Roma hökuməti Qarabağdan könüllü gedən ermənilərə kömək məqsədilə İtaliya Qızıl Xaç Cəmiyyətinə 4 milyon avro ayırıb. Bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, məqsəd Qarabağdan könüllü gedən ermənilərə humanitar yardım göstərmək və dəstək olmaqdır.
Bundan öncə rəsmi İrəvanın yardım üçün Avropa Komissiyasına müraciət etdiyi barədə məlumat verilmişdi.
Maraqlıdır, bu vəsait həqiqətən Qarabağı könüllü tərk edən ermənilərin “ehtiyacları” üçün xərclənəcək, ya bu yardımın arxasında başqa məqsədlər var? Məlumdur ki, ermənilər artıq məcburi köçkün terminini işlətməyə başlayıblar. Lokal antiterror tədbirləri bitər-bitməz ekspertlər deyirdilər ki, onlar Qarabağı kütləvi tərk etməklə gələcəkdə beynəlxalq səviyyədə yardımlardan istifadə edəcəklər. Görünür, proses başlayıb. Sentyabrın 29-da Fransa hökuməti Qarabağdan qayıdan şəxslər üçün Ermənistana 5 ton “humanitar yardım” göndərib. ABŞ da humanitar məqsədlə 11,5 milyon dollar vəsait ayıracaq.
Vüqar Bayramov
Millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Bayramov bildirdi ki, humanitar yardım göstərmək hər dövlətin öz qərarıdır. “Yeni Müsavat” a şərhində millət vəkili vurğuladı ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “İtaliya hər zaman strateji əməkdaşlıq xəttinə üstünlük verib. Üstəlik, İtaliya Azərbaycanın ticarət dövriyyəsində ən böyük tərəfdaşıdır. Uzun illərdir iki ölkə arasında enerji sahəsində əməkdaşlıq var. Dövlətlər Qızıl Xaç vasitəsilə vəsaitin ayrılması və dəstək nümayiş etdirə bilərlər. Azərbaycanın bu məsələyə yanaşması reinteqrasiya prosesinin daha yaxından dəstəklənməsi və intensiv şəkildə həyata keçirilməsidir. Azərbaycan etnik ermənilərin reinteqrasiyası ilə əlaqədar qeydiyyatla bağlı onlayn portalın istifadəyə verilməsi, güzəştlərin təklif və tətbiq olunması, praktiki olaraq ərzaq, tibb, yanacaq yardımının həyata keçirilməsi istiqamətində intensiv iş aparır. Bu da o deməkdir ki, Azərbaycan Qafqazda dayanıqlı sülhün əldə edilməsində maraqlı ölkədir. Yardımların davamlı olub-olmaması dövlətlərin qərarından asılıdır”.
Əziz Əlibəyli
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, humanitar yardım məsələsi beynəlxalq fəaliyyət missiyasına aiddir. Ekspert hesab edir ki, bu vəziyyətdən asılıdır: “Elə dövlətlər var ki, vəziyyəti beynəlxalq humanitar hüquq pozuntusu kimi dəyərləndirir və gələcəkdə bunu siyasi təsir aləti kimi istifadə edəcək. İtaliya ilə bağlı bunu demək mümkün deyil. İtaliya dövlət qurumları arasında əlaqələrimiz yüksək səviyyədədir. Digər tərəfdən, İtaliyada müəyyən alt dövlət qurumları ilə erməni lobbisinin əlaqələri yüksək səviyyədədir. Bunu gözardı etmək olmaz. Ermənistanın şişirdilmiş rəqəmlərlə ifadə etdiyi köç ona böyük məbləğdə maliyyə dividentləri gətirəcək. Davamlı olaraq vurğuladığımız kimi, ermənilər Qarabağı könüllü tərk edirlər. Bu baxımdan, onların qaçqın yaxud məcburi köçkün statusu alması mümkün deyil. Eyni zamanda onlar Ermənistan pasportu daşıyırlar. Əgər hər hansı açıqlamada "Azərbaycanın fəaliyyəti nəticəsində" ifadəsi işlənirsə, bu, beynəlxalq hüquq pozuntusudur. Azərbaycan ermənilərə humanitar yardım göstərilməsi predmetini yox, onun Azərbaycan üzərindən formalaşdırılması arqumentinə etiraz etməlidir".
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Yeni Müsavat”a şərhində qeyd etdi ki, dünyanın aparıcı media qurumları, xüsusilə ermənipərəst seqmentində anti-Azərbaycan məlumatları, dezinformasiya yayılmaqdadır. Politoloq şərhində bildirdi ki, Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərini kölgə altına salmaq istəyən xüsusilə erməni diaspor və lobbi təşkilatlarının təsiri altında qüvvələr Azərbaycanın atdığı addımları müxtəlif istiqamətlərdə yozmağa çalışırlar: “İtaliya və Azərbaycan arasında münasibətlərdə son illərdə müsbət dinamika müşahidə olunur. İtaliya Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib. Hətta Ermənistanın Azərbaycana qarşı mina terroru ilə bağlı beynəlxalq hüquq çərçivəsində təsir göstərilməsi ilə bağlı İtaliya parlamenti münasibət bildirmişdi. İtaliya XİN-in bu addımı ermənipərəst qüvvələrin yaydıqları məlumatlarla bağlı ola bilər. Düşünürəm ki, qaçqın və ya məcburi köçkün statusu olmayan şəxslərin Azərbaycanı tərk etməsi ilə bağlı şounun yaradılması, onlara yardım edilməsi qəbuledilməzdir. Bu, həm beynəlxalq hüquqa, həm dövlətlərarası münasibətlərə ziddir. Hesab edirəm ki, İtaliya XİN tərəfindən bu yanlışın aradan qaldırılması üçün addım atılacaq. O ki qaldı digər dövlətlərə, fikrimcə, Fransa kimi ermənipərəst dövlətlər bu məsələdə daha çox canfəşanlıq edə bilərlər. Bununla da Azərbaycana qarşı səfərbərliyin təşkil edilməsinə nail olmağa çalışacaqlar. Hər bir halda dünyada mütləq əksəriyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Yardımların insanlara aidiyyəti yoxdur. Bu yardımlar Ermənistan və idarəetməni həyata keçirən qüvvələr üçündür. "Hayastan" fonduna zamanında 100 milyon ABŞ dolları məbləğində yardım edilmişdi. Sonradan məlum oldu ki, vəsait mənimsənilib".
Politoloq Qarabağı könüllü tərk edən ermənilərin qaçqın, yaxud məcburi köçkün statusu almaq cəhdlərini belə şərh etdi: “Qarabağı tərk edən ermənilərə qaçqın, yaxud məcburi köçkün statusu verilə bilməz. Məcburi köçkün beynəlxalq termin kimi dövlətin yürütdüyü siyasət, təzyiqlər, təqiblər nəticəsində dövlətin hüdudları çərçivəsində bir ərazidən digər əraziyə köçmək məcburiyyətində qalan şəxsə deyilir. Qaçqın da beynəlxalq termindir, təqibedici, təzyiqedici dövlət siyasəti nəticəsində ölkə ərazisini tərk etmək məcburiyyətində qalan vətəndaşlara aid edilir. Qarabağı tərk edən ermənilərdə Azərbaycan pasportu yoxdur. Bir sözlə, ermənilərin Azərbaycan ərazisini təzyiq altında tərk etmək istəməsinin Azərbaycanın siyasəti ilə heç bir əlaqəsi yoxdur. Əksinə, dövlətimiz ermənilərə Qarabağda qala biləcəklərinə dair çağırışlar edir. Azərbaycan erməni icması ilə görüşlər təşkil edir, artıq 3 görüş keçirilib. Bu görüşlərdə Azərbaycan vətəndaşlığı qəbul edəcək şəxslərin hüquqlarının təminatı ilə bağlı öhdəliklər götürdüyünü bəyan edib. Bununla bağlı Prezident Administrasiyası məlumat yayıb. Azərbaycan Qarabağda yaşayacaq insanların təməl hüquqlarını özündə ehtiva edən hüquqi, idarəetmə, sosial, iqtisadi və başqa sahələr üzrə operativ müzakirələr keçirir. Hüquqi dövlət olduğumuz üçün hər bir şəxsin ölkə ərazisində yaşamaq və yaxud ölkəni tərk etmək hüququ var. Əgər qanunvericiliyə zidd heç nə yoxdursa, dövlət heç bir maneə yaratmır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”