JPMorgan-dan investorlara çağırış: Bu səhmlərə investisiya etməyin

JPMorgan Chase & Co. analitiklər qrupu hesab edir ki, Amerika fond bazarına sərmayə qoyan investorlar zəifləyən ABŞ iqtisadiyyatı fonunda “müdafiə” sektorundan olan qiymətli kağızların payını artırmalıdır.

Musavat.com xəbər verir ki, bu tövsiyə bankın hesabatında yer alıb.

Mütəxəssislərin fikrincə, daha qısa müddətə malik dövlət borc qiymətli kağızlarının gəlirliliyi uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyindən daha sürətlə azalır. Bu, adətən bazarın iqtisadiyyatı stimullaşdırmaq üçün Federal Ehtiyatlar Sisteminin(FED) tezliklə faiz dərəcələrini azaltmasını gözlədiyini göstərir: "Qeyd edirik ki, biz əvvəllər resesiya öncəsi belə vəziyyəti müşahidə etmişik. FED-in dərəcələri endirməyə başladığı 8 halın dördü yumşaq enişlə, digər dördü isə tənəzzüllə müşayiət olunub”.

Bundan əlavə, ekspertlər vurğulayırlar ki, faiz dərəcələrinin endirilməsinin başlanmasından sonrakı ilk aylarda tənəzzülün olub-olmamasından asılı olmayaraq, tsiklik səhmlər digər şirkətlərin qiymətli kağızlarından geri qalır. Buna görə də, onların fikrincə, investorlar son altı ayda ABŞ və Avropada yüksək performans nümayiş etdirən “müdafiə” seqmentlərindən olan şirkətlərin səhmlərinə üstünlük verməlidirlər. Bu seqmentə səhiyyə, daşınmaz əmlak, kommunal xidmətlər, telekommunikasiya və istehlak mallarının istehsalı daxildir.

FED-in növbəti iclası sentyabrın 17-18-də baş tutacaq və bazar iştirakçıları faiz dərəcəsinin aşağı salınacağına demək olar ki, əmindirlər. Əksəriyyət standart 25 faiz bəndlik azalma proqnozlaşdırır, lakin bir çoxları borclanma xərclərini 50 baza bəndi azaltmağa çağırır.

Musavat.com

09.09.2024 22:23
311