İsrail müdafiə nazirinin Vaşinqtona səfəri ertələnib

İsrail ABŞ-ni yəhudi dövlətinin müdafiə naziri Yoav Qalantın Vaşinqtona səfərinin ertələnməsi barədə bilgiləndirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi müavini Sabrina Sinq jurnalistlər üçün mütəmadi brifinqdə deyib.

“Bizə indicə məlumat verilib ki, nazir Qalant Vaşinqtona səfərini təxirə salacaq”, – o bildirib və Pentaqon rəhbəri Lloyd Ostinin tezliklə onunla görüş keçirməyi planlaşdırdığını qeyd edib.

Səfərin ertələnməsinin İranın zərbəsinə cavab vermək imkanı ilə bağlı iki dövlət arasında danışıqların gedişinə təsir edib-etməyəcəyi sualına cavab olaraq Sinq İsrail əməliyyatlarını şərh etmək niyyətində olmadığını deyib və ABŞ ilə İsrailin bu məsələdə əlaqədə qaldığını təsdiqləyib.

Pentaqonun mətbuat katibi müavini səfərin təxirə salınmasının səbəbinə aydınlıq gətirməyib.

Qeyd edək ki, müdafiə nazirlərinin Pentaqonda görüşü oktyabrın 9-da nəzərdə tutulmuşdu. Tərəflər Yaxın Şərqdə təhlükəsizlik sahəsində vəziyyəti müzakirə etməyi planlaşdırırdılar.

09.10.2024 04:04
274