“Gürcüstan hakimiyyəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində qalib gəldikdən sonra 2008-ci ildə osetinlərlə gürcülər arasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyasının başladığı müharibəyə görə üzr istəməyə güc tapacaq”.
Musavat.com xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində deyib.
“Oktyabrın 26-da seçkilər başa çatdıqdan sonra müharibənin təhrikçiləri mühakimə olunacaq və gürcü-osetin dostluğunun məhvinə görə məsuliyyət daşıyanların hamısı ən sərt hüquqi cavab alacaq. Bundan sonra biz mütləq özümüzdə güc tapacağıq ki, kənardan göstəriş alan xain “Milli Hərəkat”ın alova bürüdüyü osetin qardaşlarımızdan üzr istəyək”, - o bildirib.
İvanişvilinin sözlərinə görə, o əmindir ki, “gürcülər və osetinlər üçün xristianlığın təməl daşı” olan bağışlanma sayəsində əsası Gürcüstanın düşmənləri tərəfindən qoyulan qardaş qırğınları “tarixi qarşılıqlı bağışlanma və barışıqla başa çatacaq”.
Siyasətçi çıxışında bir daha təkrar edib ki, Saakaşvilinin partiyasını 2008-ci il müharibəsini başlatdığına görə məsuliyyətə cəlb etmək üçün hakim partiya yeni çağırış parlamentdə konstitusiya çoxluğunu əldə etməlidir.
Musavat.com