İsrail Livanın keçmiş baş nazirinin qatilini vurdu

Livanın keçmiş baş nazirinin qətlindən məsul olan Hizbullah komandiri Səlim Cəmil Ayyaş İsrailin hava hücumu nəticəsində öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

Əl-Ərəbiyyə telekanalı bildirir ki, Cəmil Ayyaş Hizbullahın əsas bazası sayılan Əl-Quseyr şəhəri yaxınlığında öldürülüb. ABŞ Dövlət Departamentinin məlumatına görə, başına 10 milyon dollar mükafat qoyulan Ayyaş Hizbullahın 151-ci bölməsinin yüksək vəzifəli üzvü olub.

2020-ci ildə Ayyaş beynəlxalq tribunal tərəfindən 2005-ci ildə Beyrutda Livanın keçmiş baş naziri Rafik Həririnin qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmişdi. Hizbullahın o zamankı lideri Həsən Nəsrullah Ayyaşı və nəticədə bəraət qazanan digər üç müttəhimlə birlikdə səlahiyyətlilərə təhvil verməkdən imtina etmişdi.

 

Şahanə Rəhimli
Musavat.com

11.11.2024 00:58
410