İztirab çəkən rusiyalı milyarderlər: onların sayı 110-dur, aralarında ruslar da var

Dünya milyarderlərinin siyahısını tutan və pulunu sayan “Forbs” jurnalının yaydığı məlumata görə, hazırda Rusiyada 110 milyarder var. Onlardan 76-i təkcə Moskvada yaşayır. Rusiya paytaxtı bu göstəriciyə görə, 54 milyarderi olan Nyu-Yorku və 42 milyarderə ev sahibi olan Honkonqu qabaqlayır.

Rusiyalı milyarderlərin ilk onluğu belədir:

1. Andrey Melniçenko (51 yaş, 25 milyard 200 milyon dollar);

2. Vladimir Potanin (62 yaş, 23 milyard 700 milyon dollar);

3. Vladimir Lisin (67 yaş, 22 milyard 100 milyon dollar);

4. Leonid Mixelson, 67 yaş, 21 milyard 600 milyon dollar);

5. Aleksey Mordaşov (57 yaş, 20 milyard 900 milyon dollar);

6. Vahid Ələkbərov (73 yaş, 20 milyard 500 milyon dollar);

7. Gennadi Timçenko (71 yaş, 18 milyard 500 milyon dollar);

8. Əlişir Usmanov (70 yaş, 14 milyard 400 milyon dollar);

9. Mixail Fridman (59 yaş, 12 milyard 600 milyon dollar);

10. Pavel Durov (39 yaş, 11 milyard 500 milyon dollar).

eusmilyard.JPG (61 KB)

Bir zamanlar Rusiyanın ən varlı adamı olan, həm prezidentlərin (Boris Yeltsin, Vladimir Putin və Dmitri Medvedyev) sevimlisinə çevrilən, həm də yüksək dövlət vəzifəsi (Çukotka qubernatoru) tutan Roman Abramoviç artıq rus milyarderlərin ilk onluğunda yer almır. “Forbs”a görə, o, 9 milyard 200 milyon dollarla siyahıda 16-cı yerdə qərarlaşıb.

Abramoviçdən ön yerləri Vyaçeslav Kantor, Mixail Proxorov, Süleyman Kərimov, Viktor Raşnikov və Andrey Quryev tuturlar. Onların varidatı 10-12 milyard dollar arasındadır. Melniçenko, Mordaşov, Kərimov və Quryevin milyardlarında ailə üzvlərinin də payı var – yəni onlarınkı ailə biznesidir.

Suleyman-Kerimov.jpg (38 KB)

Süleyman Kərimovun ad-soyadı oxucularımıza şirin görünə bilər, amma 56 yaşlı Kərmov Dərbənddə doğulsa da, milliyətcə ləzgidir. O, “adamın milliyyətinin fərqi yoxdur, ona qalsa, Moskva meri Sobyanin mansıdır” deməsilə məşhurdur.

Vahid Ələkbərov isə bakılıdır, Azərbaycanda neftçi ailəsində doğulub-böyüyüb, indiki ADNA-da təhsil alıb, Bakıda işləyib, daha sonra Rusiyaya gedib və orada neft milyarderri olub.

411px-Mahmudov_Iskandar_Kahramonovich_president_of_UMMC.jpg (32 KB)

Ad-soyadı doğma gələn rusiyalı milyarderlərdən biri də İsgəndər Mahmudovdur. 7 milyard 300 milyon dollarla 21-ci yerdə qərar tutan Mahmudov özbəkdir, Buxarada doğulub.

Rusiyanın 110 milyarderinin içində Ələkbərovdan başqa azərbaycanlı axtarırıqsa, belələri var: Qubada, Qırmızı Qəsəbədə doğulan Zarah İliyev (56 yaş) və Qod Nisanov (51 yaş) hərəyə 2 milyard 900 milyon dollarla siyahıda 43-cü və 44-cü yeri tuturlar. Onlar dağ yəhudiləridir və doğulduqları vətənə faydalılıqlarına qalsa, bəzilərindən daha faydalı olublar və təəssübkeşlik ediblər.

seyfedruet.jpg (127 KB)

Siyahıda əslən azərbaycandan olan, Qusarda doğulan daha bir həmvətənimiz var: Seyfəddin Rüstəmov. O, milliyyətcə ləzgidir, 61 yaşı var, 1 milyard 3 milyon dollarla “Forbs”un tərtib etdiyi rusiyalı milyarderlərin cədvəlində 90-cı yeri tutur.

Məşhur həmvətənimiz Fərhad Əhmədov rusiyalı milyarderlərin siyahısında 99-cu yerdədir. O, bəlkə də daha ön yerlərdə ola bilərdi, amma 68 yaşlı Əhmədovun keçmiş arvadı Tatyana Soroka rusiyalı və ingiltərəli vəkillərin, hakimlərin yardımı ilə onun sərvətinin xeyli hissəsini əlindən alıb, nəticədə pul üstünə pul gəlməyib deyə, onun biznesi tam çiçəklənməyib, 1 milyard 100 milyon civarında qalıb.

110 milyarderin içində başqa həmvətənlərimiz də ola bilərdi, Ancaq 4-5 il öncə Telman İsmayılovun biznesini çökdürdülər deyə, o, artıq milyarder deyil. Bir də Araz Ağalarov hansısa səbəbdən o siyahıda təmsil olunmayıb. Ola bilər, onun varidatı 1 milyard dolları keçmir.

saymiler.JPG (46 KB)

Siyahıda ayrı-ayrılıqda milyarder olan qardaşlar da var. Bunlardan biri Ayrat Şaymiyev, digəri isə Radik Şaymiyevdir. Soyadlar sizə bir yerdən tanış gəldisə, bəli, bu qardaşlar 19 il Tatarıstana rəhbərlik edən Mintimer Şaymiyevin oğullarıdır. Görünür, M.Şaymiyev 19 il boyunca doğma tatar xalqının rifahı ilə yanaşı, ailə biznesinin də çiçəklənməsinin qayğısına qalıb və buna nail olub. İndi 61 yaşlı Ayratın (siyahıda 85-ci) və 59 yaşlı Radikin (siyahıda 86-cı) varidatı hərəyə 1 milyard 400 milyon dollar həcmindədir. Görkəmli dövlət xadimi qardaşlar arasında ədalətli bölgü aparıb.

karapet.jpg (43 KB)

Rusiyalı milyarderlərin arasında ən azı 5 erməni milyarder də var. Bunlar 3 milyard 200 milyon dollarla siyahıda 37-ci yerin sahibi olan Sergey Qalitski (arvadının soyadını qəbul etməzdən əvvəl Arutyunyan), 48-ci yerdə olan 57 yaşlı Samvel Karapetyan (2 milyard 700 milyon dollar), 56-cı yerdə qərarlaşan 53 yaşlı Albert Avdolyan (2 milyard 200 milyon dollar), 63-cü yeri tutan 48 yaşlı Artyom Xaçatryan (2 milyard 100 milyon dollar) və 64-cü yerdə bənd alan 49 yaşlı Andrey Andreyevdir (2 milyard dollar). Andreyin əsl soyadı Ohancanyandır, amma görünür, Qalitski kimi o da müharibə dövrünün erməni marşallarının yoluyla gedib, ad-soyadında bilə-bilə dəyişiklik edib.

Bu milyarderlərin əksəriyyətini böyük varidatlar və aşağı-yuxarı eyni yaşda olmaları ilə yanaşı, həm də bir şey birləşdirir. Onlar ABŞ-ın, Avropa ölkələrinin, Kanada, Avstraliya və Yeni Zelandiyanın sanksiyası altındadırlar. Tam əksəriyyətinin Avropadakı mülklərinə, yaxtalarına, ban hesablarına həbs qoyulub, ticarət əlaqələri sıfırlanıb, gediş-gəlişləri yasaqlanıb.

abramo.jpg (78 KB)

Milli mənşələrinə qalsa, rusiyalı milyarderlərin az qala yarısı qeyri-ruslardır. Onların arasında yəhudilər üstünlük təşkil edir: Leonid Mixelson, Mixail Proxorov, Vyaçeslav Kantor, Roman Abramoviç, Pyotr Aven, Mixail Fridman, Arkadi Rotenberq, Viktor Vekselberq, Leonid Boquslavski, İqor Buxman, Dmitri Buxman və başqaları. Bu şəxslərin bir xeylisinin İsrail vətəndaşlığı da var.

Daha sonra Ukrayna və Belarus əsilli milyarderlər gəlir, erməni, azərbaycanlı, tatar, özbək, ləzgi milyarderlərdən də bəhs etdik.

Milyarderlərlə yanaşı, Rusiyada on o qədər milyonçu da var.

Araz Altaylı, Musavat.com


19.07.2023 10:05
2288