Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, Gürcüstan 2008-ci ildə keçmiş prezident Mixail Saakaşvili və onun “Vahid Milli Hərəkat” partiyası tərəfindən törədilmiş hərbi münaqişəyə görə osetinlərdən üzr istəməlidir.
Musavat.com xəbər verir ki, bu barədə RİA Novostiyə açıqlama verən İvanişvili deyib.
O qeyd edib ki, keçmiş hakimiyyət osetinlərdən üzr istəməlidir:
“Biz özümüzdə güc tapacağıq ki, göstərişlərə əsasən, Milli Hərəkat xainləri bizim osetin bacı-qardaşlarımızla müharibəyə başladıqlarına görə üzr istəməlidirlər”.
Onun sözlərinə görə, xristian inancının əsasını bağışlamaq təşkil edir və buna görə də qarşıdurmanın tarixi bağışlanma və səmimi barışıqla başa çatacağına əmindir.
İvanişvili bir daha bəyan edib ki, hakim partiya parlament seçkilərində qalib gələrsə, 2008-ci ildə hərbi əməliyyatların təşkilinə görə günahkar olanların hamısı məsuliyyətə cəlb olunacaq.
Bundan əvvəl hakim partiyanın nümayəndələri dəfələrlə seçkilərin nəticələrinə görə parlamentdə konstitusiya çoxluğunu qazanacaqları təqdirdə Cənubi Osetiya və Abxaziyanı ölkəyə qaytaracaqlarına söz veriblər. Onlar həmçinin Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasını konstitusiyaya zidd elan edəcəklərinə söz veriblər.
Qeyd edək ki, 2008-ci il avqustun 8-nə keçən gecə Gürcüstan Cənubi Osetiyanı “Qrad” reaktiv yaylım atəşi ilə atəşə tutub. Bundan sonra 5 gün ərzində rus ordusu ilə qızğın döyüşlər baş verib. Nəticədə gürcü ordusu geri çəkilərək, əraziləri tərk edib.
Moskva həmin il avqustun 26-da Cənubi Osetiyanın və digər keçmiş Gürcüstan muxtariyyətinin - Abxaziyanın suverenliyini tanıyıb. Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, bu tanınma mövcud reallıqları əks etdirir və ona yenidən baxılmır. Gürcüstan hələ də Abxaziya və Cənubi Osetiyanı tanımır və onları öz regionları hesab edir.
Toğrul İSMAYIL,
Musavat.com