Müğənni İzzət Bağırov qonaq olduğu proqramlardan birində idarə etdiyi toy məclisində yaşadığı çətinlikdən danışıb.
Lent.az-ın xəbərinə görə, Bakıda şadlıq evlərindən birində toyu idarə etmək üçün dəvət alan İzzətin yanında bir nəfər tanınmamış xanım müğənni də olub:
“Toy gözlədiyimizin əksinə, həmişəkindən tez başladı. Yeddinin yarısı idi, məclis atıq qızışmışdı. 700 nəfərlik zalın 400 nəfəri ortalıqda süzürdü. Mən oxuyuram, hərdən istəyirəm, sözü yanımdakı xanıma verəm ki, bir az boğazım dincəlsin, toy sahibi barmağı ilə işarə edir ki, özün oxu. Toydan öncə “yanında bir nəfər də qız gətir” deyən adam imkan vermir ki, qız ağzını açsın, nə də fonoqram qoşdurur. Oxumaqdan ciyərlərim dağılır. 5 dəqiqə dincəlmək imkanım oldu, o da rəqqasə Fatimə aş gətirəndə. Gecə 12-yə 10 dəqiqə qalıb, sevinirəm ki, daha məclis başa çatar. Gördüm toy sahibi yaxınlaşdı mənə, düşündüm deyəcək ki, daha məclisi bağla. Kişi mənə yaxınlaşdı, qulağıma dedi ki, Hacı, daha saat 12-dir, barı bundan beləsini özün oxu, mən sənin səsini eşitmədim. Yandım töküldüm. Daha deyə bilmədim ki, zalım oğlu, səhərdən ortalıqda süzürsən, oxuyan kim idi bəs?”