İsrailin kölgəsində aparılan danışıqlar: Roma raundu nə vəd edir?

ABŞ–İran danışıqlarının Roma raundu baş tutdu: Prosesə texniki heyətlər də daxil olur, ekspertlər bu həftədən texniki müzakirələrə qoşulur

İtaliyanın paytaxtı Romada keçirilən ABŞ–İran nüvə danışıqlarının ikinci raundu başa çatıb. Prosesi müşahidə edən media orqanlarının məlumatına görə, Oman Sultanlığının Romadakı səfirliyində keçirilən görüş 4 saat davam edib. İlkin məlumata əsasən, tərəflər danışıqların növbəti mərhələsinin aprelin 26-da Omanda keçirilməsi ilə bağlı razılıq əldə edib. Eyni zamanda Roma görüşündə əldə olunan ikinci mühüm uzlaşma bu həftənin çərşənbə günündən başlayaraq ABŞ və İran mütəxəssisləri arasında texniki müzakirələrin başlanması ilə bağlıdır. Bu, danışıqlarda müsbət irəliləyiş ehtimalını gücləndirir.

Roma görüşünün daha bir müsbət məqamı ABŞ–İran danışıqları zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossinin Romada olması idi. Qrossi Romada İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani və İran XİN başçısı Abbas Əraqçi ilə görüşüb.

Yeri gəlmişkən, bugünkü danışıqlar Romada keçirilsə də, vasitəçi yenə də Oman Sultanlığıdır. Danışıqların moderatoru da Oman diplomatları olub. Bugünkü danışıqlarda Omanın xarici işlər naziri Bədr əl-Busəydi iştirak edib.

Qeyd edək ki, ABŞ–İran danışıqları bu il martda ABŞ prezidenti Donald Trampın İranın dini lideri Ayətullah Əli Xameneiyə məktubu ilə başlayıb. Məhz bu məktubdan sonra ABŞ və İran arasında Omanda vasitəli danışıqlara start verilib. Danışıqların ilk raundu aprelin 12-də Omanın paytaxtı Məsqət şəhərində keçirilib. Hər iki tərəf danışıqları müsbət və konstruktiv adlandırıb.

Qeyd edək ki, ABŞ tərəfi İrandan nüvə silahı əldə etməməsi, ballistik raket proqramından imtina və Yaxın Şərqdəki silahlı qruplara dəstəyi dayandırması kimi tələblər irəli sürüb.

İran isə raket və silahlı qruplara dəstək siyasətinin müzakirə mövzusu olmadığını, yalnız nüvə mövzusunu müzakirə edəcəklərini elan edib. Lakin daha sonra ritorika yumşalıb. ABŞ prezidentinin danışıqlardakı təmsilçisi, Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof nüvə mövzusunun müzakirə olunduğunu açıqlayıb. İran tərəfi isə bəyan edib ki, nüvə sahəsində sanksiyaların ləğv olunması müqabilində nüvə silahı əldə etməyə mane olacaq formada məhdudlaşdırmağa hazır olduğunu bəyan edib. Bunun üçün hazırda hər hansı model yoxdur. İranın hazırda 60 faizə qədər zənginləşdirilmiş 270 kiloqramdan artıq uranı olduğu bilinir. Bu uranın 2015-ci il sazişində olduğu kimi, 3-cü ölkəyə (məsələn, Rusiya – K.R.) verilməsi və əvəzində İrana dinc məqsədlər üçün kifayət edəcək 3,67 faiz zənginləşdirilmiş uran verilməsi, İranın nüvə stansiyalarında ciddi beynəlxalq nəzarətin təmin olunması, kamera müşahidə sisteminin qurulması kimi formalar var.

Ancaq bilinən odur ki, hələlik tərəflər vahid bir forma üzərində işləmir, iki tərəfin baxışları ziddiyyətlidir. Lakin danışıqların davam etməsi qərarı və üstəlik, prosesə hər iki tərəfdən ekspertlərin aralıq müzakirələrinin qatılması hər iki tərəfdə ümid olduğunu göstərir.

Hazırda danışıqları poza biləcək yeganə və əsas faktor İsraildir. İsrail hakimiyyəti növbəti dəfə İranın nüvə stansiyalarını vurmağa hazırlaşdığı ilə bağlı mediaya məlumat ötürüb. Bəzi iddialara görə, İsrail hakimiyyəti qarşıdakı aylarda İranın nüvə obyektlərinə qəfil sarsıdıcı zərbə vurmağa hazırlaşır. Belə bir zərbə İranın nüvə proqramını bir neçə il (ən azı) geri atmaqla yanaşı, ABŞ–İran danışıqları prosesini poza, hətta yeni müharibəyə səbəb ola bilər. Başqa sözlə, İsrail İranla müharibəni başlatmaqla mövcud vəziyyəti dəyişə bilər.

Lakin İsrailin ABŞ-ın maraqlarına zərbə vurmağa risk edəcəyi ehtimalı yüksək deyil. Çünki İsrailin İran hücumu ABŞ-ı istəmədiyi müharibəyə cəlb edə və regionda fəlakət ssenarisinə səbəb ola bilər.

Hələliksə görünən odur ki, İran–ABŞ danışıqları müsbət atmosferdə davam edir. Həm ABŞ, həm də İran rəhbərliyi nüvə danışıqlarının müsbət nəticə verməsində maraqlıdır. Bu da optimizm üçün əsas verir.

19.04.2025 22:21
810