İsrail ordusu Livanda "Hizbullah", Qəzzada Həmas komandirlərini məhv etdi

İsrail Müdafiə Qüvvələri (IDF) Livanda "Hizbullah" təşkilatının iki komandanını zərərsizləşdirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, ordunun məlumatına əsasən, hava zərbələri nəticəsində təşkilatın bölmə komandiri Faruq Amin Alaşi və elit "Rədvan" bölməsinin rota komandiri Yusif Əhməd Nun məhv edilib. Onların İsrailin şimalına, xüsusilə Metula şəhərinə raket hücumları və İsrail ordusuna edilən hücumlara görə məsuliyyət daşıdığı bildirilib.

Eyni zamanda İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında keçirdiyi hava əməliyyatlarında HƏMAS-ın "Nuxba" xüsusi bölməsinin rəhbərinin köməkçisi İbrahim Mahmud Akdəh məhv edilib. Onun 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna edilən hücumda iştirak etdiyi qeyd olunur. Əlavə olaraq, Qəzza zolağında HƏMAS-a aid silah anbarları məhv edilib və onlarla döyüşçü zərərsizləşdirilib.

03.11.2024 10:48
224