İsrail prezidentinin ləğv olunan səfəri - Hersoq Bakıya alternativ yolla niyə gəlmədi...

Yəhudi liderin ölkəmizə gələ bilməməsinə səbəb kimi Türkiyənin hava məkanını bağlaması göstərilir; mütəxəssislər isə fərqli ehtimalları istisna etmirlər 

İsrail prezidenti İsaak Hersoqun COP29-da iştirak üçün Azərbaycana gəlməməsinin səbəbi haqda Qafqazinfo.az xəbər yayıb ki, bəzi xarici medianın qeyd etdiyi kimi, bu, heç də təhlükəsizlik məsələsi deyilmiş. 

Heç şişirtmədən demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan prezident İsaak Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmilərinin Azərbaycana gəlməsi də təsdiq edir. Hətta ölkənin baş naziri Benyamin Netanyahu da 2016-cı ildə Azərbaycana birgünlük səfərə gəlmişdi. Hazırda Bakıda baş tutan COP29-la əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin ölkəyə gəlməsi kontekstində də ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Caliber.az-ın məlumatına görə, İsaak Hersoqun Azərbaycana gəlməməsinin səbəbi tamam başqa müstəvidədir. Belə ki, buna səbəb Türkiyənin İsrail prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoymasıdır. Dünyanın ən böyük tədbiri olan COP-un məhz Azərbaycana həvalə edilməsi Türkiyədə də böyük məmnunluqla qarşılanmışdı və Azərbaycan qardaş ölkənin bu tədbirin iştirakçılarının ölkəmizə səfərinə hər hansı maneə yarada biləcəyini zənn etmirdi. 

Bu baxımdan, İsrail prezidentinin təyyarəsinə hava məkanının verilməməsi Bakıda təəccüblə qarşılanıb. Ən azından ona görə ki, BMT-nin bu səviyyəli tədbirləri bütün ölkələr üçün açıq olur. Məsələn, BMT Baş Assambleyasının sessiyaları zamanı ABŞ hətta İran, Venesuela kimi ölkələrin liderlərinin də ABŞ-a səfəri və tədbirdə iştirakına bütün şəraiti yaradır, halbuki bu ölkələrə qarşı ən sərt sanksiyalar tətbiq edib. Azərbaycanın 30 il ərazilərini işğal altında saxlayan və hələ də sülh sazişini imzalamaqdan yayınan Ermənistanı tədbirə dəvət etməsi də bu təcrübə və ənənədən irəli gəlirdi. Odur ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iştirakçıları üçün digər dövlət, xüsusilə qardaş Türkiyə tərəfindən maneə yaradılması Bakıda təəssüf doğurub. 

Məlumata görə, İsrail problemin həlli üçün Azərbaycana müraciət edib, hətta prezident Hersoq Azərbaycan prezidenti İlham Əliyevə zəng də edib. Amma Azərbaycanın Türkiyə ilə məsləhətləşmə və müzakirələri nəticə verməyib. Baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən də təəccüb və təəssüf hissi ilə qarşılanmaya bilməz. Son vaxtlar Türkiyənin Ermənistanla gizli görüşlərinin intensivliyinin artması, indi də Azərbaycanın ən yüksək səviyyədə təşkil etdiyi COP29-da İsrail prezidentinin iştirakına imkan verilməməsi suallar yaradır. Yada salaq ki, İsaak Hersoq 2022-ci ilin martında Türkiyədə rəsmi səfərdə olub. Lakin Qəzza hadisələri, Yaxın Şərqdəki münaqişələr Ankara-Tel-Əviv arasında yenidən düşmənçiliyi dərinləşdirib. 

Təbii ki, biri bizə qardaş, biri dost olan ölkələr arasında münasibətlərin bu dərəcədə gərginləşməsi arzuolunan deyil. Azərbaycan heç zaman istəməz ki, dostları və qardaşları arasında soyuqluq yaransın. Elə bunun yaşatdığı zərərlərdən biridir ki, yəhudi prezident COP29-da iştiraka edə bilməyib. Azərbaycan isə Türkiyə ilə müttəfiqdir, İsraillə yaxın tərəfdaşdır, bütün platformalarda bu faktorları nəzərə alır. Ona görə yaranmış problemdən bizim əziyyət çəkdiyimiz göz önündədir. Bəs İsrail prezidenti başqa marşrutla Azərbaycana gələ bilməzdimi? Hərçənd iki yol var - Türkiyə və İran. Hər ikisi də bəllidir. Ancaq Hersoq Gürcüstana uça, oradan Bakıya gələ bilərdimi? Belə bir marşrut qrafiki mümkün sayılırmı? Ya da elə bəlkə də medianın yazdığı kimi deyil, səbəb tamamilə fərqlidir? 

Qabil Hüseynli: “Amerikalılar öz talelərini kimə həvalə etdikərinin  fərqində deyillər” | KONKRET

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, rəsmi açıqlama verilmədiyi üçün medianın göstərdiyi səbəb haqda əminliklə danışmaq tezdir. Onun sözlərinə görə, nə rəsmi Bakı, nə Ankara, nə Tel-Əviv iddiaları təsdiqləyib. Q.Hüseynli bildirdi ki, tərəflərə bu hadisəyə rəsmi münasibət bildirməyəcəklər, lakin səbəb Türkiyənin hava məkanını bağlamasıdırsa, böyük məyusluq doğuran haldır: “Biz qardaş dövlətin fələstinlilər barədə mövqeyini və siyasətini anlayışla qəbul edirik. Azərbaycan da Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və axan qanların durdurulmasına çağırır. Amma ev sahibliyi etdiyimiz konfransa gəlmək istəyən bir dövlətin prezidentinin səfərinə stop qoyulursa, embarqo tətbiq olunursa, şübhəsiz ki, xoşagəlməz haldır. İnanmaq istəmirəm ki, qardaş ölkə bu addımı atıb. Zənnimcə, başqa səbəblər də ola bilər. Düşünmürəm ki, tək səbəb hava məkanıdır. Fərqli ehtimallar da irəli sürülməsi mümkündür”.

Professorun sözlərinə görə, İran da Pezeşkian səviyyəsində təmsil olunmamaqla İsrail amilini göstərməyə çalışırdı: “Görünür, tərəflər üz-üzə gəlmək ehtimallarını nəzərə alıblar. Hərçənd biz baş verənlərdən narahat olmalı deyilik. Söhbət BMT-yə aid konfransdan gedir və gələn il də başqa yerdə keçiriləcək. Bir sözlə, ekoloji mövzuya aid konfransa gələn və gəlməyənlərə siyasi aspektdən qiymət verməklə məsələni son dərəcə çətinləşdirmiş oluruq. Ümumilikdə, konfrans yüksək səviyyədə keçirildi. 198 tərəfə dəvət göndərilmişdi, səhv etmirəmsə, 194 ölkə iştirak etdi. Burada prezidentlər, vitse-prezidentlər, baş nazirlər səviyyəsində iştirak oldu, iki gün liderlər sammiti keçirildi, mühüm bəyanatlar səsləndi, müzakirələr aparıldı. Britaniyanın baş naziri və Avropa İttifaqı Şurasının prezidentinin konfransa gəlişi xüsusi əhəmiyyətə malik idi. Biz Avropa, Asiya, Afrika, Amerika və Avstraliya qitələrini Bakıda birləşdirə bildik”.

Etibar Əliyev kimdir? -TƏHLİL » Aztehsil.com

Etibar Əliyev

Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev isə bu hadisəni belə dəyərləndirib: “Türkiyədən maneə yaradılması təəssüf doğurur. Mətbuatdan oxudum ki, İsrail tərəfi problemin həlli üçün Azərbaycana müraciət edib. Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar nəticə verməyib. Azərbaycan COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edir və orada bütün tərəflərin iştirakına şərait yaradır, lakin İsrail prezidentinin səfəri ətrafında vəziyyət ölkəmizdən asılı olmayan səbəblərdən yaranıb”. 

E.Əliyev deyir ki, qardaş Türkiyənin “əsəbi dövlətə” çevrilməsini istəməzdi: “Böyük türk xalqına döyüşkənliklə yanaşı, həm də tolerantlıq da yaraşır. "Əsəbi dövlət" anlayışı professor Uilyam Devisə məxsusdur. Dövlətlərarası münasibətlərdə hər zaman yaxın və keçmiş tarixə istinad olunur. Almaniyada 1933-cü ildə hitlerçi nasistlər hakimiyyətə gələndən sonra bir çox yəhudi alimləri alman ali məktəblərindən qovuldu. Bu dövrdən başlayaraq yəhudi alimləri Almaniyanı tərk edirdilər. Həmin dövrdə Atatürkün xüsusi göstərişi və proqramı əsasında Almaniyadan köçən yəhudi alimlər yüksək maaşla (hətta hər alimi maaşla təmin edilən tərcüməçi müşayiət olunmaq şərtilə) Türkiyəyə dəvət olundu. İstədikləri zaman onlara Türkiyə vətəndaşlığı verilməsi problemsiz həll edilirdi. Nəticədə, ilk növbədə İstanbul Universitetində bir çox elmlərin kafedraları və fakültələri yaradıldı, elm sahələrinin əsası qoyuldu, təhsildə rüşvətxorluq tamamilə yığışdırıldı". 

E.Əliyevə görə, tarixdən hər zaman örnək götürülür: “Atatürkün atdığı addım dostluq münasibətləri üçün böyük bir cığır açdı. Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar UNEC-in qonağı olanda onu Nobelə aparan yolda İstanbul Universitetinə təşrif buyurmuş yəhudi alimlərin əməyini xüsusi olaraq dəyərləndirmişdi. Dostluq və qardaşlıq substansional olmalıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

19.11.2024 10:10
712