İsrail mediası HƏMAS liderlərinin Türkiyəyə köçdüyünü yazır

Fələstinin HƏMAS qruplaşmasının xaricdəki rəhbərliyinin yüksək mənsəbli üzvləri keçən həftə Qətəri tərk edərək Türkiyəyə gediblər.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” adı açıqlanmayan ərəb diplomatına istinadla məlumat yayıb.

Doha bundan əvvəl Qəzza zolağında müharibəyə son qoymaq üçün vasitəçilik səylərindən imtina etmişdi.

“Adının açıqlanmasını istəməyən ərəb diplomatı bu addımın terror qruplaşması üçün əhəmiyyətini azaldıb və vurğulayıb ki, HƏMAS-ın xaricdəki rəhbərliyi onsuz da Qətərdə görüşlər keçirməyəndə vaxtının çox hissəsini Türkiyədə keçirir”, - məlumatda deyilir.

Noyabrın 8-də Birləşmiş Ştatlar Qətərdən HƏMAS rəsmilərini 2012-ci ildən sığındıqları Dohadan qovmağı xahiş etdiyini bildirib. Bu, HƏMAS-ın girovlarla bağlı təkrar təklifləri rədd etməsindən sonra baş verib.

“The Times of Israel” yazır ki, HƏMAS-ın diaspor liderlərinin çoxunun ailələri Türkiyədə yaşayır, indi Ankara rəsmi olaraq HƏMAS üzvlərinə ev sahibliyi edərsə, bu, Türkiyə rəsmiləri ilə ABŞ prezidenti Co Baydenin administrasiyası arasında gərginlik yarada bilər.

Musavat.com

18.11.2024 15:01
247