İsrail polisi ilə erməni ruhaniləri arasında toqquşma -QALMAQAL BÖYÜYÜR

Qüds Erməni Patriarxlığı İsrail polisinin erməni məhəlləsində yerləşən “Koveru Partez”də (“İnək bağı”) hərəkətlərini pisləyib və onları qanunsuz adlandırıb.

Musavat.com konkret.az-a xəbər verir ki, çərşənbə günü səhər saatlarında israillilər Qüdsdəki “Koveru Partez” ərazisinə soxulub. Orada quraşdırılmış maneələr polisin dəstəyi ilə aradan qaldırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə erməni fəallar, eləcə də erməni ruhanilərinin nümayəndələri arasında toqquşma baş verib.

Patriarxlığın bəyanatında qeyd olunur ki, bir qrup polis məmuru kahinləri və yerli xalqların nümayəndələrini evdən çıxarmaq, əmlakı məhv etmək və fiziki cəhətdən məhv etmək istəyir.

Erməni Patriarxlığı diqqəti ona yönəldib ki, gələn polisin ərazilərdə əməliyyat keçirməyə məhkəmə icazəsi olmayıb.

Qüds Erməni Patriarxlığı bütün dünyadakı xristianları dinc erməni xristian icmasına qarşı davamlı hücumlara diqqət yetirməyə çağırıb.

Xatırladaq ki, 2021-ci ilin iyulunda Qüds Erməni Patriarxlığı Rubinşteynin Xana şirkəti ilə Erməni məhəlləsində, “Koveru Partez” (“İnək bağı”) ərazisində lüks otel tikmək hüququ verən müqavilə imzalamışdı. Patriarxlıq erməni icmasının, eləcə də Fələstin muxtariyyətinin hakimiyyət orqanlarının etirazlarından sonra müqaviləni ləğv edib.

Bunun ardınca erməni icmasına qarşı hücumlar başlayıb, sonuncu hücum 2023-cü il dekabrın 28-də baş verib, 30-a yaxın silahlı şəxs əraziyə hücum edərək bir neçə erməni fəalı, o cümlədən bir keşiş və seminariya tələbələrini yaralayıb.

04.04.2024 10:40
973