İsrailə cavabı İran yox, ONLAR verəcək - Tehrandan gözləntilər boşunadır!

Hizbullah lideri Həsən Nəsrullahın İsrailin sui-qəsdində öldürülməsindən sonra gözlər Tehrana çevrildiyi halda, ABŞ mediası İsrailə veriləcək cavabın İran yox, Hizbullah, Həmas və digər Fələstin qrupları tərəfindən veriləcəyini yazıb.

İsrail ordusunun əvvəlki axşam Beyrutun cənubunda yerləşən Dahiya bölgəsində Hizbullah qərargahına endirdiyi hava zərbəsi nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın (64) öldüyü bildirilib.

YÜKSƏK SƏVİYYƏLİ ADAMLAR ÖLDÜRÜLDÜ

Dünən səhər İsrail ordusu Nəsrullahın öldürüldüyünü rəsmən açıqladı, bir neçə saat sonra isə Hizbullah “Müqavimətin lideri, saleh qul Seyid Həsən Nəsrullah şəhid oldu” deyə bəyanat yayaraq ölümü təsdiq etdi. Bildirilib ki, Nəsrullahla yanaşı Cənub Cəbhəsinin komandanı Əli Karaki də öldürülüb.

Bu gün İsrail Ordusu Hizbullahın Preventiv Təhlükəsizlik Bölməsinin komandiri və İcra Şurasının üzvü Nabil Kaukun da ötən gecə sui-qəsd nəticəsində öldürüldüyünü açıqlayıb.

Bütün gözlər Tehrana çevrilmişdi, İsrailə cavabı İran yox, onlar verəcək...

İsrailin ardıcıl hücumlarından sonra dünya ictimaiyyətinin diqqəti İrana yönəldi. ABŞ-ın “New York Times” qəzetinin verdiyi məlumata görə, İsrailin Hizbullah lideri Həsən Nəsrullahı öldürməsinə qarşı İran hökumətində fikir ayrılıqları var.

Xəbərdə mühafizəkar qüvvələrin Tehranın ən sərt şəkildə cavab verməsini tələb etdiyi, İranın yeni prezidenti Məsud Pezeşkiyanın başçılıq etdiyi mötədil qüvvələrin isə təmkinli olmağa çağırdığı iddia edilir.

WhatsApp Image 2024-09-29 at 16.04.57.jpeg (55 KB)

Qəzetin iddiasına görə, Pezeşkian bunun Netanyahunun müharibəni genişləndirmək üçün qurduğu bir tələ olduğunu düşünür və İranın bu tələyə düşməməli olduğunu bildirir.

CAVAB İRANDAN DEYİL, ONLARDAN GƏLƏCƏK

Nəsrullahı tanıyan və adı açıqlanmayan dörd İran rəsmisinin verdiyi məlumata görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei yaxın dostunun ölümündən çox təsirlənib və yas saxlayır, amma yenə də sakit və praqmatik mövqe tutur.

Nəsrullahın ölümündən sonra Xamenei açıqlamasında qəzəbli ritorikadan çox, ölçülü tonda çıxış etdi. Analitiklərin fikrincə, Xamenei İsrailə qarşı cavabı İranın yox, Hizbullahın verəcəyini, İranın isə dəstək rolu oynayacağını bildirib.

İsraillə hərtərəfli müharibə və ya ölkənin maraqlarını qorumaq arasında qərar verməli olan Xameneinin ehtiyatlı davrandığı düşünülür. İnqilab Keşikçiləri Korpusunun baş komandanı general Hüseyn Səlami də İsrailə zərbə vuracaq qrupların “Hizbullah, Həmas və digər Fələstin qrupları” olacağını açıqlayıb.

Musavat.com (Hürriyet qəzetinin materialları əsasında)

29.09.2024 16:10
1624