İşǝmuzd əməkhaqqı işçinin yerinə yetirilən işin həcminə görə alacağı ödənişdir. Vaxtamuzd əməkhaqqından fərqli olaraq, bu zaman iş vaxtı əsas götürülmür. Müəyyən olunmuş vaxt ərzində istehsal edilən məhsulun miqdarı və ya görülən işin həcmi əsasdır.
Bəs bu məsələ qanunvericiliklə və təcrübədə necə tənzimlənir?
“vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir:
Əməkhaqqının işəmuzd ödənilmə sistemi işəgötürən tərəfindən istehsal olunan faktiki məhsulun və ya faktiki işin miqdarının müəyyən edilməsi imkanına malik olduğu iş yerlərində tətbiq edilir. Əmək Məcəlləsinin 149-cu maddəsində əməyin işəmuzd qiymətlərinin müəyyən olunması öz əksini tapıb.
Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürülməklə müəyyən edilir. İşǝmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşǝmuzd qiymət, eyni zamanda, görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə hesablana bilər. Gündəlik tarif (vəzifə) maaşları (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Əməyin ödənilməsinin işəmuzd formasında iş vaxtının uçotundan əlavə istehsal edilən məhsulun və ya görülən işin miqdarının uçotu aparılmalı və gündəlik işçi tərəfindən imzalanmalıdır.
İşəmuzd əməkhaqqı sisteminin aşağıdakı növlərini fərqləndirmək olar:
Düzünə işəmuzd əməkhaqqı
İşəmuzd əməkhaqqı sistemləri içərisində ən geniş yayılmış forma - düzünə (müstəqim) işəmuzd əməkhaqqı sistemidir. Bu sistemdə işçinin əməkhaqqı aylıq hazırlanmış məhsulun miqdarına və istehsal olunmuş məhsul vahidi üçün müəyyən edilmiş işəmuzd qiymətə əsasən təyin olunur.
Misal 1: Fərz edək ki, mebel istehsalı fabrikində çalışan rəngsaz yalnız stulların rənglənməsindən məsuldur və tarif maaşı gündəlik 30 manat təşkil edir. Müəssisənin iş vaxtı həftədə 5 gün 8 saat olmaqla müəyyənləşib. Rəngsazın gündəlik norması 10 ədəd stulun rənglənməsidir. Bu zaman onun rənglədiyi bir məhsula görə qazancı 3 manat olacaq:
30 : 10 = 3 manat.
İşçinin aylıq hasilat norması 220 ədəd stulun rənglənməsidir:
22 x 10 = 220 ǝdǝd.
Ay sonunda işçinin hasilat normasına uyğun olaraq alacağı əməkhaqqı 660 manat olacaq:
220 x 3 manat = 660 manat.
Dolayı işəmuzd əməkhaqqı
İşǝmuzd əməkhaqqı sisteminin bu formasında işçinin aldığı əməkhaqqı onun xidmət etdiyi digər işçilərin aldığı əməkhaqqından və ya istehsal etdikləri məhsulun miqdarından asılıdır. Əməkhaqqının ödənilməsinin bu forması, adətən, əsas istehsalata köməklik göstərən istehsalat işçilərinə təyin edilir. Bu sistemdə köməkçi fəhlələrin əməkhaqqı məbləği əsas işçilərin əməkhaqqı məbləğindən asılı olur. Əməkhaqqının ödənilməsinin bu formasında köməkçi istehsalatın işçilərinin əməkhaqqı onların xidmət göstərdikləri əsas istehsalat işçilərinin əməkhaqqının müəyyən faizi nisbətində təyin edilir. Köməkçi fəhlənin əməkhaqqı əsas fəhlənin yerinə yetirdiyi işə görə aldığı əməkhaqqıdan birbaşa asılı olduğu üçün köməkçi fəhlə də əsas fəhlənin işinin yerinə yetiriməsində maraqlı olur.
Misal 2: Ortopedik döşəklərin istehsalı ilə məşğul olan müəssisədə istehsalat prosesi, əsas və köməkçi istehsal olmaqla, iki hissədən ibarətdir. Köməkçi istehsal sexində fəaliyyət göstərən Amil dolayı işəmuzd əməkhaqqı sistemi ilə əməkhaqqı alır. Ona əsas istehsal işçilərinin əməkhaqqının 10 faizi miqdarında əməkhaqqı hesablanması razılaşdırılıb. Fərz edək ki, əsas istehsal sexinin işçilərinin maaşı cari ay üzrə 7.000 manat olub. Bu halda Amilin maaşı 700 manat olacaq:
7000 x 10% = 700 manat.
Mütərəqqi işəmuzd əməkhaqqı
Əməkhaqqının ödənilməsinin bu formasında müəyyən olunmuş işəmuzd tarif dərəcələri istehsal edilmiş məhsul miqdarından asılı olaraq dəyişir ki, əmək məhsuldarlığının artması təmin edilsin. İşçi nə qədər çox məhsul istehsal etməyə həvəsli olarsa, işəmuzd tarif dərəcəsi də bir o qədər artacaq. Adətən, belə ödəmə sistemini müəyyən müddət üçün tətbiq edirlər.
Misal 3: Fərz edək ki, istehsal müəssisəsində mütərəqqi işǝmuzd əməkhaqqı sistemi tətbiq edilir və qəbul olunmuş normalara görə, aylıq 200 məhsul istehsalı zamanı işəmuzd qiymət 4 manat, 200 məhsuldan yuxarı olduqda isə yuxarı olan istehsal üçün 5 manat müəyyən edilib. İşçinin aylıq 230 ədəd məhsul istehsal etdiyini nəzərə alsaq, onun aylıq əməkhaqqı belə hesablanacaq:
200 x 4 = 800 manat;
30 x 5 = 150 manat.
İşçinin cari ay üçün əldə edəcəyi cəmi əməkhaqqı məbləği:
800 + 150 = 950 manat olacaq.
Mükafatlı işǝmuzd əməkhaqqı sistemi
Bu əməkhaqqı sistemində çalışan işçi əməyin kəmiyyət və keyfiyyət göstəricilərindən asılı olaraq, mükafat da alır. Mükafat məhsulun keyfiyyət göstəricilərinə, kəmiyyət göstəricilərinə bağlı ola və ya sabit məbləğdə müəyyən edilə bilər.
Misal 4: Mükafatlı işǝmuzd əməkhaqqı forması ilə çalışan işçiyə istehsal edilən məhsul miqdarına uyğun qiymətlərdən əlavə tabeliyində olan şəxslərin də aylıq hasilat normalarının qüsursuz yerinə yetirilməsinə görə əlavə 10 faiz məbləğində mükafat müəyyən edilib. İşçi ay ərzində 300 məhsul istehsal edib və məhsul üzrə işəmuzd qiymət 4 manat olub. Tabeliyində olan şəxslər də öz hasilat normalarını qüsursuz yerinə yetiridikləri üçün işçinin əməkhaqqı məbləği aşağıdakı formada hesablanacaq:
300 x 4 = 1200 manat;
1200 x 10% = 120 manat.
Beləliklə, işçi cari ay ərzində cəmi 1320 manat əməkhaqqı alacaq:
1200 + 120 = 1320 manat.
Kollektiv (akkord) işǝmuzd əməkhaqqı
Kollektiv və ya akkord işəmuzd əməkhaqqı sistemi yerinə yetirilən işin xüsusiyyətlərinə görə işçinin fərdi əməyinin qiymətləndirilməsi mümkün olmayan hallarda tətbiq edilir. Bu zaman hasilat normaları işçi üçün fərdi deyil, həmin işi yerinə yetirən işçi qrupu - briqada üçün təyin olunur və sərf edilən əməyin payına uyğun olaraq əməkhaqqı müəyyən edilir. Verilmiş işin yerinə yetirilməsi zamanı sərf edilən zamana uyğun olaraq, qrup üzvlərinin əməkhaqqı məbləği müəyyən edilir.
Misal 5: Müəssisənin yeni açılmış filialına kombi istilik sisteminin quraşdırılması üçün Mahirin rəhbərlik etdiyi 4 nəfərdən ibarət briqada ilə razılıq əldə edilib. Razılığa əsasən, 120 radiator quraşdırılmalı və iş 20 günə təhvil verilməlidir. Qeyd edilmiş işin qarşılığında ödəniləcək məbləğ ümumilikdə 6.000 manat olmaqla hər radiatora görə 50 manatdır. Fərz edək ki, müəyyən olunmuş iş bölgüsünə əsasən, ustalar tərəfindən xətlər çəkilməli və radiator briqadir tərəfindən quraşdırılmalıdır.
Göründüyü kimi, verilmiş tapşırığın icra edilməsinə 160 saat zaman sərf edilib. Fərz edək ki, sərf edilmiş 160 saatlıq zamanın 110 saatı xətlərin çəkilməsinə, 50 saatı isə radiatorların quraşdırılmasına sərf edilib. Bu halda əməkhaqqı işçilər üzrə aşağıdakı şəkildə bölüşdürüləcək:
6000 : 160 saat = 37.5 manat.
Briqadirin maaşı: 37.5 x 50 saat = 1.875 manat;
Ustaların maaşı: 37.5 x 110 saat = 4.125 manat;
Bir ustaya düşən ödəniş: 4.125 : 3 nəfər = 1.375 manat.
Əməyin ödənilməsinin işəmuzd formasında hasilat normaları müəyyən edilməlidir. Əmək Məcəlləsinin 147.4-cü maddəsinə əsasən, hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əməkhaqqı məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın.
Əmək normaları - hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun müəyyən edilir. Hasilat normaları dedikdə, işçilərin və ya onların kollektiv qurumlarının müvafiq ixtisas üzrə və müəyyən təşkilati-texniki şəraitə uyğun olaraq vahid iş vaxtı ərzində görməli olduğu işin həcmi başa düşülür. Vaxt normaları dedikdə isə işçilərin və ya onların kollektiv qurumlarının müvafiq ixtisas üzrə və müəyyən təşkilati-texniki şəraitə uyğun olaraq vahid iş vaxtı ərzində istehsal etdiyi məhsula sərf olunan iş vaxtının müddətidir.
Xidmət normaları - işçilərin, yaxud onların kollektiv qurumlarının (briqadanın) müvafiq ixtisas üzrə və müəyyən təşkilati-texniki şəraitə uyğun olaraq vahid iş vaxtı ərzində xidmət göstərməli olduğu istehsal obyektlərinin sayıdır. İşçilərin say normaları - müəyyən olunmuş vaxt ərzində müəyyən əmək funksiyalarının, yaxud işin həcminin yerinə yetirilməsi üçün zəruri olan işçilərin sayıdır.
Bağlanmış əmək müqaviləsində əməyin ödənilmə sistemi işəmuzd nǝzərdə tutulubsa, o zaman elektron informasiya sistemində işçinin vəzifə maaşı hissəsində işəmuzd işçi üçün nəzərdə tutulmuş tarif maaşı qeyd olunacaq.
Ümumiyyətlə, əksər müəssisələrdə əməkhaqqı sistemi elə qurulur ki, işçi təkcə vəzifə maaşına bağlı olmasın. Əmək məhsuldarlığının və ya işin səmərəliliyinin artırılması məqsədilə müəyyən mükafat sistemi nəzərdə tutulur. Vaxtamuzd əməkhaqqı formasında tarif maaşından əlavə, mükafat sistemi də olur. Bəzi fəaliyyət növlərində bu mükafat sistemini qurmaq faydalı olmur və işǝmuzd formada rəsmiləşdirmək işçilərin əmək məhsuldarılığının artırılmasına hədəflənir. İşǝmuzd əməkhaqqı formasında müəyyən edilmiş hasilat normasının yerinə yetirilməməsi işəgötürənin ucbatından baş verirsə, işin olub-olmamasından asılı olmayaraq, işçiyə gündəlik iş vaxtını işdə keçirirsə, ona tarif maaşından az olmamaqla əməkhaqqı verilməlidir.
İşǝmuzd əməkhaqqı formasında, qeyd etdiyimiz kimi, işçinin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, göstərilən xidmətin və ya işin həcminə görə hesablanır. İşçilərə müəyyən edilmiş hasilat normalarının artıqlamasilə yerinə yetirilməsinə görə mükafat da hesablanır.