“İstanbul NS” klinikasında ölüm işi: Həkimlər qarşılıqlı ittihamlara keçdi – mərhumun qızı ciddi araşdırılma tələb edir

 

“İstanbul NS” klinikasında daha bir xəstə həkim səhvindən öldü” sərlövhəli yazı yayınlamışdıq.

Söhbət 82 yaşlı anası Raya Abduləli qızı Əliyevanın klinikada həkim səhlənkarlığı üzündən dünyasını dəyişməsindən gedir. Ümumiyyətlə isə “İstanbul NS” klinikası bu sayaq xəstə ölümlərinə görə mənfi planda çox yaxşı tanınıb, ad çıxarıb. Raya Əliyeva klinikadan nəşi çıxan əksər pasiyentlər kimi ora öz ayağı ilə gedib.

Qızı İlhamə Qəhramanova deyib ki, anamı gülə-gülə əməliyyata salıb, meyitini verdilər, cərrah isə qaçıb getdi.

“Yeni Müsavat”a müraciət edən İlhamə Qəhrəmanova bildirib ki, klinikada baş verən hadisələr, anasına münasibətdə həkimlərin cinayətə bərabər hərəkətlərilə bağlı ölkə rəhbərliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova da müraciət ünvanlayıb, məsələnin ciddi şəkildə araşdırılmasını xahiş edib.

965daeedd468abc6517c5bed0131b1d1.jpg (538 KB)

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Raya Əliyevanı əməliyyat etmiş həkim Zaur Ramixanovla əlaqə saxlayıb və ona yönəlik iddialara münasibətini öyrənib.

Zaur Ramixanov deyib ki, xəstənin ölümündə onun günahı yoxdur: “Mən xəstəni yerli keyitmə ilə əməliyyat edəcəkdim. Anestezeoloq xəstəni əməliyyata hazırlayanda aşağı təzyiqini nəzərə alıb və mənə deməmiş ümumi anesteziya verib. Mən əməliyyat etmişəm, əməliyyatdan sonra xəstənin ağrıları keçib. Mən xəstəni yerli keyitmə ilə əməliyyat edəcəkdim, anestezioloq isə özbaşına ona ümumi anesteziya verib və nəticədə ölüm baş verib”.

Zaur Ramixanov deyib ki, anestezioloq özü müstəqil qərar verdiyinə görə baş vermiş hadisənin məsuliyyəti də onun üzərindədir.

Anestezeoloq Şahin Manafov isə “Yeni Müsavat”a deyib ki, onun bu məsələdə günahı yoxdur: “Xəstə narkozdan ayılıbsa, mənim işim bitmiş sayılır. Mən özbaşına qərar verməmişəm. Hazırda əlimdə xəstəm var, əlavə nəsə demək istəmirəm”. 

1592d62cb1ac70f0387804690b35bb77.jpg (34 KB)

                                                     Həkim Zaur Ramixanov

İlhamə Qəhramanova isə deyir ki,  onları aldadan həkim Zaur Ramixanovdur. O, aldatmaqla anasına narkoz vermədən əməliyyat edəcəyini desə də, faktiki olaraq narkozla əməliyyat edib. Nəticədə də anası ölüb: “Anamı öldürməsəydilər, bu gün də yaşayacaqdı. Nənəm 100 yaşını haqlayıb, gümrahdır, sağ-salamatdır. Yəni Zaur Ramixanov bizi aldadıb anamı əməliyyata salmasaydı, bu gün də yaşayırdı. Həkim Zaur Ramixanov məni və yaxın qohumlarımı aldadaraq, xəstəyə narkoz verilməyəcəyini, 40 dəqiqə müddətində yüksək səviyyədə cərrahi əməliyyat edəcəyini, ölüm və digər təhlükəli hal olmadığını deyib bizi inandıraraq, əməliyyat üçün razılıq alıb istədiyi pulu ödəniş etməyimə nail oldu. Bundan sonra Zaur həkim xəstənin yaşı və keçirdiyi xəstəlikləri nəzərə almadan ona narkoz verib əməliyyata götürdü və nəticədə xəstə vəfat etdi. Xəstənin vəziyyəti pisləşdiyi ərəfədə digər xəstəxanalardan dəvət etdiyim təcrübəli həkimlər xəstəni müayinə edərək, ona verilmiş prafol dərmanından və ya cərrahiyyə alətlərinin natəmizliyindən xəstəyə mikrob düşməsi nəticəsində xəstənin ildırım sürətli sepsis (zəhərlənmə) keçirdiyini, xəstənin əvvəlcədən düzgün müayinə  və digər halların nəzərə alınmadığını, ümumiyyətlə, onun əməliyyat olunmasının düzgün olmadığını dedilər. Bütün bunları həkim Zaur Ramixanova irad bildirdilər. Xəstə ildırım surətli sepsis keçirdiyi üçün artıq onu həyata qaytarmaq mümkün olmadı və bu səbəbdən vəfat etdi”.

Şikayətçi deyir ki, “İstanbul NS” Klinikasının həkimi Zaur Ramixanov pul əldə etmək üçün onları aldadıb: “Anamı düzgün cərrahi əməliyyat etmədi və nəticədə onun ölümünə bais oldu. Xahiş edirəm ki, bu fakt ciddi şəkildə araşdırılmaqla məsul şəxslər cəzalandırılsın”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

31.08.2023 13:33
6343