Rusiyada çıxan məşhur “İzvestiya” qəzetinin reportyorları dünən Azərbaycanda, işğaldan azad edlmiş Füzuli rayonunda olub, prezident seçkisini izləyib, öz təəssüratlarını geniş şəkildə, həm də operativcəsinə. gecəylə dərc ediblər.
Musavat.com həmin müsahibəni qısa ixtisarlarla dərc edir.
***
Boz sahədə zarafatlar
- Soyuqdur, soyuq. Papaq qoymaq lazımdır.
- İstədiyin nə idi? Dağ havasıdır! Bu havadan ötrü müharibə olur.
- Sizcə, onlar hava üstündə vuruşublar?
-Belə hava resursdur.
Qarabağ bölgəsinə, Azərbaycana gedərkən jurnalistlər belə zarafat edirdilər. Fevralın 7-də ölkədə və ilk dəfə olaraq otuz ildən çox mübahisəli olan regionda növbədənkənar prezident seçkisi keçirilirdi.
Seçkinin ilkin nəticələri artıq məlumdur. Heç kim sensasiya gözləmirdi və bu, baş vermədi.
Fevralın 7-də səhər saatlarında rusiyalı jurnalistlər Qarabağa gedən keçid məntəqəsinə gəldilər. Məntəqənin üzərində “Füzuli rayonu, keçmiş işğal olunmuş ərazi” yazısı var. Rəsmi olaraq, keçid məntəqəsi artıq mövcud deyil, ancaq xüsusi icazə olmadan oradan keçə bilməzsiniz - hətta yerlilər də, xarici jurnalistlər də.
Çöldə həqiqətən soyuqdur. Bizimlə növbədə təxminən on maşın var. Onların Qarabağa hansı məqsədlə getdiklərini öyrənmək mümkün olmadı. Amma hər kəsin sənədləri diqqətlə yoxlanılır.
Keçid məntəqəsinin arxasında dağları görmək olar - bura artıq İran ərazisidir, onların qarşısında vaxtilə kənd olmuş xarabalıqlar var. Mübahisə yaranır: bu, hərbi əməliyyatların, yoxsa zamanın nəticələridir? Biz heç nədə uzlaşa bilmirik: burada hərbi əməliyyatlar olub, lakin dağıntıların miqyasını yalnız müharibə ilə əlaqələndirmək çətindir (məntiqə baxın, yəni tikililər öz-özünə dağılıb? – tərcüməçi). Biz keçmiş “boz zonada”, faktiki təcrid zonasındayıq: burada uzun müddətdir ki, nə ermənilər, nə də azərbaycanlılar, heç kim yaşamayıb.
Nəzarət-buraxılış məntəqəsini keçib Qarabağ ərazisinə daxil oluruq. Tərk edilmiş üzüm bağı, arxa planda səssiz və ağır dağlar, hər yerdə bir vaxtlar yaşayış binalarının, anbarların və təyinatını artıq təxmin etməyin mümkün olmadığı digər binaların xarabalıqları. Orada-burda tikanlı məftillər görmək olar.
- Yəqin orada hələ də minalar var? — Mən bələdçimizdən, kifayət qədər mehriban azərbaycanlı qadından soruşuram.
- Hər şey artıq təmizlənib, - deyə gülümsəyərək cavab verir. Görürəm ki, o, bu ərazini göstərməyi çox sevir.
Azərbaycan hakimiyyəti əcnəbi jurnalistləri müşayiətsiz bölgəyə buraxmır: marşrut ciddi şəkildə tənzimlənir və ondan kənara çıxmaq olmaz. Xankəndiyə (keçmiş Stepanakert) səfərlə bağlı bütün müraciətlər rədd edilib. Məntiq aydındır: Azərbaycan mətbuatın diqqətini ermənilərin yüz illər boyu yaşadıqları ərazilərdən qaçmasına deyil, 2020-ci il hərbi kampaniyasının sonundan bəri əldə etdiyi nailiyyətlərə yönəltmək istəyir. Bununla belə, informasiya nöqteyi-nəzərindən, yerdə qalan ermənilərin (əgər varsa) Azərbaycanın hüquq müstəvisinə necə inteqrasiya olunduğunu göstərməyin mümkünsüzlüyü suallar yaradır.
Ötən ilin sentyabrında Qarabağ ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində, rəsmi məlumatlara görə, 120 minə yaxın əhalisi olan “respublika”nı 100 mindən çox erməni tərk edib.
Dağıntılar arasında yeni tikililər
Biz Qarabağ müharibəsinin ən məşhur xəyalət şəhərlərindən biri olan Füzuliyə gedirik. 1989-cu ildə SSRİ-nin siyahıyaalınmasına əsasən bu şəhərdə 17 min nəfər yaşayırdı. 1993-cü ilin sonuna bir nəfər də qalmayıb. Şəhər keçmiş “DQR”-in təhlükəsizlik zonasının bir hissəsinə çevrilib (yəni işğal edilməsi normal olub – tərcüməçi). Yeri gəlmişkən, jurnalistlərdən biri “Dağlıq Qarabağ” deyirsə, azərbaycanlılar bunu səbirlə düzəldirlər – “Qarabağ iqtisadi rayonu”. Hakimiyyət açıq şəkildə bu termini unutdurmağa çalışır. Yeri gəlmişkən, yolların kənarında bir dənə də olsun ermənicə nişan yoxdur (ermənilər yaşamadığı Füzulidə erməni yazısı niyə olmalıdır, görəsən? – tərcüməçi).
2020-ci il oktyabrın 17-də Azərbaycan Silahlı Qüvvələri Füzuliyə nəzarəti bərpa edib. Bu, Azərbaycanın “köhnə” ərazisinə ən yaxın nöqtələrdən biridir. Təbii ki, ərazinin özü və burada aparılan tikinti dərhal hakimiyyət üçün ərazinin bərpası proqramının vitrininə çevrilib.
Binaların xarabalıqlarının üstündə Rusiyada “komfort sinfi” adlandırılacaq çoxmərtəbəli binalar ucalır: suvaqlı evlər, barmaqlıqlı eyvanlar, uşaq meydançaları olan abadlaşdırılmış həyətlər. Eyvanlarda qurumaq üçün paltarlar asılıb, Azərbaycan bayraqları qaldırılıb. Uşaqlar həyətlərdə oynayır, analar uşaq arabası ilə gəzirlər. Tikinti mağazaları açıqdır. Bu, adi bir həyat kimi görünür, lakin bir blokla məhdudlaşır və o, hələ tamamlanmayıb. Ətrafda müharibənin səssiz xatırlatmaları var.
Məcburi köçkünlərin ilk ailələri 2023-cü ilin avqustunda buraya qayıtmağa başlayıb. Bələdçimiz mənə deyir ki, artıq 525 ailə, 2 minə yaxın insan geri qayıdıb. Bütün nəsillər köçür - 30 ildən çox əvvəl buradan qaçan qocalar, onların uşaqları və hətta nəvələri. Gənclərin niyə Bakı həyatından əl çəkib valideynləri ilə birlikdə müasir gəncin yaşaması üçün hələ tam rahat olmayan yerə qayıtdığını soruşduqda onlar belə cavab verirlər: “Bizim köklərimiz buradadır”.
Bakıda mənə dedilər ki, çoxları üçün əsas məsələ mənzil məsələsi olaraq qalır: Füzulidə mənzillər pulsuz verilir.
- Ailəmlə köçmüşəm, üç oğlum da mənimlə bura köçüb. Hamımıza mənzil veriblər. Bir oğlunun üçotaqlı, digər ikisinin dördotaqlı mənzili var”, - özünü Bəhmən Orucov kimi təqdim edən yaşlı kişi deyir.
Onun susqun dostu isə deyir ki, burada iş azdır, uzaqlara getmək lazım gəlir.
“Mən bura, demək olar ki, evlərin istifadəyə verildiyi ilk gün köçdüm. Artıq 4-5 aydır ki, burada yaşayıram, ondan əvvəl həmişə Bakıda yaşamışam. Burada (Füzulidə) hər şey yaxşıdır, hər şey kifayət qədərdir”, - deyə Orucov infrastrukturun bir neçə evə kifayət edib-etməməsinə dair suala cavab verir.
Sonra o, bir az şişirdir: “Əvvəllər burada 30 min insan yaşayırdı, indi isə heç min nəfər də yoxdur. Bunun 50 min olması lazımdır”.
Ümumiyyətlə, Qarabağdakı köçkünlərin kimə səs verdiyini soruşmağa ehtiyac yoxdur, amma o, yenə də belə aydınlıq gətirir: “Mən Əliyevə səs verdim. Bax, orada heç nə yox idi, heç evimi də tapa bilmədim. Əliyev hər şeyi bizə qaytardı”.
Prinsipcə, deyə bilərik ki, hamı olmasa da, demək olar ki, Füzulidə çox adam eyni şəkildə səs verir. Burada çoxları rusca danışmır, amma beynəlxalq “prezident” sözünü başa düşür, eşidir və “İlham Əliyev” deyə cavab verir.
- Bizə mənzil verdilər, torpaqlarımızı qaytardılar. Bütün insanlar Əliyevin qalacağını düşünür. Görünür, 100% olacaq. Xalq onu dəstəkləyir, - ahıl qadın Sücayət Əliyeva deyir.
Yaşı 40-ı ötmüş oğlu cavabı rus dilinə tərcümə etməyə kömək edir, o, anası və ailəsi ilə birlikdə Füzuliyə qayıdıb.
Baş çəkə bildiyim hər iki məntəqədə uzun növbələr yaranmışdı, insanlar küçədə gözləyirdi. Jurnalistlər çoxlarına yaxınlaşır, yerli sakinlər özlərinə belə diqqətdən utanırlar.
-Biz burada doğulmuşuq, atamın və qardaşlarımızın dəfn olunduğu qəbiristanlıqdır” – Kamran Abdullayev göz yaşını silərək deyir: - Doğulduğum evdən yalnız divarlar qalıb, indi də ora gedirəm.
Özlərinin də vətən saydıqları torpaqları tərk etmək məcburiyyətində qalan ermənilərin adını heç kim çəkmir. Deyəsən, yerlilərin heç biri bu hekayə ilə maraqlanmır...
P.S. “İzvestiya”nın reportyorları hər fürsətdə mətnə “erməni məsələsi” soxsalar da, hiss olunur ki, onlar bunu obyektiv görünmək, ya da tam məlumatsızlıqdan edirlər. Füzulidə ermənilər yaşamayıb – bir-iki ailə və ya azərbaycanlılarla ailə qurmuş qadınlar istisnadır. Ona görə də 30 ildən sonra öz xaraba qoyulmuş şəhərlərinə qayıtmış Füzuli camaatı bu qədər zülm-zilləti kənara qoyub, erməni dərdi çəkəsi deyildi.
Ruscadan çevirdi: Araz Altaylı, Musavat.com