İsrail-Livan savaşı başlayır? - ölkələr vətəndaşlarını buranı tərk etməyə çağırır

Əgər diplomatik təşəbbüslər intensivləşməsə, bu savaş bölgədə onsuz da mürəkkəb olan durumu dalana aparar

İsrail-İran savaşı arxa plana keçib. Hələlik bu gözlənilmir. Gələn məlumatlar, müşahidələr onu deməyə əsas verir ki, müharibə Livanla İsrail arasında başlaya bilər. Artıq bir neçə ölkə vətəndaşlarına Livanı təcili tərk etmək barədə xəbərdarlıq edib.

Son olaraq Çin öz vətəndaşlarına Livanı mümkün qədər tez tərk etmələrinə dair bəyanat verib.

Çinin Beyrutdakı səfirliyi Livandakı, xüsusən də ölkənin cənubundakı “mürəkkəb təhlükəsizlik vəziyyətini” əsas gətirərək, öz vətəndaşlarını “kommersiya uçuşları hələ də mövcud olduğu halda” mümkün qədər tez ölkəni tərk etməyə çağırıb. (APA)

Qeyd edək ki, müxtəlif ölkələr Livandakı vətəndaşlarını son həftələrdə İsraillə sərhəddə gərginliyin artması ilə əlaqədar təxliyə etməyə çağırıb.

Livan yaxın günlərdə vurulacaqmı? Cavabı nə ola bilər?

Diaspora.tv - Soydaşlarımız Azərbaycanda əlavə xərclərlə yüklənməməlidirlər  - Əli Orucov

 Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov İsrailin müharibədən son ana qədər yayınacağını düşünür: “Livanla İsrail arasında həmişə gərgin münasibətlər olub. Bu gərginlik 2006-ci ildə müharibəyə səbəb olmuş, hər iki tərəfdən tələfatla nəticələnmişdi. BMT-nin silahlı toqquşmaya müdaxiləsindən sonra tərəflər arasında atəşkəs əldə olunmuşdu. Lakin Livanda fəaliyyət göstərən Hizbullah hərəkatı zaman-zaman İsrailə problemlər yaratmış, raket zərbələri endirmişdi. HƏMAS-ın ötən ilin oktyabrında İsrailə hücumu  ilə başlanan müharibədən sonra Hizbullah qruplaşması yenidən fəallaşaraq İsrailə qarşı hava hücumunu həyata keçirməkdədir. Təbii ki, bu hücumlara İsrail cavab verir. Bu qarşılıqlı hücumlar lokal xarakterli olsa da, bunun genişmiqyaslı hərbi əməliyyatlara keçmə risqi hər keçən gün artır. Qeyd edək ki, Hizbullah silahlı qruplaşması Livanda xeyli nüfuza və tərəfdara malikdir. Qruplaşma İrandan maliyyə və hərbi dəstək alır. Bu da həmin hərəkatın Tehran rejiminin təsiri altına düşməsinə səbəb olub. HƏMAS lideri Haniyənin Tehranda öldürülməsi və İsrail silahlı qüvvələri tərəfindən Hizbullahın komadirinin qətlə yetirilməsi İsrail-Livan arasında müharibə vəziyyəti yaradıb. Hizbullahçılar İsrailə amansız qisas vəd ediblər. Görünür, bir sıra dövlətlər öz vətəndaşlarını Livandan çıxarmağa çağırış etmələri təhlükəsinin böyüklüyündən, hər an müharibənin başlama ehtimalından qaynaqlanır. Livanda İsrailə qarşı qatı nifrət və düşmənçilik əhval-ruhiyyəsi hakimdir. Bir qığılcım yetər ki, regionda yeni bir müharibə alovlansın. Onsuz da İsrail Livana, Hizbullaha hava hücumları həyata keçirir. Hərbi obyektlərini raket zərbələri ilə məhv edir. Qarşılıqlı hücumlar davam edərkən, İranın da qızışdırıcı mövqeyi gərginliyi daha da artırır. Hesab edirəm ki, əgər diplomatik təşəbbüslər və cəhdlər intensivləşməsə İsrail-Livan müharibəsi başlaya bilər ki, bu da bölgədə onsuz da mürəkkəb olan durumu dalana aparar. Məncə, Tehranın məqsədi Hizbullahın vasitəsi ilə İsraili cəzalandırmaq, regiondakı prosesləri öz xeyrinə dəyişməkdir. Çünki HƏMAS -İsrail müharibəsində ”pay" ala bilmədi. Danışıqlar masasında yer verilmədi. Haniyənin öldürülməsi isə onun nüfuzuna ciddi zərbə vurdu.  Düşünürəm ki, İsrailin indiki durumu digər dövlətlərlə eyni anda müharibə aparmağa tam uyğun olmasa da, Hizbullahın hücumlarını da cavabsız qoymayacağı yəqindir. İsrailə müharibənin dayandırılması ilə bağlı Qərbin təzyiqləri də artmaqdadır. Fikrimcə, Livandan təhlükələr gəlməyincə İsrail müharibədən maksimum qaçmağa çalışacaq".

Bundan sonra beynəlxalq və milli gündəmin təşkilində xarici qüvvələr  deyil,məhz Azərbaycan özü rol alacaq - RƏY - AZƏRTAC

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə qeyd etdi ki, İsrail-Livan müharibəsi həm də Fələstindəki, Qəzzadakı müharibənin son mərhələsi olacaq: “31 iyulda HƏMAS lideri Haniyənin öldürülməsindən sonra yaşanan İsrail-İran gərginliyi fonunda hər kəs bu iki ölkə arasında müharibənin başlayacağını, İranın müharibə hazırlıqları apardığını təxmin edərkən hücum istiqaməti İsraildən şərqə deyil, şimala yönəlməkdədir. Bunun isə əsas səbəbi İranın qisas üçün birbaşa deyil, dolayı yolla, öz proksi qüvvələri vasitəsilə İsrailə hücum etməkdə olduğudur. Bilirik ki, 4-5 gün öncə Livan ərazisindən İsrailə raket zərbələri endirilib və bu zərbələrin böyük qismi ”Dəmir Qübbə" tərəfindən məhv edilsə də, bir qismi yaşayış məntəqəsi ərazisində itki və dağıntılara səbəb olub. Hücumdan az öncə Livan Hizbullahı fələstinlilərə görə İsrailə qarşı bütün tədbirlərə dəstək verəcəyini bəyan etmişdi. Hizbullah İrana bağlı qüvvə olsa da, aydındır ki, belə vəziyyətdə İsrail İrana deyil, Livana cavab zərbələri endirəcəkdi. Bundan başqa, qeyd etmək yerinə düşər ki, Livan Hizbullahı hücumu İsrailin daha öncəki hücumlarına cavab olaraq etdiyini bəyan edib. Onu da vurğulamaq lazımdır ki, İsrail-Livan qarşıdurması İsrailin yarandığı gündən bəri davam edir və mütəmadi atışmalarla, münaqişənin müxtəlif illərdə qızışması ilə müşayiət olunur. Məsələn, 1980-ci illərdə Livan vətəndaş müharibəsi dövründə iki ölkə arasında münaqişə pik həddə çatmış, 1981-ci ildə Livanın cənubu (Qolan yüksəklikləri) İsrail tərəfindən ilhaq olunmuşdur. 2006-cı ildə II Livan müharibəsində 1 ay çəkən müharibədən sonra atəşkəs sazişi imzalanmışdısa da, yenə də tam olaraq bölgə sakitləşməyib. 2024-cü ildən bəri isə Livan-İsrail arasında vəziyyət Fələstindəki vəziyyətlə əlaqədar olaraq yenə gərginləşib. Hətta 26 iyundan bəri bəzi dövlətlər müharibə təhlükəsi ilə əlaqədar öz vətəndaşlarına Livanı tərk etməklə bağlı çağırışlar edirlər. Ən son hücumdan az öncə ABŞ prezidenti Co Bayden İsrail Baş naziri Netanyahuya təcili olaraq yeni atəşkəs sazişi imzalamağı məsləhət görmüşdü. Lakin görünən o ki, münaqişə yenidən qızışma mərhələsindədir və dövlətlərin öz vətəndaşlarına artan çağırışları müharibənin aktiv fazaya keçid edəcəyinə işarədir. Qərbin əksər beyin mərkəzləri və düşüncə quruluşları yeni müharibənin sadəcə Livan üçün deyil, həm də İsrailin özü üçün dağıdıcı və çox təhlükəli olacağını düşünür, bunun ABŞ-ın birbaşa hərbi müdaxiləsini tələb edən regional müharibəyə keçid edəcəyini təxmin edir və buna görə müharibədən yayınmağın, təcili atəşkəsin razılaşdırılmasının əhəmiyyətli olduğunu vurğulayırlar. Çünki Livan Hizbullahının rəsmiləri müharibə genişlənərsə Kiprdəki hərbi bazanın da vurulacağını bəyan ediblər. Bu isə təbii olaraq müharibənin bölgəyə sıçrayacağı anlamına gəlir. Türkiyənin  bu savaşın harasında yer alacağı, Azərbaycanın Türkiyə ilə qardaş, İsrail ilə tərəfdaş, eyni zamanda Türk və İslam dünyasının bir parçası, Fələstinlə bağlı bəlli mövqeyi olduğuna görə müəyyən suallar doğur. Təbii ki, arzuolunan ssenari regional və ya lokal müharibə olmadan atəşkəsin razılaşdırılmasıdır. Lakin nəticəni anlamaq üçün səbəbə köklənmək lazım olduğu kimi, hər şey ilk öncə ötən ilin 7 oktyabrından bəri Qəzzada 40 mindən çox fələstinlinin öldürüldüyü, 2 mindən çox isə israillinin həlak olduğu müharibənin ədalətli şərtlərlə sonlandırılması ilə birbaşa bağlantılıdır. Çünki İsrail-Livan müharibəsi həm də Fələstindəki, Qəzzadakı müharibənin son mərhələsi olacaq və bu, Yaxın Şərqdə yeni status-kvonun yaranması ilə nəticələnəcəkdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

24.08.2024 09:10
375