İstanbula uçan təyyarənin kapitanı vəfat etdi: Təyyarə...

Sietldən İstanbula uçan Türk Hava Yollarına məxsus təyyarə havada olarkən heyət kapitanı vəfat edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə təyyarə Nyu-Yorkda təcili eniş edib.

Aviaşirkətin nümayəndəsi Yəhya Üstün X sosial şəbəkəsində yazıb ki, Sietl-İstanbul marşrutu üzrə TK204 reysini həyata keçirən TC-LGR qeydiyyat nömrəli Airbus A350 təyyarəsinin kapitanı İlçegin Pehlivan uçuş zamanı huşunu itirib: “İlk tibbi yardım nəticə verməyib və ekipaj təcili eniş etmək qərarına gəlib. Lakin kapitanımız təyyarə yerə enməzdən əvvəl vəfat edib”.

Pehlivanın 59 yaşında olduğu bildirilib. Aviaşirkətin nümayəndəsi deyib ki, pilot bu yaxınlarda aviasiya mərkəzində məcburi tibbi müayinədən keçib və səhhətində onun işinə mane olacaq hər hansı problem aşkar edilməyib.

 

Musavat.com

09.10.2024 21:29
1482