“İtlərin əlindən çölə çıxa bilmirik, həyatımız təhlükədədir” - “AAAF Park” sakinləri dad edir 

“İtlərin əlindən uşaqlarımızı çölə çıxara bilmirik. Gecə səslərindən yatmaq olmur, səhər də işə gedəndə görürük ki, maşınların üstü cızıq-cızıq. Bezmişik artıq, burada yaşamaq zülmə çevrilib”.

Bu barədə Musavat.com-a Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksi, 1-ci küçənin sakinləri tərəfindən daxil olan şikayətdə bildirilir.

Sakinlər bizimlə söhbətdə əlavə ediblər ki, aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb:

““AAAF Park”ın rəhbərliyinə deyirik. Deyir ki, icra hakimiyyəti etməlidir, icra hakimiyyətinə deyirik, onlar deyir ki, “AAAF Park”a, “Toplan” sahibsiz itlərə qayğı mərkəzinə deyin. “Toplan”a deyirik, onlarsa cavab verirlər ki, biz Xırdalana baxmırıq. Bir neçə gün öncə itlər ananı və uşağını yaralamışdı. Qorxu içində yaşayırıq, küçə itləridir, nəzarət olunmur. Həyatımız təhlükədədir. Əlbəttə, heyvanları biz də sevirik, onlara zərər dəyməsini istəmərik. Amma bu qədər kütləvi şəkildə şəhərə, insanların yaşamasına mane olurlar. Bu ölkədə itləri saxlayacaq yer yoxdurmu?!”

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik, cavablandırıldığı halda yayımlanacaq.



Afaq Mirayiq,
Musavat.com

24.07.2024 15:45
1541