbhəsində böyük itkilərə məruz qalıb. 5 gün ərzində alman qoşunları Qərb Xüsusi Hərbi Dairəsinin ərazisində sutkada 60 kilometr irəliləyiblər. Bu 5 gün ərzində alman qoşunları dairənin tabeliyində olan 1358 hərbi təyyarəni məhv ediblər. Bu təyyarələrdən 780-i elə aerodromlarda bambalanıb. 85 min döyüşçü ilk 5 gündə həlak olub. Belarus almanların tapdağı altında qalıb.
Maraqlıdır, bu itkilərdən yayınmaq olardımı?
Qeyd edək ki, həmin dövrdə Qərb Xüsusi Hərbi Dairəsinə ordu generalı Dmitri Pavlov komandanlıq edib. SSRİ Silahlı Qüvvələrində müharibəyə qədərki dövrdə ordu generalı rütbəsini daşıyanlardan biri məhz Pavlov olub. Dövrün ən perspektivli hərbçilərindən biri sayılan Pavlov bu rütbəyə şəxsən Stalinin təşəbbüsü ilə layiq görülüb. Pavlovun adı Kremldə həmişə yaxşı tərəfdən hallanıb, təkcə Stalin deyil, həm də Vyaçeslav Molotov onun xidmətlərini, peşəkarlığını yüksək qiymətləndirib. 1937-ci ildə yüksəkçinli hərbçilərin repressiyası getdiyi halda, Pavlovun bu ərəfədə hərbi karyerasında yüksəliş başlanıb. Təbii ki, bu da bir çox hərbi məmurlarda qısqanclığa səbəb olub. Xüsusilə hərbi elitada həmişə birinciliyə iddialı olan Georgi Jukov Pavlovun nüfuzunu həzm edə bilməyib.
II Dünya müharibəsi başlananda Pavlov ən böyük hərbi dairələrin birinə, Belarus Xüsusi Hərbi Dairəsinə komandan təyin edilib. Bir neçə aydan sonra Smolenskdəki hərbi birləşmələr də bu dairəyə daxil edilərək Qərb Xüsusi Hərbi Dairəsi yaradılıb və Pavlov yenidən komandan vəzifəsini tutub.
Pavlov peşəkar hərbçi kimi yaxşı anlayıb ki, komandanı olduğu dairənin ərazisində olan Belarusu müdafiə etmək mümkün olmayacaq. İstər canlı qüvvələrin, istərsə də hərbi texnikanın qeyri-bərabər olduğu halda o, alman qoşunlarının geri oturdulmasını mümkünsüz sayıb. Komandanı olduğu hərbi dairədə vəziyyəti real qiymətləndirməyi bacaran general tam səfərbər olmaq üçün müvəqqəti geri çəkilmək təklifini Dövlət Müdafiə Komitəsinə təklif edəndə isə Baş Qərargah rəhbərliyinin təpkisi ilə üzləşib. Hətta Jukov generalı bu təklifinə görə qorxaq adlandırmaqdan belə çəkinməyib:
- Sizin bu təklifiniz qorxaqlığınızın ifadəsidir. Kifayət qədər canlı qüvvəyə və silah-sursata malik olduğunuz halda geri çəkilmək haqqında düşünmək yalnız qeyri-peşəkarlığın göstəricisi ola bilər.
Əslində Pavlov düzgün düşünüb, onun geri çəkilmək qərarının düzgün olduğu çox sonralar ali komandanlıq tərəfindən də etiraf olunub.
Hərbi araşdırmaçılar qərb cəbhəsindəki vəziyyətlə bağlı təhqiqat apararkən bölgədə yaranmış vəziyyətin əsl səbəbkarının Pavlov deyil, Stalin və Jukov olduğunu vurğulayıblar. Araşdırma zamanı o da məlum olub ki, Pavlov dəfələrlə qərb cəbhəsindəki vəziyyətlə bağlı Jukova radioqramma göndərib. Jukov isə Stalinin bütün məsələlərdən xəbərdar olduğunu bildirib. Bəzi versiyalara görə, Jukov Pavlovu hərbi səhnədən uzaqlaşdırmaq üçün qəsdən lazımi tədbirlərə əl atmayıb. Əksinə, Moskvada, Baş Qərargahda hazırlanan hərbi əməliyyat planlarında tərəflərin qüvvələrinin hesablanmasında böyük yanlışlıqlara yol verilib. Hərbi araşdırmaçılar daha bir statistikanı önə çəkiblər. Alman qoşunları Danimarkanı 1, Belçikanı 8, Yuqoslaviyanı 12, Yunanstanı 24, Polşanı 36, Fransanı 43, Norveçi 63 günə işğal ediblər. Bu statistikadan Jukov da məlumatlı olub. Amma nədənsə bu rəqəmlər Dövlət Müdafiə Komitəsində müzakirəyə çıxarılmayıb və heç kim nəzərə almayıb ki, müharibəyə hazır olmayan SSRİ-nin qərb cəbhəsində alman qoşunları öz uğurlu hərbi əməliyyatlarını davam etdirəcək.
Qərb cəbhəsində vəziyyətin gərginliyi ilə bağlı Stalin, Molotov və Jukovun üçlükdə müzakirəsi keçirilib. Jukov Pavlovun dairə komandanı vəzifəsindən geri çağırılması təklifini verib. Bu təkliflə Stalin və Molotov da razılaşıblar. 30 iyun 1941-ci ildə Pavlov Moskvaya çağırılıb, generalı Molotov və Jukov qəbul edib, ona xəbərdarlıq edərək komandan vəzifəsindən azad ediblər və eyni dairəyə komandan müavini göndəriblər.
İyulun 2-də cəbhəyə qayıdan Pavlov iki gün sonra, iyulun 4-də Qomeldə həbs olunub. Həbs haqqında orderə Stalinin göstərişi ilə Lavrenti Beriya imza atıb. Bununla da Jukov Pavlovu hərbi səhnədən uzaqlaşdıra bilib.
Dmitri Pavlov Lefortovo həbsxanasında saxlanılıb. Onun haqqında vətənə xəyanət ittihamı sürülüb. Stalin istintaqın gedişi ilə şəxsən maraqlınıb, ona generalın vətən xaini maddəsi ilə cinayət işi açıldığını məruzə edəndə Stalin “mərhəmət”ini Pavlovdan əsirgəməyib:
“Pavlov vətənə xəyanət edə bilməz, generalı ləkələməyin, başqa bir maddə fikirləşin...”
SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası ordu generalı Pavlovu müharibə şəraitində vəzifə səlahiyyətlərini yerinə yetirməməkdə, səhlənkarlığı nəticəsində hərbi birləşmələrin böyük itkilərə məruz qalmasında, vəzifə səlahiyyətlərini aşmaqda ittiham edərək ən ağır cəzaya, güllələnməyə məhkum edib.
İyulun 22-də, müharibənin başlanmasından bir ay sonra məhkəmənin hökmü icra edilib, rütbələri və dövlət təltifləri geri alınan 43 yaşlı general güllələnib. Müharibədən sonrakı illərdə Pavlovun bəraət alınması ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciətlər edilsə də, Jukov bu müraciətlərə müsbət cavab verilməsinə imkan verməyib. Nəhayət, 1967-ci ildə Pavlovun bəraət məsələsinə yenidən baxılıb, ordu generalına (ölümündən sonra) tam bəraət verilib, dövlət təltifləri və rütbəsi bərpa olunub.
İlham Cəmiloğlu,
Musavat.com