İsrail və Suriya rəsmiləri arasında bir neçə raund danışıqlar baş tutub. Görüşlərin biri Azərbaycan ərazisində keçirilib və orada Türkiyə nümayəndələri də iştirak edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin 12-ci kanalı yayıb.
Bildirilir ki, Azərbaycan paytaxtında baş tutan danışıqlarda İsrail tərəfini İDF-in (İsrail Müdafiə Qüvvələri) Əməliyyat İdarəsinin rəhbəri, general-mayor Oded Basyuk təmsil edib. Görüşdə Suriya hökumət nümayəndələri və Türkiyə rəsmiləri də iştirak ediblər.
Mənbələrin məlumatına görə, İsrail hazırda BƏƏ vasitəçiliyi ilə Suriya ilə əlavə danışıqlar aparır. Söhbət Dəməşqin “Əbraham sazişlərinə” qoşulması perspektivindən gedir.
Məlumata görə, Ər-Riyadda keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşüb və birbaşa olaraq bu sazişlərə qoşulmağı təklif edib. Tramp daha sonra “Air Force One” təyyarəsində jurnalistlərə deyib:
“Mən ona dedim ki, ümid edirəm, siz də qoşularsınız – sabitlik bərpa olunan kimi. O da “bəli” dedi. Amma qarşılarında hələ çox iş var.”
İsrailin 12-ci kanalı qeyd edir ki, bu proses Suriyanın İranın təsir dairəsindən çıxması və ABŞ-la yaxınlaşması üçün önəmli addım ola bilər. Eyni zamanda, bu danışıqların İsrail–Türkiyə münasibətlərinə də müsbət təsir göstərəcəyi istisna edilmir.
Toğrul İSMAYIL,
Musavat.com