İtkin düşən Rasimin ailəsi yolu açdı – Lakin valideynlərin narazılığı davam edir

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin ailəsi avtomobil yolunu bağlayaraq etiraz aksiyası keçirib. Valideynlər 9 aydır itkin düşən azyaşlı ilə bağlı  istintaqın gedişatında heç bir irəliləyişin olmadığını deyirlər. 

Qаrаgüvəndikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ülvi Abasov Musavat.com-a bildirib ki, ailə ilə danışıqlar aparılıb və onlar yolu açıblar.

“Aksiyanın keçirildiyi yola prokurorluğun, DİN-in əməkdaşları və icra hakimiyyətinin nümayəndələri gəldi. Yarım saat çəkən aksiya başa çatdı. Ailə danışıqlara getmir. Onlar istintaqın gedişatından narazıdırlar”.

Qeyd edək ki, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.

Hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Ötən ay baş prokuror R. Xankişiyevin nənəsini qəbul edib.

Şahanə Rəhimli
Musavat.com

11.09.2024 12:56
679