İsrailli milyarderə məxsus konteyner gəmisi Hind okeanında İrana məxsus olduğu ehtimal edilən pilotsuz uçan aparat tərəfindən hücuma məruz qalıb.
“CMA CGM Symi” adlı gəmiyə hücum dünən olunub. Adının açıqlanmasını istəməyən ABŞ müdafiə qurumu rəsmisi AR agentliyinə Malta bayrağı altında üzən gəminin beynəlxalq sularda olarkən "bomba daşıyan üçbucaq formalı “Şahed-136” pilotsuz təyyarəsi tərəfindən hücuma məruz qaldığını" deyib.
Onun sözlərinə görə, pilotsuz təyyarə partlayıb, gəmiyə ziyan dəyib, lakin onun heyətindən heç kim xəsarət almayıb: "Biz vəziyyəti yaxından izləməyə davam edirik". O, ABŞ ordusunun hücumun arxasında İranın olduğunu güman etməyə imkan verən hansı kəşfiyyat məlumatlarını topladığını dəqiqləşdirməyib.
Özəl kəşfiyyat şirkəti olan “Ambrey”dən AP-yə bildirilib ki, hücum, ehtimal ki, gəmi “Eastern Pacific Shipping” vasitəsilə İsraillə əlaqəli olduğu üçün hədəf alınıb. Belə ki, “Symi” israilli milyarder İdan Oferin nəzarətində olan Sinqapurda yerləşən “Eastern Pacific Shipping” şirkətinə məxsusdur.
Musavat.com